Putin "müharibə cinayətkarı" kimi həbs edilə bilərmi? - Ekspertlərdən AÇIQLAMA
6 Aprel 2022 16:47 SiyasətABŞ Prezidenti Co Bayden bazar ertəsi Rusiya prezidenti Vladimir Putinin müharibə cinayətləri ittihamı ilə mühakimə olunmasına çağırıb və onu son günlər Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı Buça şəhərində rus qoşunları tərəfindən törədilən vəhşiliklərə görə qınayıb. Rusiya isə görüntülərin saxta olduğunu bəyan edib. Bir çox qərb liderlərinin Buçada ortaya çıxan görüntülərə "müharibə cinayəti" və "soyqırım" kimi istinad etməsi beynəlxalq məhkəmə qurumlarını gündəmə gətirib.
Maraqlıdır, Putin "müharibə cinayətlərinə" görə mühakimə oluna bilərmi?
Sfera.az bildirir ki, müharibə cinayətləri ilə bağlı işlərə ayrı-ayrı şəxslərin məsuliyyəti baxımından Beynəlxalq Cinayət Məhkəməsi (ICC), dövlətlərin məsuliyyəti baxımından isə Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) baxır. Dünya mediasında Putinin mühakiməsi istiqamətində müxtəlif fikirlər səsləndirilib. Belə ki, türkiyəli mütəxəssis, professor Adem Sözer qeyd edib ki, Rusiyanın işğal cəhdi BMT-nin məhkəmə orqanı olan ICJ-nin yurisdiksiyasındadır:
"Ukrayna Rusiyanın "Soyqırım Konvensiyasını" pozduğunu əsas gətirərək BMT-nin Beynəlxalq Ədliyyə Məhkəməsinə müraciət edib. Açılan iddiada BMT-nin Beynəlxalq Məhkəməsi Rusiyanın müharibəni dərhal dayandırması barədə qərar qəbul edib. Digər tərəfdən, Rusiya BMT Təhlükəsizlik Şurasında iştirak edir və veto hüququna malikdir. Ona görə də BMT Təhlükəsizlik Şurasının Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi mümkün deyil. Rusiya isə hərbi cinayətlər törədən hərbi və ya siyasi xadimlərini təqib edə və ya ICC -ə təhvil verə bilər. İndiki siyasi şəraitdə bu imkanların reallaşması qeyri-mümkün görünür. Nəticədə, Rusiya əməkdaşlıq etmədikcə, bu dövlətin əsgərlərini və ya siyasi məmurlarını Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə görə təqib etmək və cəzalandırmaq çox çətindir".
Professor deyib ki, Rusiyanın həm BMT-nin Ədalət Məhkəməsi, həm də Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən davamlı olaraq hərbi cinayətlərdə ittiham olunması həmin dövlət üçün böyük nüfuz itkisidir.
Ankara Vəkillər Kollegiyasının Qaçqınlar Şurasının sədri Ebru Beşe isə söyləyib ki, məhkəmənin, prokurorun cinayəti mühakimə etmə səlahiyyəti varsa, istənilən mənbədən gələn məlumat əsasında o, cinayətin hansı vəziyyətdə olduğu ilə bağlı araşdırmaya başlaya bilər: "Həmçinin Roma Əsasnaməsini ratifikasiya etmiş dövlətlər, BMT Təhlükəsizlik Şurası baş vermiş cinayətin araşdırılmasını prokurordan tələb edə bilər".
Sfera.az