“İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. "Olaylar" xəbər verir ki, komitənin sədri Tahir Mirkişili iclasın gündəliyi ilə bağlı məlumat verib, 6 məsələnin müzakirəyə çıxarıldığını bildirib. Gündəliyin təsdiqindən sonra ilk olaraq yeni hazırlanmış "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsinə birinci oxunuşda baxılıb.Komitə sədri bildirib ki, təqdim olunan sənəd cənab Prezident İlham Əliyevin "İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamında "İnvestisiya fəaliyyəti haqqında" və "Xarici investisiyanın qorunması haqqında" qanunların əsasında yeni "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsinin yaradılması barədə göstərişinə uyğun hazırlanıb.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qanun layihəsi ilə bağlı çıxışında bildirib ki, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də Azərbaycan iqtisadiyyatının biznes və investisiya mühitinin daima yaxşılaşdırılmasıdır. Bu istiqamətdə yeni hazırlanmış "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsinin yerli və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətini vurğulayan nazir müavini sənədin Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinə uyğun olmasından danışıb.

O, investisiya ilə bağlı hazırki qanunvericiliyin təhlilinin nəticələri, yeni qanunun qəbulunun aktuallığı ilə bağlı arqumentləri açıqlayıb, yeni qanun layihəsində investisiya mühitinin yaxşılaşdırılması, cəlbediciliyinin artırılması və investisiyaların qorunması ilə bağlı təsbit olunan alətlər barədə məlumat verib, təklif olunan üstünlükləri şərh edib. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev deputatların qeydlərinə və qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar. İclasda "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsi birinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31