Azərbaycanın beynəlxalq birliyə inteqrasiyası ölkəmizi söz sahibinə çevirib

İstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici siyasətində yeni mərhələyə start verdi. Əsası Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan şaxələndirilmiş xarici siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Uzaq Şərqdən tutmuş yaxın qonşulara qədər bütün dövlətlərlə ikitərəfli, bərabərhüquqlu münasibətdə bulunmaqdadır. Elə bu siyasət Azərbaycanın beynəlxalq təşkilatlara və xarici dövlətlərə inteqrasiyasını təmin etməkdədir. İlkin olaraq qeyd edək ki, Azərbaycanın beynəlxalq təşkilatlara inteqrasiyası ən yüksək səviyyədədir. Belə ki, Azərbaycanla Avropa Şurası (AŞ) arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu  qənaətbəxş hesab olunur. Əməkdaşlığın inkişaf prespektivləri isə kifayət qədrdir. Bu günlərdə isə AŞ-la Azərbaycan arasında yeni Fəaliyyət Planı təsdiq edilib. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Avropa Şurası ilə 21 ildir ki, əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində 65 müqavilə imzalanaraq ratifikasiya edilib, əlavə olaraq 7 müqavilə imzalanıb. AŞ-Azərbaycan arasında Fəaliyyət Planları çərçivəsində qarşılılıq əməkdaşlığın əhəmiyyəti, habelə Azərbaycanın ehtiyacları və AŞ-nın tövsiyələri əsasında işlənib hazırlanan və ümumi əməkdaşlıq çərçivəsini təşkil edəcək yeni, 2022-2025-ci illər üzrə Fəaliyyət Planı hazırlanıb. Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin AŞ-Azərbaycan 2022-2025 Fəaliyyət Planının təsis görüşündə iştirak edib.

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında da müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri arasında yeganə ölkədir ki, Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sazişə malikdir. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş qarşılıqlı faydalı və bərabərhüquqlu formatda işlənib hazırlanır. Sazişin çox yaxın zamanda tamamlanması gözlənilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə ünvanladığı təbrik məktubunda qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsinə xidmət edən humanitar layihələrə Avropa İttifaqının dəstək vermək niyyətini təqdir edirik. Azərbaycan və Avropa İttifaqı arasında enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə fəal dialoq mövcuddur. Azərbaycan və Avropa İttifaqı arasında xüsusilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır və bu ilin fevral ayında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VIII toplantısı enerji sahəsində gələcək birgə fəaliyyətimiz üçün yeni imkanlar açmışdır. Məktubda Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Ötən il Sizin Azərbaycana səfəriniz əsnasında apardığımız müzakirələri, Brüsseldə keçirdiyimiz görüşü məmnuniyyətlə xatırlayıram. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması və nəqliyyat-kommunikasiya bağlantılarının qurulması prosesinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm. İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsinə xidmət edən humanitar layihələrə Avropa İttifaqının dəstək vermək niyyətini təqdir edirik. Azərbaycan və Avropa İttifaqı arasında enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə fəal dialoq mövcuddur". Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında xüsusilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır və bu ilin fevral ayında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VIII toplantısı enerji sahəsində gələcək birgə fəaliyyətimiz üçün yeni imkanlar açmışdır: "Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar tezliklə başa çatdırılacaq və bu mühüm sənədin imzalanması ilə əməkdaşlığımız keyfiyyətcə daha yeni mərhələyə qədəm qoyacaqdır. İnanıram ki, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik".

Azərbaycan 30 ilə yaxındır ki,  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) ilə əməkdaşlıqda bulunmaqdadır. Hazırda Ali Komissarlığın ölkəmizin azad olunmuş ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılığın əldə edildiyi bildirilir. Xarici İşlər Nazirliyindən bildirilib ki, Azərbaycan tərəfi və BMTQAK arasında aparılmış müzakirələr nəticəsində BMTQAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib. Ümumiyyətlə Azərbaycan humanitar missiyaların həyata keçirilməsi ilə bağlı beynəlxalq hüquq prinsiplərini, xüsusilə də dövlət suverenliyi prinsipini rəhbər tutaraq beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır: "Bu xüsusda, BMTQAK missiyasının azad olunmuş ərazilərimizə həyata keçirilməsi ilə bağlı təşkilatdan konkret məlumatın təqdim edilməsini gözləyirik. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında BMTQAK missiyasını qəbul etməyə hazırdır".

Azərbaycan ayrı-ayrı dövlətlərlə də ikitərəfli, bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Bu günlərdə Brüsseldə Azərbaycan və Belçika Krallığı arasında növbəti siyasi məsləhətləşmələrin keçirilməsi bunun bariz nümunəsidir. Siyasi məsləhətləşmələr zamanı Azərbaycan ilə Belçika arasında əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib, əməkdaşlıq üçün bütün sahələrdə geniş potensialın mövcud olduğu bildirilib və bunun inkişaf etdirilməsi üçün qarşılıqlı maraq ifadə olunub. Baş direktor J. Koreman Azərbaycan ilə Belçika arasında siyasi münasibətlərin yaxşı səviyyədə olması, hökumətlər və parlamentlər səviyyəsində əlaqələrin mövcud olduğunu və səmərəli dialoqu davam etdirmək əzmində olduğunu vurğulayıb. Məsləhətləşmələr zamanı bu il Azərbaycan ilə Belçika arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı bildirilib.

