İordaniya niyə dost dediyi Azərbaycana xəyanət edir?

Partiya sədri: "Belə ölkələrdəki diplomatlarımızın fəaliyyəti, kimliyi yaxşıca saf - çürük edilməlidir"

"Hər birimizin tez-tez üz tutduğumuz bir ünvan var-hikmət dünyası, saf söz aləmi, atalar sözü. Hər deyilən söz, söylənən fikir o dünyaya girə bilməz. Onun qapısından keçməyə müvəffəq olan hər hikmətli ifadə də orada qərar tuta bilməz.Yalnız xalqın ruhunun, düşüncəsinin, mədəniyyətinin, tarixinin, fəlsəfəsinin süzgəcindən axıb gələn ibarələr yaşmağa qadirdir. Ata sözü adını ona görə veriblər ki, ata nəslin, xalqın, millətin davamçısı, toxumudur. Atalar sözü milli düşüncəmizin, fikrimizin, hikmətimizin toxumudur. "Dost dar gündə bilinər". Cəmi dörd kəlmədən ibarət bu cümlənin fəlsəfəsi dünyamızın özü qədər böyükdür. Hər birimiz bu sözlərin hikmətini, doğruluğunu öz həyatımızda bəlkə də dəfələrlə görmüşük". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, 12 iyulda  Ermənistan ona sahiblik edənlərin fitvası ilə yenidən üzərimizə gəlmək istədi. Ordumuz düşmənin burnunu ovub geri otuzdurdu. Böyük zərbələr vurdu. Yaralarından hələ də qan axır, axacaq da: "Bizim bu dar, yaman günümüzdə kimin kim olduğu da bəlli oldu. Dost dediyimiz, illərlə çörək yedizdirdiyimiz bir sıra dövlətlər bizə xəyanət etmək üçün sanki fürsət gözləyirmişıər. Kimi ermənilərə silah - sursat, hərbi texnika göndərir  (Serbiya, Rusiya, İordaniya ), kimi bu silahların daşınması üçün yol verir  (Gürcüstan ), kimi informasiya dəstəyi verir, düşmən yalanlarını tirajlayır, dünya ictimai fikrini əleyhimizə yönəldir. (Rusiya, Fransa, ABŞ və s.) kimi erməni işğalına yox deyən xaricdəki diaspora təşkilatlarımızın qanunu aksiyalarının iştirakçılarını daşnaklar,  terrorçu erməni təşkilatı olan ASALA-ya döydürür, xəsarət yetirdir (ABŞ, Fransa, Belçika, Rusiya və s.). Xristian dövlətləri ilə hər şey aydındır. Gerçəklikdə onlar müstəqil siyasət yeridən, heç kimə boyun əyməyən Türk və müsəlman dövləti olan Azərbaycanı həzm edə bilmirlər. Bizi acıdan, kədərləndirən, qardaş dediyimiz, müsəlman bildiyimiz İordaniyadır. Bu ərəb dövlətini idarə edənlər özlərinin Peyğəmbər nəslindən olduğunu iddia edirlər. Amma əməlləri bunun əksini deyir. Yeri gəlmişkən, bu dövlətin kralı II Abdullahın babası Şərif Hüseyn 1916- cı ildə Britaniyadan pul alaraq, Osmanlı dövlətinə xəyanət etmiş, tərəfdarlarını üsyana qaldırmışdır. Sonradan elə həmin ingilislər onu Kipr adasına sürgünə göndərmişdilər. Peşmançılıq içində yaşayan Ş. Hüseyin oradaca  ölmüşdür. Indi onun törəməsi müsəlmanın qanını tökən, İslam inancından olan insanlara qarşı soyqırım təşkil edən, vəhşi ermənilərlə qol-boyun gəzir, onlara silah - sursat, texnika göndərir, Peyğəmbər babasının (buna adamın heç inanmağı gəlmir) ruhuna və dost dediyi Azərbaycana xəyanət edir. Kral Abdullah bilməmiş deyil ki, qeyri dürüstlük müsəlmanı cəhənnəmə aparan yoldur.  Bir faktı da demək yerinə düşərdi. Bu ilin fevralında Yerevana gedən  II Abdullahın, adətən, xarici səfərləri bir gün çəkdiyi halda, o,Ermənistanda iki gün qalmışdı. Sözsüz ki, bütün bunlar dövlətimiz tərəfindən diqqətə alınmalı,ciddiyətə götürülməlidir. Bizim milli maraqlarımıza qarşı atılan hər bir addım araşdırılmalı, səbəbləri təhlil edilməli, siyasi qiyməti verilməlidir. Axı, həmin ölkələrin çoxu ilə əlaqələrimiz, bizim xarici siyasət idarəmizin bildirdiyinə görə, yüksək, bəziləri ilə strateji tərəfdaşlıq səviyyəsində olub. Həmin ölkələrdəki diplomatlarımızın fəaliyyəti, kimliyi yaxşıca saf - çürük edilməlidir. Bu gün DTX xaricdəki hər hansı bir diplomatımızın qapısını döymədən açarsa, buna heç kim təəccüblənməz. İnanıram ki, Prezident İlham Əliyevin islahatlar, dəyişikliklər kursu, korrupsiya qarşı barışmaz mübarizəsi xaricdəki bütün səfirlik və diplomatik nümayəndələtimizi də əhatə edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31