Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə davamlı inkişafı və siyasi sabitliyi seçib

Bu günlərdə Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərindən 4 il keçir. 4 il əvvəl keçirilmiş seçkilərdə Azərbaycan xalqı doğru-düzgün seçim edərək ölkənin davamlı inkişafı, onun gələcəyinə səs vermiş oldu. 2018-ci il, aprel ayının 11-də baş tutan seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi, hazırkı dövlət başçısı İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə ölkənin bir nömrəli postuna seçildi. Ötən 4 il ərzində istər respublikamızda, istərsə də yerləşdiyimiz coğrafiya və ümumilikdə dünyada baş verən proseslər, eyni zamanda mənfi tendensiyalar, həmin tendensiyalardan ölkəmizin minimum ziyanla çıxması onu deməyə əsas verir ki, 2018-ci il, aprel ayının 11-də Azərbaycan xalqı, onun aktiv seçib-seçilmək hüququ olan təbəqəsi çox düzgün seçim edib. Elə Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov da bu fikirdədir. O bildirib ki, dörd il öncə keçirilmiş növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri cənab İlham Əliyev şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan xalqının iradəsini əks etdirən Prezident seçkilərinin nəticələrinə əsasən Azərbaycan xalqı görülən işlərə yüksək qiymət, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs verib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü baş tutan "exit-poll"lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşüb ki, bu da bir daha seçkilərin xalqın iradəsini əks etdirdiyini göstərib.

Ramil Vəlibəyov bildirib ki, cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, dövlətçiliyimizin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olublar. Bütün bunlar isə xalqın seçimini Prezident İlham Əliyevin xeyrinə müəyyən etmiş amillər olub.

"Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürü olub"- deyən Ramil Vəlibəyov əlavə edib ki, 2018-ci ildə keçirilmiş seçkilər bir daha radikalların Azərbaycanın siyasi səhnəsində yerinin olmadığını göstərib:

"Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərib. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş olub".

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, 2018-ci ildə Azərbaycan xalqı davamlı inkişafa və siyasi sabitliyə də səs verib: "Çünki ötən illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib, təmir edilib, bölgələrdə Olimpiya İdman Mərkəzləri yaradılıb. Eyni zamanda, Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirib. İqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf edib, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib, yol və nəqliyyat infrastrukturu sürətlə inkişaf edib. Bir sözlə, Prezident İlham Əliyevin idarəçilik dövrü milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü kimi tarixə düşüb. Bu dövr ərzində Prezident İlham Əliyev xalqı milli ideya ətrafında birləşdirib, Azərbaycançılıq məfkurəsi ölkəmizdə tam bərqərar olub. Məhz, xalqın etimadı və Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində də 2020-ci ildə Vətən müharibəsində 30 il işğal altında olmuş torpaqlarımız azad olunub".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31