Onu da qeyd edək ki, bu günlərdə Azərbaycan və Rusiya diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edilib. Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyənatda qeyd edilir ki, Rusiya və Azərbaycan 2024-cü ilə qədər olan dövr üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını fəal şəkildə həyata keçirir: "Ali və yüksək səviyyədə intensiv siyasi dialoq davam etdirilir. Mövcud müqavilə-hüquqi baza 150-dən çox dövlətlərarası və hökumətlərarası sazişi əhatə edir. Bu, ticari-iqtisadi, hərbi-texniki, parlamentlərarası, mədəni-humanitar və regional əlaqələrin dayanıqlı inkişafını təmin edir". Rusiya XİN vurğulayıb ki, Cənubi Qafqazda regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılır. Nazirlikdən bildirilib ki, 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli sazişlərin icrasına sadiqlik regionda uzunmüddətli sülh, sabitlik və firavanlığın təmin olunması üçün nəzərdə tutulmuş qeyd-şərtsiz amil olaraq qalır. Bəyanatda qeyd olunur ki, Rusiya ilə Azərbaycanın diplomatik münasibətlərinin 30 illiyini yeni keyfiyyətdə qeyd etməsi çox rəmzi ifadə daşıyır. Rusiya XİN vurğulayıb ki, bu il fevralın 22-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti barədə Bəyannamə imzalanıb. Bu sənədin müddəaları gələcəyə yönəlib. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanladığı təbrik məktubunda qeyd olunub ki, ötən 30 il ərzində xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı hörmət və etimad, bir-birinin mənafelərinin nəzərə alınması prinsipləri əsasında strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda uğurla inkişaf edib və möhkəmlənib: "Bu gün fəal siyasi dialoq, ticari-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıqla səciyyəvi olan dövlətlərarası əlaqələrimiz böyük məmnunluq doğurur. Qarşılıqlı ticarətin və investisiyaların davamlı artımı, sanballı müqavilə-hüquq bazası, müxtəlif sahələrdə birgə layihələrin və təşəbbüslərin səmərəli reallaşdırılması ikitərəfli münasibətlərin dinamik inkişafına parlaq sübutdur. Xüsusilə sevindirici haldır ki, diplomatik münasibətlərin qurulmasının budəfəki yubiley ili Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə eyni vaxta düşüb. Bu mühüm sənəddə 30 illik dövrdə dövlətlərimiz arasında münasibətlərin keyfiyyətcə yeni, ən yüksək səviyyəyə çatması təsbit olunub. Şübhəsiz, ali və yüksək səviyyədə müntəzəm əlaqələr, qarşılıqlı səfərlər və görüşlər də Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişaf dinamikasına və birgə fəaliyyətin dərinləşməsinə müsbət təsir göstərir".

Azərbaycanla Çin arasında da dostluq və əməkdaşlıq münasibətləri ənənəvi xarakter daşıyır. Azərbaycan-Çin münasibətləri 30 il ərzində inkişafın sağlam və sabit dinamikasını saxlayır, siyasi qarşılıqlı etimad davamlı surətdə dərinləşir və bütün sahələrdə əməkdaşlıq fəal şəkildə irəliləyir, hər iki ölkə regional və beynəlxalq səviyyələrdə sıx qarşılıqlı fəaliyyət göstərir. Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda qeyd edilir ki, COVID-19 pandemiyasının yaranmasından sonra Çin və Azərbaycan bir-birinə kömək edir və bir-birini dəstəkləyir, çətinliklərin öhdəsindən gəlmək üçün səylərini birləşdirir ki, bu da bizim xalqlar arasında ənənəvi dostluğu nümayiş etdirir: "Mən ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm və Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bildirirəm ki, Çin-Azərbaycan münasibətlərində, ölkələrimizin və xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlıqda yeni uğurlara nail olmaq üçün Sizinlə birlikdə səy göstərməyə hazıram". Göründüyü kimi Azərbycan inteqrasiya etdiyi beynəlxalq təşkilatlar və xarici dövlətlər bir-birinə qarşılıqlı hörmətlə yanaşır, bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşırlar. Azərbaycanın dost dövlətlərlə münasibəti isə qarşılıqlı hörmətə, etimada, dostluğa əsaslanaraq xalqımızın mənafeyinə xidmət edir. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq birliyin layiqli üzvü olmaqla yanaşı, etibarlı tərəfdaş kimi tanınır.

Alim Hüseynli

Yazı Azərbaycan  Respublikasının  Media İnkişafı Agentliyinin maliyyə dəstəyi  ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31