Gedirik bizsiz darıxan, DUMANSIZ ŞUŞAYA...-YUNUS OĞUZ
29 Avqust 2021 20:56 SiyasətYunus Oğuz
Doğrusu Bakıda olanda yazacağım məqalənin adını "Şuşanın dağları, başı dumanlı (sız)" qoymağı düşünürdüm, amma alınmadı. Bunu ona görə fikirləşmişdim ki, Şuşa iki yüz ildir ( onun otuz ili ermənilərin payına düşür) əsarətdə idi. Heydər Əliyev Fondu tərəfindən təklif ediləndə ki, avqust ayının iyirmi doqquzu "Vaqif" məqbərəsinin açılışında iştirak edəcəksən, məmnuniyyətlə razılaşdım. Otuz illik işğaldan sonra Şuşanı, mənəvi paytaxtımızı, illərdir içimizi sızladan, bizi dağına-daşına həsrət qaldığımız bu şəhəri kim görmək istəmir ki? Bu şəhər bizim ideologiyamızı və musiqilərimizi dünyaya çatdıran insanlarımızın ana yurdudur. Bu şəhər zəfərimizin təsdiqidir. "Şuşa alınmasa qələbəmiz yarımçıq olar".- belə demişdi 44 günlük müharibə zamanı cənab Prezident. Doğrudan da, yarımçıq olardı...
Qırx beş illik yazı-pozu fəaliyyətimdə ilk dəfədir Şuşada oturub yazı yazıram. Şuşada yazı yazmaq. Bu bilirsinizmi nə deməkdir? Bu müharibə sonrası savaşı qələm davam etdirməlidir deməkdir, etdiririk də. Bu müstəqil dövlətimizin müharibədən sonra savaş diplomatiyasının qələbəsidir. Mən Şuşada yazı yazıram. Doğrusu, bir az da kövrəldim .
Proqramımız çox zəngindir. Hələlik yol təəssüratları.
Təbiidir, bunsuz olmaz, iki dəfə koronavirus testindən keçdikdən sonra Filarmoniyanın həyətindən on bir mikroavtobus (hər oturacaqda bir nəfər oturmaq şərtilə) Şuşaya yola düşdü. Bizimlə bir yerdə Prezident Aparatının humanitar məsələlər üzrə şöbə müdiri Fərəh xanımla yanaşı, Azərbaycanın yaradıcı insanları, elm və ədəbiyyat adamları "Zəfər yolu"na uğurlandıq. Qoy onların bir neçəsinin adını sadalayım. Hörmətli oxucularım başa düşsünlər ki, Şuşaya doğrudan Azərbaycanın ictimai-siyasi fikir, bədii ədəbiyyatına təsir edə biləcək insanlar (vaxtilə 1982-ci ildə Heydər Əliyev tərəfindən açılışı edilən, həmin ilin yayında Vaqif poeziya günləri keçirildi) bu dəfə erməni vandallarının dağıtdığı məqbərənin yenidən bərpasına toplaşmışdılar. Açılış cənab prezident tərəfindən sabah olacaq. Təbiidir ki, hələ 1982-ci ilin açılışında Heydər Əliyevlə birlikdə olan Yazıçılar Birliyinin sədri Anar və onun katibləri Elçin Hüseynbəyli, İlqar Fəhmi, Xəyal Rza da iştirak edəcəkdilər. Daha sonra akademiklər İsa Həbibbəyli, Nizami Cəfərov, Teymur Kərimli, keçmiş səfirlər, millət vəkilləri Qənirə Paşayeva, Aqil Abbas, Fazil Mustafa, Əziz Ələkbərli , hocam, xalq şairi Sabir Rüstəmxanlı, xalq şairi, dəyərli Nəriman Həsənzadə, xalq yazıçısı Mövlud Süleymanlı, qələmlərinə hər zaman hörmət etdiyim Vilayət Quliyev, Həsən Həsənov, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan, tənqidçilər Elnarə Akimova, Vaqif Yusifli, Tehran Alışanlı şeirlərinə həmişə hörmət bəslədiyim və sevdiyim dostum Elçin Mirzəbəyli, gənc şairlərdən Şəhriyar, Fərid Hüseyn, "525-ci qəzet"dən Yusif Rzayev və başqaları.
Nə isə, yola düşdük, Şuşaya doğru.
Vallah iştirakçıların hamısını yazsam üç-dörd səhifə olacaq. Odur ki, kimin adlarını yazmadım, gərək məni bağışlasınlar. Hamısına hörmətim olmaqla yanaşı, məqsədim gedənlərin tam siyahısını vermək deyil. Dəvət olunanların ( bunu xüsusi olaraq qeyd etmək istəyirəm) əksəriyyətinin Azərbaycanın ictimai-siyasi mühitində fərqli fikir söyləməklərilə həmişə ictimaiyyəti özlərinə cəlb ediblər.
Yollar, doğrusunu deyim ki, bu yollar ideal vəziyyətdədir. Kürdəmirdən birinci dərəcəli yoldan ikinci dərəcəli yola İmişliyə döndük. Yenə də ideal. Vallah tərifləmirəm. İllərdir görülən işlər bəhrəsini verir, Əlbəttə Ziya Məmmədovsuz. Çünki.....