Ankara və Bakı Kiyevlə Moskvanı barışdıra biləcəkmi?
17 Mart 2022 12:31 SiyasətRusiya ilə Ukrayna arasındakı müharibəyə son qoyulması məqsədilə tərəflər arasında aparılan danışıqlar hələ ki, heç bir nəticə verməyib. Danışıqların üçüncü raunqundan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, danışıqlar zamanı razılaşmaya xeyli yaxınlaşılıb və müharibəyə son qoyulmalıdır. Hazırda tərəflər arasında barışığın baş tutması üçün ən müxtəlif dövlət başçılarının vasitəçiliyi təklif edilir. Onlar arasında ən realı və inandırıcısı Azərbaycan və Türkiyənin dövlət başçıları hesab olunur. Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenskinin də danışıqlar üçün təklif etdiyi təhlükəsiz və neytral dövlətlər sırasında Bakı və Ankaranın da adı var idi. Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Çavuşoğlu Moskvada Lavrovla Ukrayna məsələsini müzakirə etdikdən dərhal sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışdı. Çünki Ankara anlaşmanın əldə edilməsinə çalışır və Bakı bu prosesə dəstək verən oyunçulardan, həm də Kiyev-Moskva görüşünün keçirilməsi üçün alternativ kimi saxlanılan məkanlardan biridir: "Türkiyənin tərəflər arasında anlaşma əldə etmək imkanı zəif qiymətləndirilirdi, lakin indiyə qədər kiçik də olsa irəliləyiş ehtimalının Ankaranın masasında ola biləcəyi müşahidə edilir Moskva razılaşmanın mümkün olduğunu, Kiyev Rusiyanın əvvəlki "ultimatum mövqeyinin" dəyişdiyini bildirir. Tərəflər bu fikrə Belarusdakı üç raundda və iki onlayn formatdakı görüşə gəlsələr də mümkün razılaşmanın, xüsusilə Ukraynanın istəyinə uyğun olaraq, Türkiyənin vasitəçiliyi ilə olması istisna deyil. Ərdoğan da Zelenski ilə telefonda bunu müzakirə etdi və Putinlə də müzakirə edəcəyi gözlənilir. Açıqlamalar masada əlavə detalların da olduğu əsas müzakirə mövzusunun Ukraynanın "neytral status"nun olduğunu deməyə əsas verir. Moskva Kiyevin "İsveç modeli"nə mənfi münasibət bəsləmədiyini deyir. Kiyev qeyd edir ki, anlaşma olacaqsa, bu, başqa yox, məhz "Ukrayna modeli" olacaq. "İsveç modeli" Finlandiya modelinin bir başqa formasıdır: ölkə tərəfsiz olur, lakin tərəfsiz olacaq Ukrayna öz ordusu və donanmasına sahib olacaq". Onun sözlərinə görə, Kiyevin dediyi "Ukrayna modeli" isə daha yüksək səviyyəli təhlükəsizlik qarantını özündə ehtiva edir: "Ukraynanın təhlükəsizliyinə ABŞ, Fransa, Almaniya, Türkiyə və Rusiyanın iştirakı ilə kollektiv zəmanət verilir. Ukraynaya hücum olacağı təqdirdə, zəmanət verən ölkələr sözdə yox, əməldə dəstək verməlidir: münaqişədə birbaşa iştirak edir, hava qüvvələrinin dəstəyi də daxil olmaqla silah-sursat verir.Hava məkanının bağlanması da əsas şərtlərdən biridir. Danışıqların hər iki tərəf üçün zaman qazanmaq manevri olduğu da istisna deyil, xüsusilə "ultimatum mövqeyi"ni dəyişdirən Rusiyanın muzdlular vasitəsilə qüvvələrini cəmləşdirib, hücumu genişləndirəcəyi mümkündür. Qərb də Ukraynaya hərbi yardımlarını genişləndirir. Və belə görünür ki, müharibənin növbəti, bəlkə də son mərhələsi hələ qabaqdadır. Lakin hazırda müharibənin dayanmasını istəyən yeganə tərəf kimi Türkiyə görünür və hər iki tərəfin əsas anlaşmanı Ankara masasında əldə edə biləcəyi ehtimalı daha böyükdür. Təbii ki, Bakı da bu prosesin iştirakçılarından olacaq".
Siyasi şərhçi qeyd edib ki, Kulebanın sözlərinə görə,"müharibənin ilk günlərində Qərb Ukraynanın 48 saatdan çox davam edə biləcəyinə inanmadı və köməkdən imtina etdi. Müharibənin ilk günü - fevralın 24-də Avropanın çox nüfuzlu ölkəsindəki səfirimiz həmin ölkənin dövlət katibinin kabinetində oturub dedi: "Bizə kömək edin, müharibə başlayıb". Üzünə gülümsəyərək cavab verdilər: "Əzizim, düzünü desək, maksimum 48 saat ərzində hər şey bitəcək və yeni reallıq gələcəksə, niyə sizə kömək edək? Bu, Aİ-nin son dərəcə nüfuzlu ölkəsində baş verdi. Lakin üç gün sonra hər şey dəyişdi, üç gün dayana bilməyimiz tərəfdaşlarımızı şok etdi, o anda başa düşdülər ki, Ukrayna üçün döyüşməli idilər. Təəssüf ki, bunun əvəzini Ukrayna qanı ilə ödədi, şəhərlərimiz yerlə-yeksan oldu. Müharibənin ilk 7 günündə müxtəlif mesajlar gəlməyə başladı: "Dmitri, sizə silah-sursat veririk, ümid edirik, gec deyil". İndi hər şey dəyişib, Qərb Ukraynaya daha fəal kömək etməyə hazırdır". Maraqlı açıqlamadır. Ukraynalı nazir bununla Rusiya işğalı qarşısında göstərdikləri qəhrəmanlığı da izah edir. Və açıqlamasa da, haqqında bəhs etdiyi Aİ-ni nüfuzlu ölkəsi böyük ehtimalla Fransa, yaxud Almaniyadır. Artıq neçə gündür müharibə gedir və Ukrayna xalqı həqiqətən də qəhrəmanlıq göstərir. Pis olan reallığı qanları və evlərinin dağılması ilə qəbul etdirmək məcburiyyətində qalmalarıdır".
Alim