Prezident: “Bizim qələbəmiz əbədidir”
17 Mart 2022 14:47 Siyasətİlham Əliyev: "Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər"
Azərbaycanda uzun ulllərdir ki, idmana, idmançılara yüksək səviyyədə diqqət-qayğı göstərilir. Ölkədə idmanın inkişafı məqsədilə atılan addımlar, paytaxt və bölgələrdə idman qurğularının, Olimpiya İdman Komplekslərinin inşası və digər bu kimi addımlar fonunda dövlətin, şəxsən dövlət başçısının idman sahəsinə diqqət və qayğısını aşkar şəkildə görə bilirik. Ancaq onu da təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi hallarda idmançılar və onların bağlı olduqları federasiyalar göstərilən diqqətdən sui-istifadə edir, özbaşınalıqlara, idmana və idmançıya layiq olmayan hərəkətlərə yol verirlər. Təbii ki, belə mənfi halların qarşısı qısa müddətdə alınır. Necə ki, martin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən bir vaxtlar Azərbaycan Güləş Federasiyasında mövcud olan nöqsanları qeyd etdiyi kimi.
Dövlət başçısı qeyd edib ki, son vaxtlar Güləş Federasiyasında gedən proseslər narahatlıq doğururdu və durğunluq hiss olunurdu: "Güləş Federasiyasında idarəetmə mexanizmi zəifləmişdi, faktiki olaraq özbaşınalıq hökm sürürdü. Əlbəttə ki, bu, nəticələrə də mənfi təsir göstərmişdir və bu, təbiidir. Ona görə Güləş Federasiyasının rəhbərliyinin dəyişdirilməsi zəruri idi, bu, baş verdi. Əminəm ki, federasiya indi həm buraxılmış bütün nöqsanları aradan qaldıracaq, vəziyyəti təhlil edəcək, - mənə məlumat verilib ki, artıq bu işlərə start verilib, - əlbəttə ki, idmançılara - həm gənclər, həm də böyüklər arasında çıxış edən idmançılara lazımi şərait yaradacaqdır. Mən Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya məhz bu vəzifəni qoydum ki, biz idmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə gözləməliyik. Bax, bu iki əsas amil bizim böyük uğurlarımızın əsasını təşkil edirdi. Ona görə əminəm ki, Güləş Federasiyası Gənclər və İdman Nazirliyi ilə, məşqçilərlə birlikdə düzgün addımların atılmasına nail olacaq və bugünkü qələbəni mən görülən bu işlərin ilk təzahürlərindən biri kimi qəbul edirəm".
Prezident dövlətin idmana göstərdiyi diqqət və qayğıdan da danışıb və bu siyasətin gələcəkdə də davam edəcəyinə əminlik ifadə edib: "Mən dəfələrlə idman ictimaiyyəti ilə görüşlər əsnasında deyirdim ki, idman bizim dövlət siyasətimizdir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Çünki əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar. Bu da təbiidir, çünki həm təlim-məşq toplanışlarının keçirilməsi, ümumiyyətlə, hazırlıq işlərinin qurulması, iqtisadi baza - bütün bu amillər önəmli rol oynayır. Əlbəttə ki, dövlət siyasəti burada aparıcı məsələdir və Azərbaycan bu ölkələrin sırasındadır. Biz nəinki iqtisadi və digər sahələrdə, idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi qorumalıyıq. Təsadüfi deyil ki, beynəlxalq idman qurumları Azərbaycana çox böyük rəğbətlə yanaşırlar. Belə olmasaydı, Azərbaycanda iki dünya səviyyəli tədbir keçirilməzdi - həm Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunları. Bir ölkədə, bir şəhərdə cəmi iki il ərzində iki böyük tədbirin keçirilməsi beynəlxalq idman ictimaiyyətinin, federasiyalarının bizə olan münasibətinin əlamətidir. Biz bu yarışları yüksək səviyyədə keçirdik və idmançılarımız bizi sevindirdilər. Bizim beynəlxalq idman qurumları ilə, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya komitələri ilə sıx əlaqələrimiz var, beynəlxalq federasiyalarla sıx əlaqələrimiz var. Bu əlaqələr əlbəttə ki, Azərbaycanda idman siyasətinin düzgün aparılmasında da bizə kömək göstərir. Ölkəmizdə keçirilmiş və bundan sonra keçiriləcək idman yarışları da müntəzəm xarakter almalıdır. Çünki ölkəmizin həm imkanları, həm Azərbaycanda qonaqpərvərlik, idman infrastrukturunun mövcudluğu sayəsində biz bütün istənilən idman yarışını keçirə bilərik. Məsələn, Avropa Oyunlarında 5 mindən çox idmançı iştirak edirdi və onların bir çoxu qeyd edirdi ki, bu Oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilir. Yəni, bütün bu şəraiti biz yaratmışıq ki, həm idmançılar dövlətimizin şöhrətini həmişə yüksəkliklərdə saxlasınlar, həm də idman kütləvi xarakter alsın. Gənclər və idman naziri qarşısında, yeni rəhbərlik qarşısında qoyduğum vəzifələrdən biri də məhz budur - idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək. Çünki bizdə hər bir bölgədə müasir olimpiya idman kompleksləri vardır, 50-yə yaxın belə bir kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə etməliyik. Seleksiya işi çox düzgün aparılmalıdır. Bölgələrdə bir çox yerlərdə istedadlı uşaqlar var, sadəcə olaraq onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır".
