Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”-Spiker
25 Fevral 2022 13:28 SiyasətMilli Məclisin 25 fevral 2022-ci il tarixli iclasında spiker Sahibə Qafarova Xocalı soyqırımı ilə bağlı çıxış edib. "Olaylar"ın məlumatına görə, spiker qeyd edib ki, misilsiz qəddarlıq və cəzasızlıq timsalı olan Xocalı soyqırımı XX əsrdə bəşəriyyətin üzləşdiyi ən dəhşətli kütləvi qırğın aktları ilə bir sırada dayanır. Doğma torpağının müdafiəsinə qalxan xalqımızın mübarizə əzmini sarsıtmaq niyyəti ilə törədilmiş qanlı cinayət nəticəsində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın və 70 nəfər qoca milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. Girov götürülən insanlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Təkcə bizim xalqımıza qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş bu cinayət əməlinin təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir.
Xocalı soyqırımı son iki yüz ilə yaxın dövrdə xalqımıza qarşı həyata keçirilən qəsbkarlıq və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olmuşdur. Məlum olduğu kimi, tarixin müəyyən dövrlərində böyük dövlətlər öz geosiyasi planlarını reallaşdırmaq üçün uydurma "erməni məsələsindən" bir alət kimi istifadə etmişlər. Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni şovinistlərinin "böyük Ermənistan" xülyasına düşməsi Cənubi Qafqazın yerli əhalisinə saysız-hesabsız fəlakətlər gətirmişdir. XX əsrin əvvəllərində on minlərcə günahsız azərbaycanlı və digər xalqların nümayəndələri etnik və dini mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmişdir. Çar Rusiyasının süqutundan sonra Azərbaycanın əzəli torpaqlarında, yəni keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradılmış, üstəlik, azərbaycanlılara məxsus olan əlavə 20 min kvadratkilometrdən çox ərazi də bu süni dövlət qurumuna qatılmışdır.
Azərbaycan ərazisində ermənilər üçün sovet hakimiyyəti zamanı qondarma "Dağlıq Qarabağ Muxtar Vilayəti" təşkil edilmişdir. 1948-1953-cü və 1988-1993-cü illərdə 1,5 milyon nəfərə qədər azərbaycanlı doğma yurdlarından deportasiya edilmiş və ya qovulmuşdur. 30 ilə yaxın dövrdə isə Azərbaycan ərazisinin 20 faizi işğal altında saxlanmışdır. Erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan xalqına qarşı etnik dözümsüzlük və düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni "alim"lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır.
Erməni şovinizminə qarşı dövlət səviyyəsində mütəşəkkil müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ali hakimiyyətə qayıtdıqdan sonra təşkil edilmişdir. Ulu öndər Xocalı faciəsinə beynəlxalq aləmdə düzgün siyasi qiymət verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün düşünülmüş tədbirlər həyata keçirmişdir. "Azərbaycanlıların soyqırımı haqqında" ulu öndərin 1998-ci il 26 mart tarixli Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan vermişdir. Fərmana əsasən 31 mart günü davakar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmiş, Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirmişdir.
Bu gün Xocalı soyqırımının dünyada tanıdılması məqsədi ilə həyata keçirilən işlərin strateji əsasını və hədəflərini də dövlət başçısının fikirləri təşkil edir. Mən cənab Prezidentin bu sözlərini xatırlatmaq istəyirəm: "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır".
Xocalı soyqırımının ildönümlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən ümumxalq yürüşləri Xocalı soyqırımı ilə bağlı aparılan geniş miqyaslı işin mühüm mərhələlərini təşkil edir. Onu da bilirsiniz ki, sabah növbəti yürüş keçiriləcəkdir. Ümumxalq yürüşləri Azərbaycan xalqının Xocalı faciəsini, erməni şovinistlərinin törətdiyi digər cinayətləri bir an belə unutmadığını nümayiş etdirir. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Fondun təşkilatçılığı ilə "Xocalıya ədalət!" kampaniyası ilə bağlı görülən işlər ardıcıl davam etdirilir.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər. Mən düşünürəm ki, neçə illər keçsə də, Azərbaycan xalqı Xocalı faciəsinin ağrı-acısını unuda bilməz və heç zaman unutmamalıdır. Əminəm ki, gec-tez haqq-ədalət öz yerini tutacaq və bu cinayətin ideoloqları, təşkilatçıları və icraçıları layiq olduqları cəzaları alacaqlar.
Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi xüsusi bəyanatlar, müraciətlər və qərarlar qəbul etmişdir. Beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən tələb edilmişdir ki, XIX-XX əsrlərdə erməni şovinizminin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanısınlar və gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırsınlar. Digər dövlət hakimiyyəti orqanları ilə əməkdaşlıq şəraitində Milli Məclisin bu sahədə gördüyü tədbirlər məqsədyönlü xarakter daşıyır.
2 il ərzində mən də həm Bakıda keçirilən görüşlərdə, həm də xarici ölkələrə 15 rəsmi və işgüzar səfərdə bu ölkələrin prezidentlərinə, baş nazirlərinə, xarici işlər nazirlərinə, parlament sədrlərinə və deputatlara Xocalı soyqırımının 30-cu ildönümünün tamam olduğunu xatırladaraq belə bir müraciət etmişəm ki, təmsil etdikləri dövlətlər və parlamentlər tərəfindən Xocalı soyqırımına dair müvafiq qərarların qəbul olunmasına kömək göstərsinlər. Milli Məclisin sədri kimi mən bu günlərdə 75 ölkənin parlament sədrlərinə və 10 beynəlxalq parlament təşkilatının rəhbərlərinə 117 məktub göndərmişəm və insanlığa qarşı ən qəddar cinayətlərdən biri olan Xocalı qırğınının soyqırımı aktı kimi tanınması üçün zəruri tədbirlər görülməsini xahiş etmişəm. Eyni zamanda, Milli Məclisdə fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvləri xarici ölkələrdəki həmkarlarına 65 məktub ünvanlamışlar.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər sayəsində Qarabağın əsarətdən azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması son iki yüz ilə yaxın dövrdə məruz qaldığımız torpaq itkiləri, etnik təmizləmələr və soyqırımları silsiləsinə son qoymuşdur. Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmişdir. Bütün bunlar xalqımıza qarşı yeni cinayətlərin baş verməməsinə ən yaxşı təminatdır. Bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında daimi sülhün bərqərar edilməsi, sivil dövlətlərarası münasibətlər qurulması üçün tarixi imkan yaranmışdır. Əgər Ermənistan Respublikası bu tarixi imkanı lazımınca dəyərləndirərsə, Azərbaycan və erməni xalqlarının dinc yanaşı həyatının təmin edilməsi mümkün ola bilər. Yox, əgər Ermənistan Respublikasında Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan qisasçı ritorika və hərəkətlərin qarşısı alınmazsa, Xocalı soyqırımının, dinc əhaliyə qarşı digər cinayətlərin törədilməsinə gətirib çıxarmış milli nifrət və düşmənçilik ideologiyasından imtina edilməzsə, bu, ilk növbədə erməni xalqının özü üçün ağır nəticələr doğuracaqdır. Mən çıxışımı möhtərəm Prezident İlham Əliyevin bu sözləri ilə bitirmək istəyirəm: "Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!"