“Azərbaycanlılara qarşı törədilmiş erməni cinayətlərinə dair dünyada aparılan iş özünün məntiqi sonluğuna çatdırılmalıdır” - Aydın Quliyev

31 mart Azərbaycanlılara qarşı törədilmiş soyqırımla bağlı Olaylar.az-a müsahibə verən  "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, 1918-ci ilin 30-31 mart tarixlərində erməni silahlı dəstələrinin dinc, etnik azərbaycanlılara qarşı Bakıda, Qubada Şamaxıda, Lənkəranda və ölkəmizin digər yerlərində törətdikləri misilsiz və həddi-hüdudu olmayan, vəhşi genosid aktları tariximizin heç vaxt silinməyəcəyi səhifələrindən biridir. Bu hadisə ermənilərin etnik türklərə, eləcə də azərbaycanlılara qarşı   hansı dəhşətli planlara malik olduqlarının əsil nümayişi idi. Çünki, onlar bu genosid aktını həyata keçirməklə dünyaya bir daha nümayiş etdirdilər ki, onların ümumən türk dünyasına və Azərbaycan türklərinə qarşı xüsusilə dəhşətli niyyətləri və planları var . Bu planlar ümumən türk xalqlarının, o cümlədən də Azərbaycan xalqının yaşadığı bütün coğrafi ərazilərin azərbaycanlılardan təmizlənməsi və həmin ərazilərin yavaş-yavaş erməni milləti və  erməni şovinistləri tərəfindən zəbt edilməsi planlanlarına daxildir. 

"Təəssüflər olsun ki, biz hələlik 31 mart  azərbaycanlılara qarşı erməni soyqırım hadisələrinin dünya miqyasında genosid aktı kimi tanıdılmasına nail ola bilməmişik.  Doğrudur, Ermənistanın erməni lobbisini dünyada özlərini guya   1915-ci ildə məruz qaldıqları genosid aktını dünyada tanıtmaq üçün göstərdikləri çabalar da elə də böyük nəticələr vermir. Amma,  unutmayaq ki, ermənilərin saldığı hay-küy, sadəcə hay-küydən ibarətdir. Onlara qarşı 1915-ci ildə Türkiyədə  hər hansı bir sistemli soyqırım aktı həyata keçirilmədiyi halda onlar tam uydurma və fakt görkəminə salınmış olayların üzərində siyasət qurmaqla məşğuldur. Ancaq,  Türkiyədəki vətəndaş müharibəsindən cəmi üç il sonra onların Azərbaycan ərazisində -Bakıda, Qubada, Şamaxıda və Lənkəranda törətdikləri əsl genosid aktı idi. Bu genosid aktının qurbanları minlərlə, onminlərlə Azərbaycan türkü oldu. Təkcə bu faktı dəyək ki, cəmi iki gün içərisində Bakıda və Şamaxıda 30-40 mindən artıq etnik azərbaycanlı ermənilər tərəfindən amansızcasına, ən vəhşi üsullarla, insanlıq adına yaraşmayan formalarda qətlə yetirildilər.  Çox yaxşı bir haldır ki, Azərbaycanın hələ o zamankı demokratik cümhuriyyət dövrünün parlamenti bu hadisələrin araşdırılması üçün xüsusi bir komissiya yaratdı. Həmin komissiya bolşevik işğalları üzündən öz işini sona qədər, tam icra edə bilməsə də,  erməni vəhşiliyini ifşa etmək üçün  əlimizə çox dəyərli faktlar və araşdırma materialları qoyaraq getdi.  Həmin o araşdırma materialları bu gün ölkəmizdə artıq dünya miqyasına çıxarılan onlarla, yüzlərlə erməni genosidini, cinayətlərini ifşa edən kitablar, filmlər, məqalələr və araşdırma elmi-tədqiqat əsərləri üçün qiymətli mənbələrə çevrilib.  Əlbəttə, Azərbaycanın müasir müstəqil Azərbaycan parlamentinin də 31 mart hadisələrinə verdiyi qiymət olduqca önəmlidir. Bu qiymət 1918-cil ildə Azərbaycan parlamentinin başlatdığı bir işin davamı və məntiqi nəticəsidir. Ermənilərin azərbaycanlılara qarşı törədilmiş erməni cinayətlərinin, genosid aktlarına dair dünyada aparılan iş, özünün məntiqi sonluğuna çatdırılmalıdır.  1918-ci ildən başlamış hadisələrin sonradan Xocalıda davam etdirilməsi və digər faktlar, dünya məhkəmələrində  ermənilərin Azərbaycan Türklərinə qarşı genosid aktı kimi öz hüquqi dəyərini almalıdır. Dünyada 31 mart qırğınlarının həm siyasi, həm də hüquqi müstəvidə genosid soyqırım aktı kimi tanınması istiqamətində Azərbaycan dövlətinin total səyləri davam etdirilməlidir. Bu həm dövlət səviyyəsində, həm media tərəfindən, həm bizim diasporumuz tərəfindən bu istiqamətdə addımlar bir anda olsun səngidilməməlidir. Çünki,  erməni təcavüzü qarşısında Azərbaycan həqiqətlərinin dünyada tam mənzərəsinin yaradılması üçün 1918-ci il hadisələrinə obyektiv və hərtərəfli beynəlxalq qiymətin verilməsi olduqca vacibdir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31