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, idmançılarımız bundan sonra daha cəsarətli, daha əzmkar olacaq və beynəlxalq idman yarışlarında daha güclü mübarizə aparacaqlar. Onlar döyüş meydanında əldə etdiyimiz qələbəni idman arenalarında da tamamlayacaq və yarışlardann zəfərlə, qələbə ilə dönəcəklər: "Bir məsələyə də toxunmaq istərdim. Bu gün siz qalib gəlmiş ölkəni təmsil edirsiniz. Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək. Hər halda, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Mən bunu bilərək çalışırdım ki, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olsun. Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir".
Dövlət başçısı bildirib ki, biz uzun illər - 30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarında məğlub edilmiş ölkə kimi təmsil olunurduq: "Bunu etiraf etmək nə qədər ağırdırsa, o qədər də sadədir. Yəni, biz həqiqəti olduğu kimi bilməliyik və deməliyik. Bəli, bu məğlubiyyətin səbəbləri var idi, ovaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar - bütün bunlar var idi. Məhz bu amillər məğlubiyyəti şərtləndirmişdir. Amma həqiqət o idi ki, torpaqlarımız işğal altında idi və biz sübut etməli idik ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və etdik. Bir daha demək istəyirəm, hesab edirəm ki, o cümlədən idman sahəsində əldə edilmiş uğurlar, bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da gücləndirirdi və hər birimizə bir daha göstərirdi ki, əgər biz idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə biliriksə, döyüş meydanında da mütləq qələbə qazanacağıq. Belə də oldu. Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz. Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq bu duyğular olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq, o cümlədən İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar. Siz də beynəlxalq yarışlarda əlbəttə ki, müxtəlif ölkələrdə olursunuz. Əminəm, bəlkə də siz gənclər yox, - çünki siz təzə-təzə beynəlxalq yarışlarda iştirak etməyə başlamısınız, - amma böyüklər, məşqçilər, idman mütəxəssisləri mütləq görür ki, Azərbaycana münasibət nə dərəcədə dəyişmişdir. Çünki biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik. Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq. Halbuki, xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi. Ancaq mən demişdim ki, düşməndən intiqamı döyüş meydanında alacağıq. Bütün dünya, bütün hərbi ekspertlər artıq bunu dəfələrlə qeyd edirlər ki, Azərbaycan bu müharibəni həm böyük məharətlə, ustalıqla aparıb, qısa müddət ərzində istədiyinə nail olub, həm də bütün müharibə qanunlarına riayət edərək ləyaqətlə aparıb. Məhz buna görə düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə iştirak edirdilər.
Mən bunu xüsusilə qeyd etmək istəyirəm. Çünki indi dünyada bir çox yerlərdə müharibələr gedib, gedir və əfsuslar olsun ki, gedəcək. Bu gedən müharibələrə diqqət yetirsək hesab edirəm ki, həm Azərbaycan xalqı, həm bütün dünya ictimaiyyəti bir daha Azərbaycan xalqının böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini görür. Əlbəttə ki, idmançılarımız üçün bu, əlavə bir stimuldur. Çünki biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik. Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz. Çünki bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq".
Prezident İlham Əliyev qarşıda duran vəzifə və məqsədlər barədə də idmançıları məlumatlandırıb . Bildirib ki, bu məqsədlərdən, vəzifələrdən biri də işğaldan azad edilən ərazilərdə idman qurğuların tikilməsi olacaq: "Əlbəttə ki, azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin baş planlarında da öz əksini tapır. İndidən federasiyalar, Gənclər və İdman Nazirliyi artıq layihələri təqdim etməlidir. Çünki şəhərlərin baş planlarında idman qurğularının yerləşməsi nəzərdə tutulur. Amma bunlar hansı formada olacaq, memarlığı necə olacaq, bunu artıq müvafiq federasiyalar, Gənclər və İdman Nazirliyi təqdim etməlidir".
Məhəmməd