Xocalı faciəsinin qurbanlarının ruhu o halda şad olacaq ki...
24 Fevral 2022 13:20 SiyasətSiyasi ekspert, "Bakıxəbər" qəzetinin baş redaktoru Aydın Quliyev 26 fevral Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı Olaylar.az-a açıqlama verib.
Onun sözlərinə görə, Xocalı faciəsindən ötən 30 il müddətində bu faciə kontekstində aydınlaşan, aydınlaşmayan, öz həqiqi qiymətini alan və almayan mətləblər var.
" İlk öncə onu deyərdim ki, Xocalı faciəsinin ölkə daxilində lazımi səviyyədə hüquqi-siyasi qiyməti verilib. Onun ölkə daxilində hüquqi-siyasi qiymətinin verilmə səviyyəsi ilə müəyyən qədər qənaətlənmək olar. Çünki, Xocalı faciəsinin baş verməsində az bir məsuliyyəti, Azərbaycanın daxilində müəyyən şəxslər və müəyyən siyasi cərəyanlar daşıdığına görə, məsələnin bu cəhətdən öz qiymətini alması artıq həll edilib. Amma, 1992-ci ildən indiyədək Xocalı faciəsi ilə bağlı bəzi məqamlar var ki, biz hələ onların aydınlaşdırılması və öz tam qiymətini alması istiqamətində çox böyük işlər görməliyik. Təəssüf ki, 1994-cü ildə Xocalı faciəsinin Azərbaycanda Milli Məclis tərəfindən soyqırım kimi qiymətləndirilməsindən sonra Xocalı faciəsi ilə əlaqədar bizim əldə etdiyimiz yeganə uğur, onun müxtəlif dünya ölkələri tərəfindən soyqırım aktı kimi tanınmasına nail olmaqdır. Əslində prosesin soyqırım kimi tanınmasının sürəti də bizi o qədər qane etmir. Çünki, 30 il ərzində demək olar ki, o qədər də böyük sayda olmayan dünya dövlətləri tərəfindən biz Xocalının soyqırım kimi tanıdılmasına nail olmuşuq. Doğrudur, bu olduqca çətin bir məsələdir. Çünki, dünya miqyasında erməni lobbisi kimi çox böyük təcrübəsi olan mafiya və qrupla üz-üzəyik. Ona görə, müəyyən mənada əldə olunan minimum nəticələrlə qənaətlənmək olar ki, Xocalı faciəsinin genosid kimi tanınması yolunda, ermənilər kimi çox böyük bir maneə, qüvvə var. Amma, əlbəttə 30 ildə bu faciənin cəmi 20-22 ölkənin parlamenti tərəfindən tanınması o qədər də böyük nəticə deyil. Bu nəticəni böyütmək üçün fəaliyyəti bir neçə dəfə artırmalıyıq. Digər tərəfdən onu deyim ki, Xocalı faciəsinin əsas günahkarları və qurbanları olan Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunması yönündə heç bir nəticəyə çatmamışıq. Bu da bizim üçün pis göstəricilərdən biridir. Ona görə ki, 30 ilin müddətində Xocalı faciəsini törətmiş şəxslər hətta, Ermənistanın Müdafiə Naziri, Prezidenti postlarına qədər gedib çıxa bilsələr də, onların nə karyerasını dayandırmaq, nə də hüquqi məsuliyyətə cəlb olunması yönümündə lazımi nəticəni ortaya qoya bilməmişik. Amma, Ermənistanın üzərində Vətən müharibəsində Azərbaycanın çaldığı böyük qələbə, bir sıra yönümlərdə olduğu kimi bu istiqamətlərdə də qarşımıza mühüm perspektiv açıb . Müharibədən sonra dünyada qüvvələr nisbətinin Azərbaycanın xeyrinə əsaslı şəkildə dəyişməsi bizə imkan verir ki, Xocalı faciəsinin müqəssirləri olan Köçəryanın, Sarkisyanın və digərlərinin birbaşa hüquqi məsuliyyətə cəlb olunması və onların bu cinayətinə görə lazımi cəzalarına çatdırılması reallaşdırılsın. Vətən müharibəsindən sonra bizim qarşımızda bu imkanlar açılıb. Xocalı faciəsinin əlbəttə son iki il bundan əvvələ qədər xalqımızın gözündə obrazı fərqli idi. Bu gün isə tam fərqli bir obrazda xalqımız ona yanaşır. Çünki, cəmi iki il bundan əvvələ qədər biz Xocalı faciəsinin ildönümünü onun özündən qat-qat ağır, nisgil içərisində qeyd edirdiksə, xatırlayırdıqsa, ancaq bu gün artıq cəmiyyətimiz bir qalib xalq və qalib dövlət olaraq Xocalı faciəsinin qurbanlarını yad edir. Amma, üzərindən bir müddət keçməsinə baxmayaraq, Xocalı faciəsinin qurbanlarının ruhu o halda sad olacaq ki, Xocalının müqəssirlərindən lazımi səviyyədə qisas alınsın və onlar lazimi cəzalarına çatdırılsın. Nə qədər ki, Xocalı dünyada tam şəkildə genosid hadisəsi kimi tanınmayıb, nə qədər ki, onun müqəssirləri üzərində Bakıda və yaxud dünyanın hansısa bir paytaxtında beynəlxalq cinayət məhkəmələri çərçivəsində mühakimə qurulmayıb, Xocalı faciəsinin qurbanlarının ruhu şad ola bilməz. Bəziləri belə bir səhv yanaşma içərisindədirlər ki, Xocalı faciəsi,eləcə də digər qanlı hadisələrin araşdırılması bundan sonra iki qonşu xalq və dövlət arasında barışıq prosesinin dünyanın ehtiyac hiss etdiyi bir vaxtda əksinə, düşmənçiliyi daha da qızışdıra bilər. Belələri olduqca yalnış mövqedədirlər. Çünki, heç bir halda tarixi qapatmaq, tarixi öyrənilməmiş saxlamaq və obyektiv tarixi bir kənara qoymaq yolu ilə gələcəyi düzgün şəkildə müəyyənləşdirmək olmaz. Məhz erməni xalqı da, cəmiyyəti də bilməlidir ki, onların ata-babalarının müəyyən bir qismi Azərbaycan xalqına qarşı hansı vəhşiliyi və qeyri-insaniliyi törədiblər. Əslində Xocalı ilə bağlı həqiqətlərin tam şəkildə ortalığa çıxılması, bizim xalqımız ilə bərabər, erməni xalqının sülh istəyən hissəsi varsa, onlar üçün də çox əhəmiyyətli bir təzahürdür. Çünki, onlar bilməlidirlər ki, ata-babaları qonşu xalqlara qarşı və ümumiyyətlə insanlara qarşı hansı vəhşilikləri törədiblər. Ona görə də, Xocalı faciəsi bizim üçün üzərindən 30 il keçsə də o köhnəlməyib, təzədir. Onun müqəssirləri tam şəkildə hüquqi-siyasi məsuliyyətə, cəzalarına çatdırılmayıblar. Həm də o mənada ki, Xocalı faciəsinin qurbanlarının qisasi tam şəkildə alınmayıb. Buna görə də Xocalı faciəsi bizim üçün hər zaman yenidir.
Mehriba Xəlilli