Diaspora təşkilatlarımız daim dövlətimizin yanındadır
3 Mart 2022 15:06 Siyasətİstiqamət: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Xaricdə yaşayan soydaşlarımız yeni mübarizəyə hazır olmalıdırlar
Azərbaycan diaspora təşkilatlarının fəaliyyətində yeni dönəm başlayıb. Sirr deyil ki, Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərindəki şanlı qələbəsi bu ölkənin diaspora təşkilatlarını daha fəal olmağa məcbur edib. Hazırda bir sıra Avropa ölkələrindəki erməni diasporu məğlubiyyətin acısını çıxmaq, ölkəmizdən qisas almaq məqsədilə bütün mümkün vasitələrə əl atmaqdadır. Xüsusən, yaşadıqları ölkələrdəki nüfuzlarından yararlanaraq Azərbaycana qarşı hansısa qərarın qəbul edilməsi, sanksiyaların tətbiq olunması istiqamətində mütəşəkkil şəkildə hücuma keçiblər. Bu məqsədlə təsirləri altında olan kütləvi informasiya vasitələrində ölkəmizə qarşı qərəzli, həqiqətə uyğun olmayan materialların çap olunması davam etdirilir. O da məlumdur ki, bundan sonra ermənilər xaricdəki fəaliyyətlərində daha aqressiv hərəkət etməyə başlayacaqlar. Çünki, son zamanlar erməni lobbisisinin Azərbaycan diasporu ilə sivil mübarizədə uduzduğu müşahidə olunur. Elə bu səbədən də erməni diasporu xaricdə yaşayan soydaşlarımıza qarşı fiziki güc göstərmək yolunu tutublar. Bir sözlə, heç bir xarici təsir və təzyiqlərə məhəl qoymadan Azərbaycan Ordusunun öz torpaqlarını azad etməsi erməni lobbisini iflic duruma salıb. Onlar bu acınacaqlı durumdan çıxmaq üçün hər cür addım atacaqlar. Bəs, Azərbaycan diasporu bu mübarizəyə hazırdırmı?
Əvvala qeyd edək ki, indiyə qədər Azərbaycan diasporu ölkəmizin haqq işinin müdafiəsi iqstiqamətində əlindən gələn bütün mümkün imkanlardan səmərəli şəkildə yararlanıb. Başqa sözlə, diaspora təşkiatlarımız siyasi, iqtisadi, mədəni və humanitar sahədə fəaliyyəti ilə daim Azərbaycan dövlətinin yanında olub. Ancaq nəzərə almaq lazımdır ki, hazırda söhbət ordusu dağılmış, iqtisadiyyatı məhv olmuş, ölkəsində xaos yaşanan Ermənistanın diaspor təşkilatlarından söhbət gedir. Sirr deyil ki, onlar yeni istiqamətdə, daha hiyləgərcəsinə hücumlara başlayıblar. Bu baxımdan Azərbaycan doaspor təşkilatları fəaliyyətlərində korektə etməli, yeni strategiya və taktika hazırlamalıdırlar. Daha doğrusu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "hücun doplomatiyası" siyasətini əldə rəhbər tutaraq hücum taktikasına üstünlük verməlidirlər. Həmçinin Azərbaycanın qələbəsi, ərazi bütövlüyünün təmin edilməsi beynəlxalq aləmdə qəti şəkildə müdafiə edilməlidir. İnsafən qeyd edilməlidir ki, artıq Azərbaycan diasporu bu mübarizəyə hazırdır və həyata keçirilən tədbirlər bunu deməyə əsas verir.
