Ermənistana qarşı beynəlxalq təzyiq artıb- MÖVQE
28 Yanvar 2021 11:08 Siyasətİşğalçı ölkə hərbi sahədə olduğu kimi diplomatik sahədə də uğursuzluğa düçar olub
2020-ci il Azərbaycan tarixində şanlı zəfər ili kimi yaddaşlarda həkk olundu. Otuz ilə yaxın davam edən Qarabağ münaqişəsi cəmi 44 günlük müharibə ərzində ölkəmizin qələbəsi ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. Ermənistan təslimçilik bəyanatına imza atmağa məcbur oldu. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin edilmiş oldu. Ölkəmiz nəinki hərb meydanında, eləcə də diplomatiya sahəsində Ermənistanı diz çökməyə məcbur etdi. Azərbaycanın haqq savaşı, ədalətin bərpası, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı çıxardığı qərarlarım icra edilməsi ölkəmizin beynəlxalq nüfuzunu artırmış oldu. Nəticədə dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatlar ölkəmizin haqq işinə dəstək vermiş oldu. Artıq dünyanın aparıcı dövlətləri, xüsusən güc mərkəzləri Azərbaycanla hesablaşmaq zorunda qalıb, regionda ölkəmizin iştirakı olmadan heç bir yerli və beynəlxalq layihələrin icrası mümkün deyil. Çünki, Azərbaycanın həyata keçirdiyi düşünülmüş xarici siyasət Ermənistan dövlətinin əsil mahiyyətini ortaya qoydu.
Millət vəkili Sahib Alıyev deyir ki, Ermənistan hərbi sahədə olduğu kimi diplomatik sahədə də uğurszluğa düçar olub: "Son iki-üç gün ərzində 4 ölkənin xarici siyasət məsələlərinə baxan təmsilçilərinin ikinci Qarabağ savaşı haqqında açıqlamalarına diqqət etmək yetər ki, Ermənistanın diplomatik müstəvidə də tam uduzduğu aydın olsun. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovdan başlayaq, o 44 günlük savaşın bir dərs olduğunu bildirir. Və savaşın nəticəsi elə Minsk qrupu həmsədrlərinin təkliflərini əks etdirir deməklə, onu diqqətə çatdırır ki, haylar zamanında onlara qulaq asmadılar, nəticədə həm tutduqları torpaqları boşaltdılar, həm də böyük itkilərlə üzləşdilər. Azərbaycanda səfərdə olarkən torpaqlarımızın azad olunmasına sevindiklərini bildirən İranın Xarici İşlər naziri Cavad Zərif isə paylaşdığı tvitdə yazır ki, "davamlı sülhə gedən yol hamının faydalanacağı tranzit dəhlizlər də daxil olmaqla əhatəli regional tənzimləmələrdən keçir". Yəni ki, Ermənistan revanşist düşüncələrə son qoyub Azərbaycanın əməkdaşlıq haqda təklifindən faydalanmalı və bunu özü üçün lütf saymalıdır. Almaniyanın Xarici İşlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri, Hayko Maasın AŞPA-nın qış sessiyasında erməni deputatın sualını cavablandırarkən "Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarda xarici muzdlulardan istifadəsi haqda heç bir dəlil tapılmadı" sözlərinin diplomatik dildən tərcüməsi isə "mumlayın, saxta ittihamlar, uydurmalarla bizim vaxtımızı almayın" deməkdir. Nəhayət Fransanın Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan-Batist Lemuan Bakıda savaş zamanı ölkəsinin çətin durumla üzləşdiyini, ancaq beynəlxaq hüquqa dayanaraq Azərbaycanın torpaq bütünlüyünü tanıdığını dilə gətirdi. Ələbəttə, sual oluna bilər ki, əgər söhbət beynəlxalq normalara uyğun hərəkət etməkdən gedirsə, onda Fransa niyə belə tərəddüdə bulunaraq özünü çətinə salırmış, amma onsuz da hər şey aydındır. Savaşdan elə də çox vaxt keçmədiyindən Prezident Makronun və parlamentinin timsalında Fransanın davranışı da unudulmayıb. Lemuanın açıqlamasına gəldikdə isə bu o anlam daşıyır ki, ölkəsi "kiçik bacı" adlandırdıqları Ermənistanın cənab Prezidentin təbrincə desək, belinin sındırılmasıyla barışıb. İndi bizdən istəkləri odur ki, bunu nəzərə alaq və onlarla savaşdan əvvəlki əməkdaşlığı yenə də davam etdirək".
ABŞ-ın regionda baş verən hadisələrə münasibətinə gəldikdə millət vəkili qeyd edib ki, verilən reaksiyadan belə görünür ki, ABŞ-ın Avrasiya ölkələrilə siyasətinə təsir baxımından önəmli rol oynayan beyin mərkəzi-"Atlantik Şura" Azərbaycanın öz torpaqlarının işğaldan azad etdikdən sonra regionda geniş və dərin əməkdaşlığa yol açan pax caucasica planını dəstəkləyir. Bu plan və ölkəmizin gələckdə atmaq niyyətində olduğu addımlar haqda sözügedən beyin mərkəzinin təşkil etdiyi internet seminarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev açıqlama vermişdi: "Orada səslənən suallardan belə görünür ki, ABŞ 44 günlük savaşdan sonra regionda yaranmış yeni reallığı dəyərləndirərək ona uyğun addım atmağı planlaşdırır və bunun üçün də ekspertlər səviyyəsində də Azərbaycanın mövqeyini dəqiqləşdirir. Azərbaycanın isə mövqeyi bundan ibarətdir ki, ABŞ ilk növbədə ölkəmizin regional inteqrasiya və əməkdaşlıq üçün yaxşı perspektivlər vəd edən siyasətini dəstəkləməlidir. Ona görə də Minsk qrupu həmsədrlərindən biri olaraq Ermənistanı və öz ölkəsindəki hay diasporunu revanşist addımlardan çəkindirməli, onları uydurma keçmişlə yaşamamağa, reallığı düzgün qiymətləndirib ona uyğun hərəkət etməyə çağırmalıdır. Eyni zamanda Amerika həm işğaldan azad olunan torpaqlarda başladılacaq quruculuq işlərində, həm də oraların minalardan təmizlənməsində mühüm yer ala bilər. Hayların internet "zinvor"larının "Atlantik Şura"nı tənqid edən paylaşmaları isə ondan xəbər verir ki, bu önəmli beyin mərkəzindəkilər də eyni fikirdədirlər. Yeri gəlmişkən, onu da deyim ki, "Atlantik Şura" rəsmi Vaşinqtonun Avrasiya siyasətinin formalaşmasında yetərincə rol oynayan beyin mərkəzi olmaqla yanaşı, siyasi elitayla geniş əlaqələri, üzvlərinin tez-tez təhlükəsizlik və xarici siyasətlə bağlı mühüm postlara təyin edilməsilə də fərqlənir".
Alim