Ermənilərin təxribatı öz başlarında çatladı- AŞ PA erməni nümayəndə heyətinin heç bir təklifini qəbul etməyib
28 Yanvar 2021 11:22 SiyasətBeynəlxalq tədbirlərin videokonfrans formatına keçirilməsini zəruri edən koronavirus pandemiyasının (COVİD-19) səngiməsi müşahidə olunmaqdadır. Artıq bəzi beynəlxalq təşkilatlar öz iclaslarının ənənəvi qaydada keçirilməsi barədə qərar veriblər. Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası da ənənəvi iş fəaliyyəti barədə qərar verib. Sessiyanın bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın qurumdakı nümayəndə heyəti bu dəfə qalib ölkənin təmsilçiləri kimi iştirak edirlər. Ermənistan nümayəndə heyəti isə ənənəvi təxribatlarını davam etdirilrər. Məlumat üçün qeyd edək ki, bu dəfə də Ermənistan nümayəndə heyəti təxribatından əl çəkməyərək ölkəmizə qarşı qarayaxma kampaniyası təşkil etməklə Zəfər qələbəmizə kölgə salmağa çalışıb. Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasın Monitorinq Komitəsinin "AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı" adlı qətnaməsi qəbul edilib. Qətnamə layihəsində monitorinq proseduruna və ya monitorinqdən sonrakı dialoqa cəlb edilmiş ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda baş vermiş əsas hadisələr qiymətləndirilir və müvafiq tövsiyələr verilir. Sözügedən qətnamədə Ermənistanla Azərbaycan arasında baş vermiş döyüşlər kontektsində müvafiq bəndlər yer alıb. Belə ki, qətnamənin 5-ci bəndində komitənin 2020-ci il sentyabrın 27-də Ermənistanla Azərbaycan arasında Qarabağ bölgəsində baş verən döyüş əməliyyatları ilə bağlı hadisələri izlədiyi, bu mövzuda cari məsələlər üzrə debat irəli sürdüyü, hər iki tərəfdən deputatların iştirakı ilə fikir mübadiləsi təşkil etdiyi, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərin münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyi qeyd olunur. Qətnamənin 11-ci bəndində isə bu fikirlər yer alıb: "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır və Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir. Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir, bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını, günahkarların mühakimə olunmasını gözləyir". Məlumat üçün qeyd edək ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin sözügedən qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib.
Bununla kifayətlənməyən Ermənistan nümayəndə heyəti Hadrut ətrafında Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən saxlanılan 62 nəfərdən ibarət erməni diversant qrupunu "hərbi əsir" kimi təqdim etməyə və Avropa İnsan Hüquqları Məhkəməsinə siyasi təzyiq etməyə cəhd göstərib. Qeyd edilən mövzunu AŞPA-nın qış sessiyasının gündəliyinə daxil etməyə çalışıblar. Lakin AŞPA-nın Bürosu bu mövzunun gündəliyə daxil edilməsini tövsiyə etməyib və Plenar Assambleya da bu qərarla razılaşıb. Lakin ermənilər yenə "hərbi əsirlərlə" bağlı məsələnin Monitorinq Komitəsinin hesabatına daxil etməyə cəhd göstəriblər, 4 düzəliş təqdim ediblər. AŞPA-nın prosedur qaydalarına əsasən bu "düzəlişlər" ilkin olaraq AŞPA-nın Siyasi münasibətlər və demokratiya Komitəsində müzakirə edilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun fəaliyyəti nəticəsində Komitənin mütləq əksəriyyəti "düzəlişləri" qəbul etməyib. Komitə tərəfindən qəbul edilmədiyi üçün bu "düzəlişlər" plenar iclasda yalnız 10 üzv tərəfindən dəstək alarsa səsə qoyula bilərdi. Ermənilər heç bir dəstək almayıb və hətta Ermənistan nümayəndə heyətinin üzvü Ruben Rubinyan özlərinin təqdim etdikləri düzəlişlərin əleyhinə çıxış edib.
