Rusiyanın Ukrayna səhvi
31 Mart 2022 14:05 SiyasətBir aydan artıqdır ki, Rusiyanın Ukraynaya təcavüzü davam edir. Ukraynanı hava zərbələri ilə tamamilə darmadağın edən Rusiya da hələlik məqsədinə nail ola bilmir. Əksinə hər ötən gün Rusiyanın Ukraynadakı itkilərinin sayı artır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı son məlumatlara görə, Rusiya Ukraynaya hücum əməliyyatlarında 18 minə yaxın canlı qüvvə itirib. Rusiyanın üzlışdiyi itkiləri sırasına yüzlərlə hərbi texnika, döyüş təyyarəsi, tank və digər zirehli texnikaları da əlavə etsək, o zaman Kremlin Ukraynada çox böyük itkilərlə üzləşdiyini açıq şəkildə söyləyə bilərik. Elə bu səbəbdəndir ki, artıq Rusiya Ukraynaya hücum etməkdə tarixi səhvə yol verdiyini anlayır və Kiyevlə problemi danışıqlar masası arxasında həll etməkdə maraqlı olduğunu ortaya qoyur. Bunun bir səbəbi yuxarıda qeyd etdiyimiz kimi hərbi sahədə Ukraynada üzləşdiyi itkilərdirsə, digər səbəbi isə Rusiya iqtisadiyyatına belə demək mümkünsə atılmış nüvə bombasıdır. Rusiya Ukraynaya hücumun ilk günlərində nüvə silahından belə istifadənin mümkünlüyünü dünyaya car çəkdiyi halda, iqtisadiyyatı "nüvə zərbəsi"nə tuş gəldi. Dünyanın demək olar ki, mütləq əksəriyyətinin Rusiyaya tətbiq etdiyi sanksiyalar şimal qonşumuzu tamamilə çökdürüb.
Təkcə xarici şirkətlərin ölkəni tərk etməsi nəticəsində artıq 10 milyona yaxın iş yerinin bağlandığı deyilir. Bu da qeyd edilən rəqəmdən 2-3 qat insanın sosial durumunun ağırlaşması, ac qalması deməkdir. Digər tərəfdən Qərbdən, Avropadan Rusiyaya mal və məhsulların ixracı da dayanıb və bu da daxildə ərzaq, eləcə də digər məhsullara olan tələbatın çoxalması, qıtlığın yaranması deməkdir. Bunun üzərinə enerji, bank, neft sektorundan əldə edilən gəlirlərin də dəhşətli dərəcədə azalması və minimal səviyyəyə düşməsini əlavə etsək, o zaman Rusiyanın iqtisadi durumunun nə dərəcədə ağır olduğunu görə bilərik. Təsadüfi deyil ki, artıq bir müddətdir ki, sadə xalq kütlələri Putinin müharibə siyasətinə qarşı çıxır və Ukraynada hərbi əməliyyatların dayandırlmasını tələb edirlər. Əslində onları küçələrə çıxaran səbəb məhz yuxarıda qeyd etdiyimiz iqtisadi və sosial problemlərdir.
Eyni zamanda qeyd etdiyimiz kimi Rusiyanın hərbi qüdrətinin 1 ay ərzində Ukraynada yerlə bir olması da, Putin administrasiyasını ciddi şəkildə düşünməyə vadar edib. Ukraynaya qarşı müharibəyə başlayanda maksimum 4 sutkaya Ukraynanı məğlub edəcəklərinə iddalı olan rusiyalı rəsmilər indi özlərinin Ukraynada məğlub duruma düşdüklərinin fərqindədirlər. Ona görə də hazırda Kiyev qədər də Moskva problemin danışıqlar yolu ilə həllində maraqlı görünür. Rəsmi Ankaranın vasitəçiliyi ilə bu günlərdə İstanbulda baş tutan Rusiya-Ukrayna müzakirələrindən sonra Kremldən gələn nikbin açıqlamalar onu deməyə əsas verir ki, tezliklə Ukraynada müharibəyo son qoyulacaq. Ukrayna Prezidentinin Ofisinin "Putin və Zelenskinin görüşünə hazırlıq gedir" açıqlaması da artıq müzakirə masasında konkret mövzuların olduğundan xəbər verir. Bir sözlə Rusiya hazırda Ukrayna ilə danışıqlara, bu ölkəyə qarşı hərbi əməliyyatları dayandırmağa məhkumdur. Çünki müharibənin davam etdiyi hər ötən gün Rusiyanın imicinə, eyni zamanda iqtisadiyyatına sarsıdıcı zərbə vurur.
Rusiyanın hücumundan Ukraynanın da itirdikləri çox oldu. Bundan sonra 10 il belə lazımdır ki, Rusiyanın Ukraynaya vurduğu zərbəni aradan qaldırmaq mümkün olsun. Açıqlanan son rəqəmlərə görə, Ukraynanın bərpasına təxmini 500 milyard dollar lazım olacaq.
İndi Rusiyada, daha doğrusu Rusiya rəsmiləri arasında onu da anlayırlar ki, Qərb, Avropa, Birləşmiş Ştatlar Moskvanı Ukraynada tələyə saldılar. Bir növ Ukrayna Rusiya üçün ikinci Əfqanıstan oldu. Hər iki tərəfdən bir-birinə qarşı düşmən ab-havası yaratmağa nail olan Qərb Rusiyanın həm gücünü sınaqdan çıxarmaq, həm də onu zəiflətmək üçün Ukrayna ilə müharibə etməyə sürüklədi. İndi uçurum kənarında olan Rusiya Ukraynada nə irəli gedə bilir, çünki enerjisi tükənib, nə də geri çəkilməyə cürət etmir. Çünki geri çəkilməsi Rusiyanın dünyada biabır olması anlamı verəcək. Ona görə də ən yaxşı variant kimi Türkiyənin təklif etdiyi vasitəçiliyə "yaşıl işıq" yandıraraq Ukrayna ilə müzakirələrə hazır olduğunu sərgiləyir.
Məhəmməd