Elə Xocalı soyqırımının 30 illiyi ərəfəsində də bu gaciə haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xarici ölkələrdə yaşayan soydaşlarımız və Azərbaycan disporasının həyata keçirdiyi tədbirlər fikrimizi bir daha təsdiqləmiş olur. Belə ki, Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi və Kütləvi Zorakılığın Qarşısının Alınması üzrə Budapeşt Mərkəzinin birgə təşkilatçılığı ilə konfrans təşkil edilib. Konfransda Milli Məclisin deputaları, Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Kütləvi Zorakılığın Qarşısının Alınması üzrə Budapeşt Mərkəzinin sədri Georgi Tatar və hər iki ölkənin ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib, Xocalı soyqırımı barədə məlumat verilib, soyqırım və müharibə cinayətləri, münaqişələr sonrası barışıq prosesi ilə bağlı mövcud beynəlxalq təcrübədən bəhs olunub, regionda dayanıqlı sülh üçün Ermənistanın Xocalı soyqırımına görə məsuliyyəti qəbul etməsinin vacibliyi vurğulanıb. Milli Məclisin deputatı Şahin Seyidzadə çıxışında tədbir iştirakçılarını Xocalı faciəsinin tarixi və hüquqi aspektləri barədə məlumatlandırıb, həmçinin ölkəmizin 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsini, beynəlxalq aləmdə tanınan sərhədlərimizin və ərazi bütövlüyümüzün bərpa olunduğunu diqqətə çatdırıb. Daha sonra, Xocalı faciəsinin şahidi Həsən Ələkbərov, həmçinin litvalı hərbi jurnalist, Xocalı faciəsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına mühüm töhfə vermiş Riçardas Lapaitis şahidi olduqları dəhşətli hadisələr barədə danışıblar. Konfransda Vaqif Mustafayevin Xocalı soyqırımına həsr olunmuş "Dərdimi çəkirəm" adlı qısa film də nümayiş etdirilib. Həmçinin Türkiyənin İstanbul Universitetində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımının qurbanları anılıb, hadisəni əks etdirən fotolar və sənədlər iştirakçıların diqqətinə çatdırılıb. Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş tədbirdən biri də Türkiyənin İğdır şəhərində təşkil olunub.Tədbir Azərbaycanın Qarsdakı Baş Konsulluğu və İğdır Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşkilatçılığı ilə baş tutub. Toplantıda Xocalıda baş vermiş qətliamda həlak olan dinc insanların xatirəsi anılıb, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş faciə barədə geniş məlumat verilib. Bundan başqa, Moldovanın paytaxtı Kişinyov şəhərində Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə tədbir reallaşdırılıb. Moldovada Azərbaycan səfirliyinin təşkil etdiyi anım tədbirində insanlığa qarşı törədilmiş bu cinayət barədə ətraflı məlumat verilib, faciəni əks etdirən sənədlər nümayiş etdirilib. Şimali Kiprin Lefkoşa şəhərində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Bir insanlıq cinayəti: Xocalı soyqırımı" mövzusunda beynəlxalq konfrans təşkil olunub. Şimali Kipr Türk Respublikasında (ŞKTR) fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda Xocalıda baş vermiş qətliamda həlak olan dinc insanların xatirəsi anılıb, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı barədə geniş məlumat verilib.
Ancaq görülən işlər kifayət etməməli, diasporun fəaliyyəti bundan sonra daha qabarıq şəkildə özünü büruzə verməlidir. Ermənilərin xaricdə bütün güclərini səfərbər edib dünyanın ictimai rəyinin formalaşdırılması üçün hərəkətə keçəcəyi şübhə doğurmur. Belə bir şəraitdə Azərbaycan diasporu "çəkici bir zindana vuraraq" koordinasiya olunmuş şəkildə fəaliyyət qurmalıdır. Dünyanın müxtəlif ölkələrində olan diasporlarımız vahid mərkəzdən idarə olunaraq Azərbaycan dövlətinin ərazü bütövlüyünün təmin olunmasında öz potensiallarını ortaya qoymalıdırlar. Xüsusən, xaricdəki soydaşlarımız yaşadıqları ölkələrin parlamentləri ilə əlaqələri genişləndirməli, ölkəmiz əlehinə iş aparan erməni diasporunun istəklərini heçı endirməlidirlər. Paralel olaraq, informasiya müharibəsində təşəbbüsü ələ almalıdırlar. Yalnız bu halda müstəqi Azərbaycanın haqq işinin müdafiəsində effektli nəticələr əldə etmək mümkün olar.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Media İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir