“Moskva Bəyannaməsi uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir”

 Prezident: "Azərbaycan, Rusiya və Türkiyə əməkdaşlığının üçtərəfli formatı da de-fakto formalaşır"

Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən söz açan dövlət başçısı qeyd edib ki, Moskva Bəyannaməsi uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir: "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin adının özü çox şeydən xəbər verir. Bu, artıq dediyim kimi, qarşılıqlı fəaliyyətin səviyyəsinin artırılması üzrə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsi, Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrupun bir ildən artıq müddətdə, - keçən ilin yanvar ayından, - bu Bəyannamənin mətni üzərində konkret işinin nəticəsidir. Mənim fikrimcə, elədir. Bu, müqavilədən yüksəkdir, ona görə ki, yadımdadırsa müqavilə dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında idi, lakin o, müttəfiqlər kimi münasibətlərin formatını müəyyən etmirdi. Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında münasibətləri mən də, Prezident Putin də strateji tərəfdaşların münasibətləri kimi xarakterizə etmişik. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. Dövlətlərarası münasibətlərdə bu, belə demək mümkünsə, aysberqin zirvəsidir. Mən tapşırıq vermişəm, Azərbaycanın Xarici İşlər Nazirliyi Bəyannamənin tam mətnini öz saytında yerləşdirib ki, hər kəs onunla tanış ola bilsin. Mənim dünən qeyd etdiyim kimi, orada 43 bənd var. Əlbəttə, bütün bəndləri şərh etmək həddən artıq vaxt aparar. Bir də ki, buna ehtiyac yoxdur, baxmaq olar. Lakin bu Bəyannamənin adının özü çox şeydən xəbər verir. Bu, artıq dediyim kimi, qarşılıqlı fəaliyyətin səviyyəsinin artırılması üzrə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsi, Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrupun bir ildən artıq müddətdə, - keçən ilin yanvar ayından, - bu Bəyannamənin mətni üzərində konkret işinin nəticəsidir. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Əlbəttə, bu Bəyannaməni müxtəlif istiqamətlər üzrə konkret sazişlərlə möhkəmlədəcək silsilə sənədlər də işlənib hazırlanma mərhələsindədir".

Dövlət başçısı bəyan edib ki, Azərbaycan, Rusiya və Türkiyə əməkdaşlığının üçtərəfli formatı da de-fakto formalaşır: "Münasibətlər də müttəfiqlik münasibətləridir. İşğaldan azad edilən Şuşa şəhərində ötən il iyunun 15-də mən və Prezident Ərdoğan tərəfindən müttəfiqlik barədə Bəyannamə imzalandı. Bu da bizim malik olduqlarımızın formallaşdırılması idi, çünki Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri birinci il deyildi ki, mövcud idi. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi. Biz müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdik. Son illər ərzində Prezident Ərdoğanın prezidentliyi dövründə və mənim dövrümdə, - bu dövrlər ümumilikdə daha çox üst-üstə düşür, - biz faydalı əməkdaşlıq fəaliyyətimizin əmsalını əhəmiyyətli şəkildə artırmışıq. Belə bir misal çəkim: Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var. Təbii ki, mədəni yaxınlıq, dil yaxınlığı, etnik yaxınlıq - bunlar çox vacibdir. Bu, həmin bünövrədir ki, bizə bu münasibətləri misli görünməmiş səviyyəyə yüksəltməyə imkan verib. Ancaq biz bilirik, etnik yaxınlıq, o cümlədən dil yaxınlığı əfsuslar olsun ki, heç də həmişə sıx münasibətlərin rəhni deyil. Bizim vəziyyətdə buna nail olundu, fikrimcə, uzun illər ərzində və indi də qorunub saxlanılan düzgün siyasət, bərabərhüquqlu münasibətlər sayəsində buna nail olduq. Əlbəttə, Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin elə ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. Həmçinin bu siyasi, mənəvi dəstəklə Türkiyə bəzi ölkələrdəki bir sıra dairələrin Azərbaycana münasibətdə düşməncəsinə hərəkətlərin birmənalı şəkildə qarşısını aldı. Biz bunu çox yüksək qiymətləndiririk. İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Ərdoğan bəyanatla çıxış etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır, onlar bizə çox kömək edirlər. Deməliyəm ki, biz bütün bərpa işlərini yalnız öz vəsaitimiz hesabına görürük, biz heç kimdən nə kredit qismində, nə də hansısa müftə kömək kimi bir manat, rubl və ya dollar almamışıq. Biz hər şeyi öz hesabımıza edirik, lakin podratçı kimi Türkiyə şirkətlərindən çox fəal istifadə edirik. Yeri gəlmişkən, deməliyəm ki, Rusiyanın 14 şirkəti də onlara işğaldan azad edilən ərazilərdə işləmək imkanı yaradılması istəyi ilə bizə müraciət edib. Fikrimcə, əgər bizim nöqteyi-nəzərdən baxsaq dünən imzalanan sənəd mahiyyətcə tarixi nailiyyətdir. Çünki Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir. Düşünürəm ki, başqa heç bir ölkə bununla öyünə bilməz. Mən hələ o barədə demirəm ki, NATO-ya üzv ölkə ilə və KTMT-nin de-fakto rəhbər ölkəsi ilə. Bu, əslində, nailiyyətdir və yəqin, heç kim üçün sirr deyil ki, artıq əməkdaşlığın üçtərəfli formatı da de-fakto formalaşır. O, hələ formalaşmayıb, prezidentlər də daxil olmaqla, hələ xarici işlər nazirlərinin görüşü baş tutmayıb, lakin o, artıq formalaşır. O, ümumi maraqlar, praqmatizm və oxşarlıq əsasında formalaşır. Bizim idarəetmə sisteminin oxşarlığı, tərəfdar olduğumuz dəyərlərin oxşarlığı heç kim üçün sirr deyil. Məsələn, bizə çox xoşdur ki, prezidentlər Ərdoğan və Putin arasında olduqca etibarlı münasibətlər mövcuddur. Onların hər ikisi bu barədə açıq şəkildə danışırlar. Beləliklə, mən fikirləşirəm ki, bu münasibətləri formalaşdıracağımız o gün artıq uzaqda deyil. Xüsusən ona görə ki, Azərbaycan Rusiyanın və Türkiyənin müttəfiqidir, burada necə deyərlər, artıq növbəti addım tələb olunur. Ancaq bu, bizim işimiz deyil, lakin biz öz tərəfimizdən iki ölkənin maraqlarının yaxınlaşdırılması üzərində həmişə işləmişik".

Rus dilində təhsil məsələsinə toxunan dövlət başçısı qeyd edib ki, biz bunu ilk növbədə özümüz üçün edirik: "Rus dilində təhsilə gəldikdə, bəli, bu, düşünülmüş siyasətdir. Təbii ki, biz bunu, ilk növbədə, özümüz üçün edirik, rus dilində təhsil almaq istəyənlərin - həm azərbaycanlıların, həm qeyri-azərbaycanlıların belə imkanları olsun. Bizim rus sektoru dediyimiz məktəblərə tələbat çoxdur və dediyim kimi, həmin məktəblərdə həm azərbaycanlılar, həm də qeyri-azərbaycanlılar - 140 mindən çox uşaq və ali məktəblərin rus bölmələrində 15 mindən çox Azərbaycan vətəndaşı təhsil alır. Arayış üçün deyim ki, Ermənistanda erməni millətinin uşaqlarının qeyri-erməni məktəblərində təhsil alması, ya qanunvericiliklə, ya da hansısa təlimatlarla ümumiyyətlə qadağan edilib. Bildiyimə görə, Ermənistanda cəmi bir və ya iki rus məktəbi var, onlar da hərbçilər üçündür. Necə deyərlər, baxın görün kim kimdir. Odur ki, əlbəttə, dünən imzalanmış Bəyannamədə humanitar əməkdaşlıq haqqında bənd də var, bu, qarşılıqlı əməkdaşlıqdır. Moskvaya səfərdən əvvəl mənə arayış verildi, orada deyilir ki, Rusiyada da təqribən 80 məktəbdə Azərbaycan dili bölməsi var. Biz bunu çox alqışlayırıq ki, azərbaycanlılar və Rusiya vətəndaşları, burada işləyənlər, onların uşaqları da öz dillərində təhsil ala bilsinlər. Yəni, bu qarşılıqlı proses tamamilə əməkdaşlıq ruhundadır və düşünürəm ki, Timur dediyi kimi, postsovet məkanındakı digər ölkələrlə müqayisədə, bu, məsələyə necə yanaşmaq nümunəsidir. Bu, təkcə təhsilə yox, bütövlükdə rus dilinə münasibətə aiddir. Azərbaycanda dövlət ali təhsil müəssisəsi var - Slavyan Universiteti, orada, ilk növbədə, rus dili öyrənilir, rus dili və digər slavyan dilləri üzrə müəllimlər hazırlanır".

Prezident İlham Əliyev bildirib ki, ünsiyyətdə olduğu qərb KİV-lərinin demək olar ki, hamısı Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə idilər: "Biz müstəqilliyin lap ilk dövründən müəyyən informasiya boşluğu ilə üzləşmişik. Üstəlik, əgər bu, sadəcə, vakuum olsaydı dərd yarı idi, biz öz fəaliyyətimizin düzgün interpretasiya edilməməsi ilə üzləşdik. Yeri gəlmişkən, biz indiyə qədər bunu hiss edirik, təkcə qərb ölkələrində deyil, həm də başqa ölkələrdə. Bəzən bilməmək səbəbindən, bəzən də qərəzli şəkildə bizim ölkə daxilində və beynəlxalq arenada nə etdiyimizi düzgün interpretasiya etmirlər. Buna görə son vaxtlara qədər bizim üçün əsas problemlərdən biri məhz Qarabağ münaqişəsi haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması idi. Məhz ictimaiyyətə, çünki siyasi strukturlar hər şeyi çox gözəl bilirdilər. Lakin bu, sadəcə, onları qane edirdi - nə müharibə, nə sülh, faydasız danışıqlar, 30 ildir ki, Minsk qrupu gəlir, gedir. Yeri gəlmişkən, bu il onlar 1992-ci ildən bəri fəaliyyətlərinin yubileyini qeyd edəcəklər. Buna görə biz Qarabağda baş verənlər barədə həqiqəti geniş ictimaiyyətə, ekspert cəmiyyətlərindəkilərə, ictimai əhval-ruhiyyəni formalaşdıranlara çatdırmalı idik. Məhz həqiqəti, təəssüf ki, illər boyu təqdim edilənləri yox, müharibə dövründə bunu edə bildik. Bacardıq. Çoxları deyir ki, biz informasiya müharibəsini uduzmuşuq. Lakin biz elə müharibə aparmamışıq. Biz, sadəcə, imkan qazandıq, dünyanın diqqəti bu müharibəyə yönəldiyinə görə biz, sadəcə, həqiqəti demək imkanı qazandıq. Erməni tərəfindən fərqli olaraq biz öz xalqımıza da, ictimaiyyətə də həqiqəti deyirdik. Buna görə mən həm sizə, həm də bu imkanı yaradan digər Rusiya KİV-lərinə təşəkkür edirəm. Dmitri Konstantinoviçə xüsusi təşəkkürümü bildirirəm ki, o, efirdə Paşinyan ilə olmağa və necə deyərlər, öz mövqeyimizi Rusiya və bir sıra qərb televiziya tamaşaçılarına çatdırmaq imkanı verdi. Hərçənd deməliyəm ki, mənim ünsiyyətdə olduğum qərb KİV-lərinin demək olar ki, hamısı Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə idilər və onların suallarında nə isə öyrənmək arzusundan daha çox ittihamlar səslənirdi. Bununla belə bu, hər halda həmin məkana daxil olmağımıza imkan verdi. Fikrimcə, dünyada bütövlükdə kifayət qədər tezliklə yeni reallıqları qəbul etdilər, o cümlədən ona görə ki, kimin haqlı olması, kimin işğala məruz qalması, kimin öz torpağında vuruşması, kimin işğalçı olması aydın idi. Bax, buna görə Sizə və sizin həmkarlarınıza təşəkkür edirəm. Onu da deməliyəm ki, Rusiya media məkanı bütövlükdə neytral olub. Əlbəttə, bəzi şəxsi məqamlar istisna olmaqla bütövlükdə neytrallıq tamamilə qorunub saxlanıb. Buna görə də təşəkkür edirəm, çünki heç də həmişə belə olmayıb".

Alim  Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31