31 mart - Azərbaycanlıların Soyqırımı Günü Bolqarıstan KİV-lərində geniş islandırılıb

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bolqarıstan mediasında silsilə məqalələr dərc olunub.

Dərc olunmuş məqalələrdə I Dünya müharibəsindən sonra Cənubi Qafqaz regionunda yaranmış geosiyasi vəziyyət fonunda azərbaycanlıların milli hüquqlar uğrunda mübarizəsinə bolşeviklər tərəfindən göstərilən müqavimət qeyd olunaraq Qafqazda özünə dövlət qurmağa çalışan erməni-daşnak qüvvələrinin 1918-ci ildə Bakı və Azərbaycanın regionlarında azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğınlar barədə bəhs olunmuşdur. Qırğınların həyata keçirilməsi zamanı mümkün müqavimətin qarşısının alınması üçün Bakı Soveti və Erməni Milli Şurası tərəfindən aparılmış hazırlıqlar təsvir edilir, soyqırım zamanı Bakıda 10-12 min, Şamaxıda 8 mindən çox, Qubada 36 mindən çox, İrəvan quberniyası və ətraf bölgələrdə 131 mindən çox insanın qətlə yetirildiyi, azərbaycanlıların tarixən yaşadıqları və mütləq əksəriyyət təşkil etdikləri Zəngəzur, İrəvan quberniyası və Qars əyalətində ümumilikdə təqribən 418 kəndin yerlə yeksan olunduğu bildirilir. Məqalələrdə qırğınlarda Stepan Şaumyan, Andranik Ozanyan, Qareqin Ter-Arutyunyan Nijde və digər ermənilərin qanlı fəaliyyəti barədə ətraflı bəhs edərək qırğınların azərbaycanlıların düşünülmüş və sistematik şəkildə, tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyini bildirir. Arxiv sənədlərə və qırğınların canlı şahidləri olmuş müxtəlif millətlərin nümayəndələrinin ifadələrinə istinad edilərək qətliyamın əvvəlcədən planlaşdırıldığı qeyd edilir və soyqırımın hansı vəhşiliklə törədildiyi təsvir edilir. Sonda XX əsrin sonlarında azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin təkrarən törədildiyi qeyd olunaraq 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ regionunda Xocalı şəhərinin əhalisinə qarşı Ermənistan tərəfindən həyata keçirilmiş ağır vəhşiliklər xatırladılır. Bununla yanaşı, məqalələrdə 44 günlük müharibə zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc sakinlərinin raket hücumlarına məruz qaldığı vurğulanır.

Eyni zamanda, Bolqarıstan KİV-lərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı bolqar dilinə tərcümə olunmuş bəyanatı, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərlərinin 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı bolqar dilinə tərcümə olunmuş müraciəti də yayımlanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31