Şuşadan yuxarı şəhər, Şuşa Bəyannaməsindən üstün sənəd yoxdur

Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri, səfər çərçivəsində
ikitərəfli münasibətlərin inkişafına dair sənədlərin imzalanacağı haqqında rəsmi məlumatlarla tanışıq. Əlbəttə, Azərbaycan Prezidenti Rusiyaya daha öncələr də və dəfələrlə səfər edib, bu səfərlərin bir çoxunda da müxtəlif sənədlər imzalanıb.
İndi Rusiya ilə Azərbaycan arasında müttəfiqlik haqqında sənədin imzalanmasının nəzərdə tutulması barədə xəbərlər diqqəti daha çox cəlb edir.
Bəri başdan bir məqama diqqət edək. Azərbaycan torpaqlarının Rusiyanın müttəfiqi Ermənistanın
işğalı altında olduğu illərdə də çoxsaylı Rusiya-Azərbaycan sənədləri imzalanıb; həmin dövrdəki sənədlər içində Azərbaycanın dövlət müstəqilliyini inkar edən, suverenliyimizi gözardı edənləri olubmu? Ola da bilməzdi zatən. "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir." (H.Əliyev). 
İndi Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandandır. Azərbaycan Prezidenti öz xalqına arxalanır. Bu, ümumən hər hansı bir dövlətlə münasibətlərimizdə iştirak edən ən ümdə faktorlardandır. Əgər söhbət Ermənistanın arxalandığı böyük dövlətdən gedirsə, həmin faktorlar daha təsirli hal almış olur. Dünya erməniliyi, Ermənistan siyasi-hərbi rəhbərliyi yaxşı bilir ki, Azərbaycan-Rusiya münasibətlərindəki həqiqi tərəqqi qədər, Ermənistan-Rusiya münasibətlərində itki ola bilir. Bu, bizim özümüzü Ermənistanla qiyaslamağımız demək deyil. Bununla belə, neçə ki, Ermənistan üzərinə düşənləri yerinə yetirmir, bizim hər tərəqqimiz onun əleyhinə işləyəcək. Bu, Ermənistanın öz seçimidir. Ermənistanın üzərinə düşənləri ən azı, bəlli Üçtərəfli (Azərbaycan- Ermənistan- Rusiya) Bəyanatlardakı öhdəliklər şərtləndirir. Ermənistan BMT-nin məlum 4 Qətnaçəsini də uzun illər yerinə yetirmədi, axırı nə oldu? - Gün gəldi, Dəmir Yumruq başına endi, miflər dağlldı, "yenilməz Ermənistan ordusu" "fərari istehsalı modu"na keçdi, öldü-qaldısının dəqiq uçotunu açıqlamayacaq duruma düşdü və hələ də meyid daşıyır, Avropanın gen analizi laboratoriyalarında dolaşır... Ermənistan indi, örnəyi, Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası, demarkasiyası, ərazi bütövlüyünün qarşılıqlı tanınması kimi prinsipial məslələrdə konkret, dəqiq, birmənalı hüquqi addımlar atmalıdır. Ya atacaq ya da atacaq - olmayan etibarını, formalaşmamış ciddiyətini və s. 
Beləliklə, rəsmi məlumatlara görə, Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddətdir hazırlanan səfər olub, regionda yaranmış yeni gerçəkliklərə uyğun şəkillənmələrin müzakirəsi və münasibətilərin yeni sənədlərlə möhkəmləndirilməsini ifadə edir.
2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında "Şuşa Bəyannaməsi" imzalandı. Bu, bizim hər hansı dövlətlə imzaladığımız sənədlər içərisində ən yüksəyidir. Məhz "Şuşa Bəyannaməsi"ni imzalayan qardaş ölkələrin təşəbbüsü ilə irəli sürülmüş "3+3" platforması ölkələrinin hər biri ilə münasibətlərin bir üst səviyyəyə çıxarılması gözlənilən idi. 
Ermənistanla durum aydındır - uğursuz dövlətin üzərinə düşənləri dedik. 
Türkiyə - qardaş kimi qardaşımız, qonşumuz, dostumuz, ən nəhayət, strateji müttəfiqimizdir!
İran-Azərbaycan münasibətləri gərgin enişdən dönüb. - Prezidentlərin Aşqabad görüş-müzakirəsindən, müvafiq anlaşmalardan sonra yeni, olumlu məzmun qazanıb. Yaxın gələcəkdə iki dövlətin rəsmi müzakirələrinin sıxlaşacağı,  münasibətlərin daha da inkişafı gözlənilən, proqnozlaşdırılan mövzudur. Azərbaycan-Gürcüstan münasibətləri isə Prezidentin köməkçisi Hikmət Hacıyevin də
daha bugünlərdə
vurğuladığı kimi,  özünəməxsus örnək təşkil edən münasibətlərdir. Tam da bugün Azərbaycan-Gürcüstan ortaq universitetinin açıla biləcəyi haqqında informasiyanı da mehriban qonşuluğun, etibarlı tərəfdaşlığın növbəti təsdiqi, irəliyə doğru addım kimi qəbul edə bilərik. Qaldı, "3+3 platforması"nın başqa bir üzvü - Rusiya. Rusiya ilə MDB çərçivəsində əməkdaşlığımız olsa da, biz "Avrasiya İqtisadi Birliyi", KTMT kimi qurumlara üzv deyilik. Bu, bizim seçimimiz, siyasi iradəmizdir. Biz Qoşulmama Hərəkatının (QH) üzvüyük və Hərəkatın hazırkı sədri Azərbaycan Prezidentidir. QH BMT-dən sonra ən böyük beynəlxalq platformadır. Azərbaycan bu platformanın səmərəliliyinin, beynəlxalq nüfuzunun artırılması, eləcə də, digər beynəlxalq qurumlarla işbirliyi üçün töhfələr vermiş ölkədir.
