Rusiya-Ukrayna savaşı və Ermənistanı sülh müqaviləsinə maraqlı edən amillər

İstənilən regionda baş verən proseslərin, iki və ya bir neçə dövlət arasında yaşanan gərginliklərin ona yaxın coğrafiyalara, həmin ölkələrin əməkdaşlıq etdiyi dövlətlərə təsiri qaçılmazdır. Bu təsirlər istər siyasi, istər iqtisadi, istərsə də digər istiqamətlərdə özünü göstərir. Necə ki, artıq bir həftədən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsi kimi. Birincinin dünyanın super güclərindən biri, eyni zamanda Cənubi Qafqazda xüsusi maraqları olduğunu nəzərə alsaq, Rusiya-Ukrayna qarşıdurmasının bizim regiona da təsiriniu açıq şəkildə görə bilərik. Bəzən bu təsirlər mənfi çalarları ilə yadda qalsa da,  onun müsbət tərəfləri də müəyyən hallarda özünü göstərir. Necə ki, Rusiya-Ukrayna qarşıdurmasının Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına imkan yaratdığını müşahidə etməkdəyik. Hər halda Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün parlamentdə çıxışı zamanı Azərbaycanla sülh müqaviləsinin imzalanacağını açıq şəkildə bəyan etməsi deyilənləri təsdiqləyir.

Cərəyan edən proseslər  Rusiya-Ukrayna qarşıdurması fonunda Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa maraqlı görünməsi öz-özlüyündə bir sıra sualların ortaya çıxmasına səbəb olur. Ermənistanı indiki halda sülh müqaviləsinə daha çox meyilli edən nədir?  Yaxud Ermənistan nədən ehtiyat edərək sülh müqaviləsi istəyir?

Birincisi, Ermənistan gözəl başa düşür ki, indiki halda vəziyyəti gərginləşdirsə və yenidən dövlət sərhədində qarşıdurma yaratsa bu dəfə Azərbaycan Ordusunu heç bir qüvvə saxlaya bilməyəcək və Silahlı Qüvvələrimiz Xankəndində mövqe quracaq. Çünki hazırkı situsiyada Ermənistanın bir nömrəli müttəfiqi və dəstəkçisi olan Rusiyanın başı Ukraynaya qarışıb. Bu gün Ermənistan vəziyyəti gərginləşdirib savaşa yol açsa və Azərbaycan hətta İrəvana qədər irəliləsə belə, Rusiya ona nə hərbi, nə də siyasi dəstək verə biləcək. Ona görə də Ermənistan rəhbərliyi sülh müqaviləsindən başqa alternativ görmür.

Ermənistanın digər ehtiyat etdiyi məsələ isə Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa, Rusiya ilə isə imzaladığı Moskva bəyannaməsidir. Hər iki sənəddə göstərilən bəndlər münaqişə başlayacağı təqdirdə Azərbaycana hərbi yardım olunacağını özündə ehtiva edir. Heç şübhəsiz ki, bu məqam da Ermənistanı indiki vəziyyətdə ən qısa zamanda Azərbaycanla sülh müqaviləsi imzalamağa təhrik edir. Elə ekspertlər də bu qənaətdədirlər.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov hesab edir ki, Ermənistan iqtidarı regiondakı yeni reallıqları anlayır. 44 günlük müharibədən sonra Paşinyanın regional siyasətində yeni xətt, əməkdaşlığa meyillik müşahidə olunur. Bu mənada onun yekun sülh sazişinə hazır olması barədə səsləndirdiyi bəyanat gözlənilən idi. Sadəcə baş nazir bir müddət xalqı buna hazırladı: "Ermənistan hakimiyyətinin bölgə ilə bağlı hazırkı konstruktiv mövqeyində, şübhəsiz ki, Türkiyə ilə təmaslar, əlaqələr də mühüm rol oynayır.

İkinci bir tərəfdən, Paşinyanın bu bəyanatı məhz indi, Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda səsləndirməsi, yəqin ki, təsadüfi deyil. Görünür, o, əvvəlcə Qazaxıstanda, sonra da isə Ukraynada yaşanılanların gələcəkdə postsovet məkanındakı digər ölkələrə, o cümlədən Ermənistanın başına gətirilə biləcəyini anlayır. Və rəsmi İrəvanın bu sınaqdan çıxa bilməyəcəyini bilir. Ona görə də indidən xarici siyasətində müəyyən dəyişikliklər etmək istəyir".

Ekspert bildirib ki, böyük ehtimalla Ermənistan nümayəndələri Antalyada keçiriləcək diplomatiya forumunda iştirak edəcəklər: "Həmin sammitdə Azərbaycan və Türkiyə nümayəndələri ilə ikitərəfli və ya üçtərəfli görüşlərin keçirilməsi mümkündür. O müzakirələr isə Ermənistanın regionla bağlı siyasətinində daha qətiyyətli davranmasında mühüm rol oynayacaq. Güman ki, əməli addımlara da məhz o toplantıdan sonra start veriləcək". Ekspert onu da deyib ki, Ermənistan müxalifəti əlaqələrin bərpasını istəmir. Ona görə də yaxın günlərdə təxribatların təkrarlanması, daxildə etiraz aksiyalarının baş verməsi gözləniləndir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31