Bundan başqa, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında "Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi" mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarilə, qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib. Eyni zamanda, vurğulanıb ki, yanvarın 25-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qış yarımsessiyasında AŞPA üzvləri qarşısında çıxışında təşkilatın mövqeyini bir daha ifadə edərək Ermənistan ilə Azərbaycan arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladıqlarını söyləyib. O, Avropa Şurasının səlahiyyətləri çərçivəsində hər iki ölkəyə postkonflikt dövründə dəstək verməyə hazır olduqlarını və bu məqsədlə tərəflərlə məsləhətləşmə apardıqlarını bildirib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, ermənilər AŞPA-nın qış sessiyasına yeni təxribatlarla gəlmişdilər. Hətta sessiyanın gündəliyi ilə bağlı təxribatlara cəhd etmişdilər. Onlar Azərbaycanla bağlı birbaşa məsələ qaldırmışdılar, ancaq bu cəhdləri tamamilə iflasa uğradı. Əvvəlcə AŞPA-nın Bürosunda, sonra isə Parlament Assambleyasında onların irəli sürdükləri məsələ heç müzakirəyə belə təqdim edilmədi. Səməd Seyidov bildirib ki, Ermənistan nümayəndə heyətinin üzvləri hələ də təxribatlardan əl çəkmirlər: "Bizim nümayəndə heyətimiz qürurludur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk sessiyadır ki, iştirak edirik. Qalib ölkənin nümayəndə heyəti kimi sessiyada qürurla iştirak edirik. Bu hissi bizə yaşadanlara təşəkkür edirik". Səməd Seyidov qeyd edib ki, nümayəndə heyətimiz dünya ictimaiyyətinə, AŞPA parlamentarilərinə həqiqətləri çatdırır, konkret olaraq faktları göstərir: "Ona görə də erməni tərəfi başa düşməlidir ki, təkcə Azərbaycanla bağlı deyil, ümumiyyətlə beynəlxalq səviyyədə yürütdükləri siyasət iflasa uğrayır. Onlar bu barədə nə qədər tez düşünsələr, bir o qədər də tez sabitlik və böhrandan çıxmaq haqqında düşünməyə vaxtları olacaq. Əks təqdirdə, gərginlik, mövcud vəziyyət Ermənistanı daha dərin böhrana salacaq. Ermənilər başa düşmürlər ki, Azərbaycan öz torpaqlarında müharibə aparıb. AŞPA-nın Bürosu, eləcə də Parlament Assambleyası yaxşı bilir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Bir qarış belə başqa torpaqlara, Ermənistan ərazisinə müdaxilə etməyib. Ermənistan nümayəndə heyətinin Azərbaycanla bağlı səsləndirdiyi böhtanlar hamıya məlumdur. Hər kəs bilir ki, Azərbaycan BMT-nin sənədlərini, elə Avropa Şurasının özünün 1416 saylı qətnaməsini yerinə yetirib, beynəlxalq qanunu regiona gətirib. Beynəlxalq qanuna qarşı çıxan bir ölkə var ki, o da Ermənistandır. Buradakı parlamentarilər beynəlxalq qanunu hansı tərəfə çəksələr də, ona qarşı çıxa bilməzlər. Ona görə də erməni nümayəndələrin cəhdlərini rədd etmək normaldır. Həmçinin Ermənistanın destruktiv siyasəti artıq hamıya bəllidir. Bizim torpaqlarımız işğal altında olanda da bizi ittiham edirdilər. İndi uduzanda, torpaqlarımızdan qaçanda da bizi ittiham edirlər. Artıq yetər. Bizi yox, özlərini ittiham etməlidirlər. İşğal siyasətləri onları bu böhrana salıb. Təbiidir ki, AŞPA deputatları bunu yaxşı başa düşür və dərk edirlər".
Nurlan