Belə olan halda, müstəqil Azərbaycan dünyada ən böyük əraziyə malik olan dövlətlə, nüvəli qonşusu ilə sənəd imzalayarkən öz bərabərhüquqluluğunu qoruyursa, yeni diplomatik manevr
imkanları qazanırsa buna münasibət necə olmalıdır? Təbii, sual ritorikdir.
Prezident İlham Əliyev hələ ötən ilin sonunda, Yeni təqvim ili ilə bağlı Xalqa müraciətində, bir çox regional mövzularla yanaşı
Azərbaycan-Rusiya əlaqələrinə də toxunmuşdu. Prezident qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. 
Ona görə də Rusiya ilə Azərbaycan arasında yeni sənədin mətni ilə tanış olmadan birtərəfli yamanlamaq düzgün yanaşma sayıla bilərmi? Sənəd ictimailəşdikdən sonra, hər kəsin oradakı hansısa maddəyə münasibətdə öz tənqidi fikrini söyləmək, fikirlərini siyasi polemika mədəniyyəti çərçivəsində hür şəkildə ifadə etmək haqqı vardır; lakin hələ elanolunmamış sənəd haqqında "birmənalı" fikirlər tirajlamaq nə qədər düzgündür? 
Şəxsən mən öz dövlətimə, dövlət başçıma
inanıram. İnanıram ki, Azərbaycan Prezidenti beynəlxalq və regional durumu da, Azərbaycanın qarşısındakı hədəflərə aparan yolun incəliklərini, mahiyyətini də  dərindən bilir. Dövlətimizin, şəxsən dövlət başçımızın öncəki taleyüklü məqamlarda olduğu kimi, alternativlərdən ən yaxşısını seçdiyinə inanıram. İnanıram ki, imzalanacaq yeni Rusiya-Azərbaycan sənədi uzunmüddətli hazırlanma və razılaşdırılma mərhələsində yetərincə öyrənilib, təhlil edilib, perspektiv yüz ölçülüb, bir biçilib və məhz bundan sonra ortaq məxrəcə varılıb.
Aydındır ki, imzalanması gözlənən sənəd, öz tipi etibarı ilə bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləməyi ehtiva etməlidir. Bərabərhüquqluluq ifadəsi tam anlaşıqlıdır: burada kiməsə üstünlük verilmir. Əvəzsiz qardaşımız Türkiyə ilə strateji müttəfiqlik sənədində belə bərabərhüquqluluq təsbit olunub.
Bərabərhüquqluluq tərəflərin üzərinə bərabər  öhdəliklər qoyur. Örnəyi, aydın yazılır ki, tərəflər bir birinin daxili işlərinə qarışmır və s. 
Əgər Ermənistan KTMT çərçivəsindəki qarşılıqlı hərbi yardım öhdəliyini özünə sərf edən şəkildə yozub, 44 günlük müharibədə  (habelə müharibəsonrası sərhəd toqquşmalarında) bizə qarşı üstünlük təmin etməyə çalışırdısa, əslində, KTMT-yə yox, sırf Rusiyaya ümid edirdi. Lakin Ermənistanın bədxah yozumu dağlarda qara, düzlərdə suya düşdü... İndi Azərbaycan-Rusiya münasibətləri bir üst səviyyə qazanacaqsa, Ermənistandakı "əvəzçıxma" tərəfdarlarının, yeni müharibə çağırışçılarının xəyalqırıqlığını təsəvvür edin. Bu sətirlərin müəllifi bu sözləri Rusiyaya ümid edib, inam bəsləyib yazmır, sadəcə Rusiyaya ümidli Ermənistan dairələrinin arqumentsiz qalma durumunu vurğulayır. "Əvəzçıxma" çağırışçıları özlərinə yeni "arqument" qondarmalıdır. "Yenilməz ordu", "Ari irq", "Erməni möcüzəsi", şeytan labirintli diaspor, çirkin məqsədli lobbi, "5-ci kalon"?.. - Keçmir daha. Olan oldu, keçən keçdi. Gecdir daha. "Şuşa müqaviləsi"ni Milli Məclisdə ratifikasiya etmiş, "3+3"ün bütün konstruktiv tərəfləri ilə münasibətləri bir üst səviyyəyə daşıyan Azərbaycan yaxın zamanlarda, daha da güclənmiş şəkildə, Avropa Birliyi ilə ikitərəfli saziş imzalamaq  ərəfəsindədir. Bütün bunlar dayanıqlı güc, bacarıq, məharətli diplomatiya tələb edir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAĞIMIZ UCA OLSUN!

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31