Dövlət başçısı üçün əhalinin sağlamlığının qorunması, təmin edilməsi başlıca prioritetdir
3 Fevral 2021 11:18 SiyasətAzərbaycanda bütün sahələr kimi səhiyyə sistemi də inkişaf edir, insanların, ölkə vətəndaşlarının sağlamlığının ən yüksək səviyyədə təmin olunması istiqamətində davamlı addımlar atılır. Ötən 17 il ərzində qeyd edilən istiqamətdə həyata keçirilən tədbirlər, atılan addımlar fonunda bunu aydın şəkildə görmək mümkündür. Məhz səhiyyə ssahəsində zamanında atılan uğurlu addımların nəticəsidir ki, bu gün Azərbaycan dövləti bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədə daha ciddi nəticələrə nail ola bilir və bu müsbət dinamika özünü açıq şəkildə göstərir. Təsadüfi deyil ki, əksər siyasilər. eyni zamanda ekspertlər də bu qənaətdədirlər. Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli də deyir ki, bu gün koronavirus pandemiyasına qarşı mübarizədə əldə edilən nəticələrin təməlində zamanında səhiyyə sahəsində atılan addımlar, istər paytaxt, istərsə də regionlarda yeni tibb mərkəzləri, səhiyyə ocaqlarının yaradılması dayanır. Süleyman İsmayılbəylinin sözlərinə görə, Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 il ərzində qeyd edilən sahədə görüyü işlər, həyata keçirdiyi tədbirlərin fonunda bunu aydın görmək mümkündür: "Ötən 17 il ərzində müxtəlif dövrlərdə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində respublikamızda yüzlərlə səhiyyə ocağı tikilib istifadəyə verilib, yaxud yenidən qurulub, müasirləşdirilib. Eyni zamanda həmin səhiyyə ocaqları, xəstəxanalar müasir avadanlıqlarla təchiz edilib. Paralel olaraq tibb sahəsində çalışanların bilik və bacarıqları artırılıb ki, bu da günümüzdə çox vacib olan amillərdəndir. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, günümüzdə hər birimiz üçün ciddi təhlükə mənbəyinə çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə məhz dünyanın müxtəlif ölkələrində, xüsusilə də qardaş Türkiyədə təcrübə keçən, yaxud orada tibb təhsili alan vətəndaşlarımız, həkimlərimiz xalqımızın sağlamlığının keşiyində dayanırlar".
Süleyman İsmayılbəyli diqqətə çatdırıb ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də dövlət televiziyasına verdiyi müsahibədə ötən illər ərzində səhiyyə sahəsində atılan addımlar, əldə edilən nəticələr və hazırkı vəziyyət barədə geniş, ətraflı məlumat verib, ötən illər ərzində görülən işlərə bir daha nəzər salıb: "Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dediyi kimi 17 il əvvəl səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi. Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti, şəxsən dövlət başçısı da bu işin öhdəsindən layiqincə gəldi. Belə ki, Azərbaycanda hər il 5 milyon insan - ölkə əhalisinin yarısı dövlət hesabına tibbi müayinədən keçir və bu proses davamlı xarakter daşıyır. Cari ildə də anoloji tədbirin həyata keçiriləcəyi istisna edilmir. Çünki dövlət başçısı üçün əhalinin sağlamlığının qorunması, təmin edilməsi başlıca prioritetdir".
MVP rəsmisi onu da diqqətə çatdırıb ki, istər səhiyyə sahəsində görülən tədbirlər və əldə edilən nəticələr, istərsə də koronavirus pandemiyasına qarşı aparılan mübarizədə əldə edilən müsbət dinamika beynəlxalq aləm, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də müsbət qarşılanır, təqdir edilir: "Qeyd etdiyim kimi bu müsbət dinamika zamanında həyata keçirilən tədbirlər, Prezident İlham Əliyevin 17 il ərzində sözügedən istiqamətdə atdığı addımlarla bağlıdır. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycanın xəstəxana fondu hər hansı xoşagəlməz hadisələrə, pandemiyaya əvvəlcədən hazır olub. Dövlət başçısının qeyd etdiyi kimi əvvəl Azərbaycanda cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdisə, hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Bundan başqa tibb ocaqları və kifayət qədər çarpayı sayının mövcudluğuna baxmayaraq pandemiyanın yayıldığı müdət ərzində modul tipli 13 xəstəxana quraşdırılıb. Eyni zamanda həmin xəstəxanalar da bütün müasir tibb avadanlıqları ilə təmin edilib. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya qarşı mübarizədə "Azərbaycan modeli" haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim edib. Bu arada onu da qeyd etmək yerinə düşər ki, ölkə ərazisində keçirilən rəy sorğusunun nəticələri də cəmiyyətin pandemiyaya qarşı aparılan mübarizədən razı qaldığını təsdiqləyir. Belə ki, "Qallap" rəy sorğu şirkətinin apardığı təhlil-rəy sorğusuna əsasən, Azərbaycan vətəndaşlarının 86 faizi dövlətin pandemiyaya qarşı mübarizəsini yüksək qiymətləndirir. Bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir".
Füzuli
Olaylar.az