Xocalı soyqırımı bir millətin soyunu kəsmək məqsədindən başqa bir şey deyildi

Xocalı soyqırımının baş verməsindən 30 il vaxt keçməsinə baxmayaraq bu günə qədər də həmin cinayəti törədənlərin beynəlxalq tribunala verilməsi, məhkəmə qarşısına çıxarılması mümkün olmayıb. Bir çoxları bunu dünyada mövcud olan ikili standartlarla əlaqələndirsə də, lakin soyqırım cinayətkarlarının cəzasız qalmasını bu istiqamətdə yetəri qədər fəal olmamağımızla bağlayanlar da var. Bəs görəsən Xocalı soyqırımı cinayətkarlarının beynəlxalq səviyyədə cəzalandırılması üçün əlavə hansı addımlar atmaq lazımdır?.

Hüquqşünas Əli İbrahimov deyib ki,  soyqırım ağır bir insanlıq cinayəti, böyük bir faciədir və onun araşdırılması gələcəkdə baş verməməsi baxımından çox vacibdir: "Məhz bu vəhşiliyin qarşısının alınması yolunda tədbirləri təkcə dövlət siyasəti və ya hüquq məsələsi qismində həll etmək düzgün olmazdı. Digər tərəfdən, soyqırım yalnız qurbanlara görə ədalətin bərqərar olması və günahkarları cəzalandırmaq kimi variantlarla da yetərli deyil. Soyqırımın sona çatmasının labüdlüyünü bütün dünya insanları rasional olaraq başa düşməli və bu istiqamətdə çalışmaq lazım olduğunu anlamalıdır. Düzdür, əlbəttə ki, belə bir ağır cinayət hadisəsi mütləq cəzalandırılmalıdır. Cəza məhz bu kimi hadisələrin gələcəkdə qarşısının alınması yolunda əsas rol oynayır. Cəzasızlıq soyqırım və digər belə halların inkişafına kömək edə bilər. Lakin bunun qarşısının alınma yolları və bir daha təkrarlanmaması insanlar tərəfindən rasioanal olaraq dərk edilməlidir. Yəni insanlar təbii qanunları (özünü qoruma instinkti və ya cazibə qanunu və s. kimi) qəbul etdikləri kimi, bu cür vəhşilikləri törədilməməsini anlamalı və təbii bir qanun kimi başa düşməlidirlər. Cəmiyyət yalnız bu mütləq təbii qanunların bəşəriyyət tərəfindən qəbul olunacağı an ideal bir vəziyyətə çata bilər. Yalnız düşünən, rasional insan bəşəriyyəti xoşbəxtliyə apara bilər. Burada biz fransız filosof Rene Dekartın hələ 1637-ci ildə yazdığı "Metod üzərinə mühazirələr" kitabında yazdığı "düşünürəm, deməli varam!" (lat."cogito ergo sum") cümləsini yada salırıq. Deməli, var olmaq üçün, mövcudluğumuzu davam etmək üçün düşünmək, anlamaq bizim yeganə çıxış yolumuzdur. Doğulduğu andan hər bir insan təkrarolunmaz və qiymətli varlıqdır, onun öz muxtariyyəti və ləyaqəti var. Heç bir dövlət siyasəti və digər səbəblər insan həyatının yox olmasına dəlalət edə bilməz. Dünyadakı baş verən müharibələri, soyqırım və buna bənzər zorakılıqların qarşısını almaq üçün bəşəriyyət insanpərvərlik ruhunda inkişaf etməli və dövlət səviyyəsində humanizm prinsipləri, insan hüquqları gücləndirilməli, davamlı sülh və təhlükəsizlik təmin edilməlidir".

Hüquqşünas deyib ki, XX əsrin ən dəhşətli soyqırımlarından biri olan Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən soyqırımdır: "Xocalı Ermənistan hərbi dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bununla kifayətlənməyən azğınlar əsl vəhşilik nümayiş etdirdilər, öldürdükləri insanların cəsədləri üzərində misli görünməmiş vəhşiliklər törətdilər. Bu, bir millətin kimliyinə və mövcudluğuna vurulan zərbədən, bir millətin soyunu kəsmək məqsədindən başqa bir şey deyildi. Rəsmi rəqəmlərə görə, həmin hadisə zamanı 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdir, 56 insan işgəncə ilə öldürülmüşdür, 27 ailənin yalnız 1 üzvü qalmışdır, 25 uşaq hər iki valideynini itirmişdir, 130 uşaq valideynlərindən birini itirmişdir, 230 ailə öz başçısını itirmişdir, 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır), 1275 nəfər əsir götürülmüşdür, 1165 insan girovluqdan azad edilmişdir, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur".

