İşğaldan azad olunmuş ərazilərdə işlər kompleks şəkildə həyata keçirilir
28 Yanvar 2021 11:13 SiyasətKönül Nurullayeva: "Qarabağın incisi, mədəniyyət paytaxtımız olan Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi əsas prioritetdir"
44 günlük Vətən müharibəsi və Azərbaycanın əldə etdiyi möhtəşəm zəfərdən sonra əsas diqqət təbii ki, işğaldan azad edilmiş şəhər və rayonlarımızın yenidən qurulması və bərpasına yönəlib. Artıq ötən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bununla bağlı bir neçə fərman və sərəncam imzalayıb, hətta işğaldan azad edilmiş bir neçə rayona səfər edərək həmin rayonlarda salınacaq hava limanı, çəkiləcək yeni avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.
İşğaldan azad edilmiş şəhər və rayonlarda həyata keçiriləcək quruculuq-abadlıq işləri, yenidənqurulma prosesinə xarici ölkələrin də maraq göstərməsi onu deməyə əsas verir ki, düşmən azad olunan ərazilərimizdə yenidən qurulma işləri qısa müddətdə başa çatacaq və Qarabağ əvvəlki inkişaf dövrünü belə geridə qoyacaq.
Düşmən tapdağından azad edilən ərazilər içərisində Şuşa şəhəri isə xüsusi əhəmiyyətə malikdir. Elə dövlət başçısının işğaldan azad edilən rayonlar üzrə ilk olaraq Şuşaya nümayəndə təyin etməsi də Şuşanın nə dərəcədə əhəmiyyətli olduğunu bir daha təsdiqləyir. Elə Cənab Prezident Şuşaya təyin etdiyi xüsusi nümayəndə Aydın Kərimovu videoformat şəklində qəbul edərkən də bu məqam açıq şəkildə öz təsdiqini tapdı. Prezident çıxışında bildirdi ki, Şuşa tez bir zamanda yenidən qurulub inkişaf etməlidir: "Biz bütün infrastruktur layihələrini icra edərək Şuşanı tez bir zamanda bərpa edəcəyik. Bildiyiniz kimi, Şuşaya gediş-gəlişin təşkil edilməsi üçün mənim Sərəncamımla yol çəkilir. Füzuli hava limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə verilməlidir. Ondan sonra beynəlxalq uçuşlar təşkil edilməlidir. Şuşa ilə bağlı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçirilməlidir. Siz Azərbaycan Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə bu proqramı işləyin. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatı keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, eyni zamanda, beynəlxalq ictimaiyyət bərpa işlərimizin gedişi ilə bağlı məlumatlandırılmalıdır".
Dövlət başçısı qeyd edib ki, biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik: "Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm. Necə ki, əvvəlki dövrlərdə demişdim biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik və vermədik".
Dövlət başçısının məlum fikirlərinə diqqət çəkən Milli Məclisin deputatı Könül Nurullayeva da deyib ki, Qarabağın incisi, mədəniyyət paytaxtımız olan Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi əsas prioritetdir: "Artıq Prezidentin Şuşada xüsusi nümayəndəsi də təyin edildi. Bərpa prosesi bundan sonra daha sistemli şəkildə aparılacaq. Dövlət başçısının da qeyd etdiyi kimi, bu illər ərzində ermənilər Şuşanı dünyaya erməni şəhəri kimi təqdim etmək istiqamətində çalışsalar da, buna nail ola bilmədilər. Şuşa hər zaman Azərbaycana məxsus olub, ona görə də illər sonra Şuşaya bu tarixi şəhərin əsl sahibləri qayıtdılar. İşğal dövrünə qədər Şuşada daim azərbaycanlılar yaşadığı kimi, bundan sonra da azərbaycanlılar əbədi olaraq Şuşada yaşayacaqlar".
Könül Nurullayeva vurğulayıb ki, Şuşa məhz rəşadətli Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndi və azadlığına qovuşdu: "Düşmənin bu vaxta qədər Şuşa başda olmaqla digər ərazilərimizdə törətdiyi vandallıq aktları da təsdiqləyir ki, bu ərazilərin tarixi baxımdan ermənilərə heç bir aidiyyəti olmayıb. Azərbaycan Qarabağın sosial-iqtisadi inkişafı üçün mövcud imkanları düzgün dəyərləndirməklə regionda yeni inkişaf zonası yaradacaq. Biz Şuşanın qədim Azərbaycan şəhəri kimi dünyaya tanıdılması istiqamətində çalışacağıq".
Millət vəkili deyib ki, Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatın keçirilməsi ilə bağlı tapşırığı olduqca vacibdir: "Çünki ermənilərin bu vaxta qədər və 44 günlük Vətən müharibəsindən sonra apardığı saxta məlumatlara əsaslanan təbliğatının qarşılığında biz dünyaya tarixi həqiqətləri daha geniş miqyasda çatdırmalıyıq. Beynəlxalq ictimaiyyət bərpa işləri ilə məlumatlandıqca həm də Şuşanın orijinal siması ilə yaxından tanış olacaq, bu tarixi şəhərin azərbaycanlılara və Azərbaycana məxsusluğuna bir daha əmin olacaq. Beləliklə, ermənilərin bu vaxta qədər həyata keçirdiyi yalan təbliğat ideologiyası növbəti dəfə ifşa olunacaq".
Deputat onu da qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə işlər kompleks şəkildə həyata keçirilir: "Dirçəliş konsepsiyasının icrası azad olunmuş bölgələrimizin qısa vaxtda inkişaf etmiş zonaya çevrilməsinə hesablanıb. Bütün bölgələrdə müasir sosial-iqtisadi infrastruktur yaradılacaq. Azərbaycan dövləti bu istiqamətdə bütün imkanlarını səfərbər edib".
Süleyman