Türkiyədə Respublika Günü qeyd edildi
27 May 2013 16:49 SiyasətAzərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü Türkiyənin İstanbul şəhərində də qeyd edilib. İstanbul Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətindən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, bayram tədbirində Azərbaycandan olan millət vəkili Jalə Əliyeva, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun nümayəndəsi Əmmə Heydərova və digər rəsmi şəxslər iştirak edib. Həmçinin yubiley tədbirinə Türkiyədə fəaliyyət göstərən bir sıra diaspor təşkilatı rəhbərləri də qatılıb. Bayram tədbirində çıxış edən İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, keçdiyi şərəfli yol barədə danışıb. Natiq həmçinin müstəqil Azərbaycan dövlətinin bu günkü durumu, əldə etdiyi nailiyyətlər barədə də tədbir iştirakçılarını məlumatlandırıb. Səfər Karakoyunlu Azərbaycanla Türkiyənin iki dost-qardaş ölkə olduğunu deyib və bu qardaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyini vurğulayıb. İstanbul Türkiyə-Azərbaycan Dostluq Dərnəyinin ofisində baş tutan bayram tədbiri konsert proqramı ilə başa çatıb.