Uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini gücləndirib
10 Mart 2022 11:39 SiyasətAzərbaycanın həyata keçirdiyi xarici siyasət ölkəmizin beynəlxalq aləmdə nufuzunu artırıb. Təsadüfi deyil ki, hazırda Azərbaycan dünyada ən etibarlı tərəfdaş hesab olunur. Məhz bunun nəticəsidir ki, dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin ölkəmizə səfəri intensiv xarakter alıb. Dünyanın güc mərkəzlərinin Azərbaycana, onun dövlət başçısı İlham Əliyevlə məsləhət xarakterli müraciətləri fikrimizi bir daha təsdiq etmiş olur. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət və etibarlı tərəfdaş kimi tanınır. Bu fakt dünya dövlətləri tərəfindən də etiraf olunur. Ölkəmizin əsas tərəfdaşlarından biri də Böyük Britaniyadır. Yeri gəlmişkən qeyd edək ki, bu il Azərbaycanla-Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edərkən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də bu tarixi xatırladıb və hər iki dövlət arasında münasibətlərin geostrateji əhəmiyətini xüsusi vurğulayıb. İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib ki, Avropa məkanında yerləşən digər ölkələrdən fərqli olaraq, Britaniyanın Azərbaycana münasibəti həmişə müsbət cəhətdən fərqlənib: "İki ölkə arasında münasibətləri təhlil edən zaman təbii ki yaxın tarixə nəzər salmaq zəruridir. Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb. Azərbaycanla Böyük Britaniya arasında 11 mart 1992-ci ildə diplomatik münasibətlər barədə saziş imzalanıb. O vaxt Bakıda kiçik ofislə kifayətlənməli olan Ser Brayn Fol Britaniyanın Azərbaycandakı ilk səfiri olub. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi isə 1992-ci ilin sentyabrında ticarət nümayəndəliyi kimi fəaliyyətə başlayıb. 1993-cü ildə isə səfir Tomas Yanq ümummilli lider Heydər Əliyevə görüşü zamanı Britaniya hökumətinin Azərbaycanın sərhədlərinin toxunulmazlığını tanıdığını bildirib və həmin dövrdə BMT Təhlükəsizlik Şurasının sədri kimi Birləşmiş Krallığının öz səlahiyyətlərindən məsələnin həllində kömək üçün istifadə edəcəyini bildirib. Tomas Yanqın bəyanatına uyğun olaraq Britaniya hökuməti 27 iyul 1993-cü ildə Ağdamın Ermənistan tərəfindən işğal olunmasına etirazını bildirdikdən bir gün sonra BMT TŞ-də müzakirələr nəticəsində quruma sədrlik edən Britaniyanın da təsiri ilə həmin rayonun işğalına qarşı 853 saylı qətnamə qəbul olunub". V.Hüseynlinin sözlərinə görə, təsadüfi deyil ki, 1994-cü ildə ilk dəfə həmin ölkəyə rəsmi səfər edən Heydər Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Con Meycor ilə iki ölkə arasında əməkdaşlıq məsələlərini tənzimləyən başlıca sazişi - Azərbaycan Respublikası və Böyük Britaniya arasında "Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə"ni imzalayıb. Heydər Əliyev Böyük Britaniyaya ilk səfərində Azərbaycanın Birləşmiş Krallıqla əməkdaşlıqda əsas məqsədini ifadə edib: "Böyük Britaniyanı dünya siyasətində sanballı, siyasi çəkisi olan, dünya iqtisadi sistemində çox mühüm yer tutan, zəngin tarixi və ənənələrə malik, hərtərəfli əməkdaşlıq yaratmaqla ondan çox şey öyrənmək mümkün olan ölkə hesab edirik". "Bu səfərlərin davamı kimi 1998-ci və 2004-cü ildə prezident İlham Əliyevin səfəri zamanı Baş nazir Toni Bleyerlə görüşündə 1998-ci ildə imzalanmış "Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə" yenidən təsdiqlənib. Göründüyü kimi, Britaniya Azərbaycan münasibətləri hər zaman yüksələn dinamika üzrə inkişaf edib. Hətta Britaniyanın Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı son 30 il ərzində prinsipial mövqe tutması da ikitərəfli münasibətlər üçün çox vacib amil kimi dəyərləndirilə bilər. Son proseslərdə Azərbaycan ərazilərinin işğalçı qüvvələrdən təmizlənməsi zamanı 44 günlük müharibə dövründə bunun əyani şahidi olduq. Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında müharibənin başlanmasından bir müddət sonra BMT-nin Təhlükəsizlik Şurasında bəzi dövlətlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv, qərəzli mövqeni əks etdirən bəyanatın qəbul etməsinə nail olmaq istəyərkən, məhz Britaniya buna yol verməyib. O zaman Britaniyanın BMT TŞ-dəki daimi nümayəndəsi Barbara Vudvordun çevik və prinsipial mövqeyi ədalətin bərqərar olmasına kömək etmişdi. Təbii ki, belə müsbət məqamlar Azərbaycanın apardığı rasional və strateji hədəflərə istiqamətlənən xarici siyasət nəticəsində mümkün olub. Prezident İlham Əliyev bu illər ərzində digər vektorlarla münasibətlərdə olduğu kimi, Bakı və London arasında da daim gələcəyə hədəflənən və dövlətimiz üçün həssas olan məqamların həllini əsas götürən siyasət aparıb və buna davam etməkdədir". V.Hüseynli onu da vurğulayıb ki, son illər prezident İlham Əliyev tərəfindən aparılan siyasət və 44 günlük müharibədən sonra dövlətimizin regionda aparıcı rola sahib olması artıq göz önündədir. "Son dövrlər Azərbaycan prezidentinə dünyada baş verən proseslər, xüsusilə Ukrayna məsələsi ilə bağlı bir sıra ölkə rəhbərlərinin müzakirələr aparması artıq ölkəmizin və prezidentimizin siyasi nüfuzunun töhfəsi kimi qiymətləndirilə bilər".
Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun ölkəmizə səfəri əlaqlərimizin güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir: "Ümumiyyətlə, regionda, bütövlükdə baş verən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın dünya üçün nə qədər önəmli ölkə olduğunu bir daha görürük. Son illər qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da gərginləşdirib. Dünyada və bölgəmizdə gedən müxtəlif proseslərə baxmayaraq, uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Məhz bu səbəbdəndir ki, dünyanın böyük dövlətləri mütəmadi olaraq Prezident İlham Əliyevə zəng edir və ya məktub göndərərək ölkəmizin region üçün önəmini vurğulayırlar. Dövlətimizin başçısına İtaliya Nazirlər Şurasının sədri Mario Draqin telefon zəngi, Böyük Britaniyanın baş naziri Boris Consonun və Fransa prezidenti Emanuel Makronun məktubları da bunu deməyə tam əsas verir. Bu faklar onu göstərir ki, cənab Prezident uzaqgörən, düşünülmüş və praqmatik siyasət həyata keçirir. Prezident İlham Əliyevin bu siyasəti dövlətimizin dünyada nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Xüsusilə, 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycanın regionun gələcək taleyində həlledici rol oynayır. Ölkəmizin yaratdığı yeni reallıqlar Cənubi Qafqazın inkişafında böyük önəm kəsb edir. Bu baxımdan, Azərbaycanın dünya müstəvisində yeri və rolu əhəmiyyətli dərəcədə artmaqdadır".
Alim