UHULƏT VƏ SUHULƏT...

Aristotel məntiqi ilə Lütfizadə məntiqi arasındakı əsas fərq nədir? - Klassik məntiq (Aristotel məntiqi) ikili dayaq üzərindən fikir yürüdür: yaxşı-pis, hə-yox, ağ-qara, bir-sıfır, olar-olmaz və s. Qeyri-səlis məntiqsə "0"la "1", "pis"lə "yaxşı"... arasındakı imkanlar, variantlar çoxluğuna əsaslanır. Örnəyi, babat, ortabab, miyana, bir az yaxşı, cıqqılı pis... 
Rusiya və Azərbaycan rəhbərlərinin imzaladığı Bəyannamə səlis məntiqdən daha çox qeyri-səlis məntiqə, Lütfizadə fəlsəfəsinə əsaslanır, - deyə düşünürəm. 
Etiraf edim, içi mən qarışıq, dostlarımız, ən azı, Rusiyanın Ermənistana verdiyi görünməmiş dəstək və bu dəstəyin ənənələşməsi, təcrübə qazanması fonunda, "müttəfiqlik" sözünü dərhal, könül xoşluğu ilə qəbullanma potensialına malik deyil. Lakin Lütfizadə məntiqinin bizə - problemi işə çevirmək, gərginlikləri optimallaşdırmaq, böyük siyasi, iqtisadi və b. kataklizmlərdən ən az itkilərlə çıxma fürsətləri tanıdığına, öyrətdiyinə inanıram.
Azərbaycan və Rusiyaya arasında "Müttəfiqlik münasibətləri haqqında Bəyannamə"nin imzalanması ilə bağlı nələri vurğulaya bilərik?
İlk növbədə onu deyək ki, biz bundan öncə, qardaş Türkiyə ilə daha yüksək "Şuşa Bəyannaməsi"ni imzalamış və Milli Məclisdə ratifikasiya etmişik. "Moskva Bəyannaməsi"ndən sonrasa Avropa Birliyi ilə vacib sənədə imza atacağıq. Yəni, çoxvektorlu siyasətimiz öz qüvvəsindədir. Üstəlik, adıkeçən Bəyannamələr 44 günlük Vətən Müharibəsindəki Zəfərdən sonra yaranmış regional şəkillənmələr fonunda həyata vəsiqə alır. Ayrıca, dünyada cəryan edən qlobal proseslər də gözardı edilməməlidir. Dost ölkələr - Ukrayna, Gürcüstan, Moldovadan fərqli olaraq, biz işğal altındakı torpaqlarımızda konkret nəticələrə nail olmuşuq.
Bugün imzalanan Bəyannamənin ilk cümləsində Azərbaycan üçün önəm kəsb edən və haqqımız olan
ərazi bütövlüyü, suverenlik, 
beynəlxalq hüquq normaları  kimi ümdə prinsiplərə, mövzulara istinad olunur.
Azərbaycan beynəlxalq hüququn faktiki böhran keçirdiyi indiki dünya düzənində (bizə münasibətdə) geosiyasi güclərin balansına nail olub, öz qabaqcıl mövqeyini daha da möhkəmləndirib.
27 sentyabr 2020-ci ildə əks hücum qərarı verilməsi, 
44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfər, Zəfərsonrası dönəm, hazırda regionda baş verən hadisələr və  siyasi (əslində bütün əməli fəaliyyət sahələri üzrə)
gerçəkliklər bir daha göstərdi ki, Azərbaycan Prezidenti doğrudan da nəyi necə nə vaxt etmək lazım olduğunu çox ustaca - uhulət və suhulətlə ayarlayır.
Olsun ki, orta statistik vətəndaşın məzmununu  dərindən başa düşə bilməyəcəyi proseslər gözlənilməz təəssürat yaratsın. Fakt odur ki, dövlətimiz, şəxsən dövlət başçımız milli maraqları təhdid edə biləcək ən gözlənilməz riskləri belə dəqiq hesablayaraq, vaxtında neytrallaşdırmağa nail olur.  
Bəli, Azərbaycan Respublikasının xarici siyasəti müstəqil və çoxvektorludur. Bunu sadəcə bu ilin fevral ayındakı siyasi gündəm məsələləri ilə də aydın müşahidə etmək olar. ("Şuşa Bəyənnaməsi"nin Milli Məclisdə ratifikasiyası, "Güney Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin VIII iclası, NATO Baş Katibinin Azərbaycana etibarlı qaz təchizatçısı olmasına görə təşəkkür etməsi və s).

Nəhayət, 
Çar Rusiyasının, SSRİ-nin şineli bir işə yaramayan çağlarda ən çox ziyan çəkən biz olduq. İndi dünya gücləri sanksiyalar tətbiq edir, SSRİ-nin varisi Rusiya antiqərb ritorikasını yüksək pərdəyə qaldırır. Yəni biz hər hansı siyasi-hərbi, iqtisadi kataklizmdə, hər hansı üçüncü dalğada nə üçün ən çox ziyan çəkənlərdən olmalıyıq?
O üzdən uhulət və suhulət deyirik...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAĞIMIZ UCA, MÜSTƏQİLLİYİMİZ ƏBƏDİ OLSUN!

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31