Əli İbrahimov bildirib ki, BMT-nin "Soyqırım Cinayətinin Qarşısının alınması və onun cəzalandırılması" haqqında Konvensiyasının olmasına baxmayaraq müasir dövrümüzdə də soyqırım hallarının baş verdiyinin şahidi oluruq: "Deməli, Konvensiyaya imza atan ölkələr qanunla cinayət elan edilən soyqırım hadisəsinin qarşısını almaq və son qoymağa nail ola bilməmişlər. Bir millətin digər millətin suverenliyini pozmaq halları hələ də öz aktuallığını saxlayır. Holokost tarixçisi Yehuda Bauer iddia etdiyi kimi, "soyqırımı görəndə soyqırım adlandırmaq üçün bizə 1948-ci il konvensiyasında verilmiş vasitələrdən daha güclü analitik vasitələrə ehtiyacımız var". Soyqırım anlayışını mahiyyətini bilmək üçün hər şeydən öncə tarixdə soyqırım kimi qəbul edilən bütün hadisələri ümumiləşdirib hamısı üçün oxşar və ya fərqli cəhətləri müqayisəli analiz etmək lazımdır.  Soyqırımın təkcə beynəlxalq hüquq sahəsində yox, eləcə də ümumdünya sahədə onun necə qəbul edildiyini aydınlaşdırmaq lazımdır. Müxtəlif elmlər tərəfindən (psixologiya, hüquq, fəlsəfə, sosiologiya, kriminologiya) bu anlayışın təhlil edilməsi, onun nə qədər mürəkkəb və aktual olduğuna dəlalət edir. Tarixə nəzər salanda həmişə insan cəmiyyətinin şiddətə, əhalinin məhv olması ilə nəticələnən müharibələrə məruz qaldığını görmüşük. Zorakılıq, şiddət insanlığın tarixi ilə demək olar ki, eynidir. Yəni, soyqırım bir növ ad olaraq yeni ola bilər, bəlkə də bu köhnə təcrübələrin üzərində qazanılmış yeni bir addır. İlk soyqırım kimi hələ e.ə. 2200-1800 illər arasında Akkad-Babil-Assur dövlət qurumları ətrafında yaşayan Hurrit (Hurri) əsilli xalqlara və Zaqros-Toros dağ silsilələri boyunca yerləşmiş tayfalara qarşı reallaşdırılmışdır. Daha sonra bu vəhşiliyi göytürklərə qarşı tabqaclar, tibetlilərə qarşı Siuyan(Çin) davam etdirmiş və beləcə sənaye dövrünədək ayrı-ayrı ərazilərdə rast gəlinmişdir. Lakin soyqırımı əvvəlki zorakılıqlardan əsaslı sürətdə fərqləndirən bir neçə amil var.

Soyqırım ilk növbədə, bir qrup insanın tamamilə və ya bir qisminin yox etməyi məqsədini güdən vasitədir. Lakin soyqırımın əsl mahiyyəti qırğının kütləviliyi deyil, həm də eyni zamanda məqsədli və sistemli olması ən vacib şərtlərdir. Bu amili biz BMT Soyqırım Konvensiyasında bir hadisənin soyqırım kimi qəbul edilməsi üçün ilk növbədə "planlı, məqsədli və düzənli olaraq yoxetmə" olma şərtinin qəbul edilməsində də görürük. Daha sonra soyqırıma təkan verəcək amillər sırasına insanların "bizlər və onlar" siniflərinə bölünməsi, bir qrupun üzvüləri digər qrupun üzvlərinə insan kimi baxmamaları və müxtəlif təhqiramiz tənqidlər etməsindən asılı olur. Adam Cons "Soyqırım: Ətraflı giriş" kitabında yazır ki,: "Tarix boyu insanların başqa qrupları yad kimi görmə funksiyaları olub". Bundan əlavə, soyqırım amilinin tərkibində "nifrət" amili durmalıdır. Çünki biz əgər digər məhvolma ilə nəticələnən müharibələr ilə soyqırımı fərqləndirsək görərik ki, müharibələrdə iştirak edən ordu nifrət hissi olmadan da silahlandırılır və təlim alırlar. Lakin soyqırım prosesində isə bu vacib amillərdən biri sayılır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31