Dinc azərbaycanlılara qarşı erməni terrorunun qarşısı alınmalıdır

"Ermənistan ilk növbədə təxribata əl atdı. Tovuz istiqamətində ermənilərin törətdiyi təxribatın xeyli sayda pərdəarası səbəbləri var idi. Təxribatın məhz Tovuz seçilməsi, bu ərazidən enerji  daşıyıcılarının keçməsi, bu ərazinin dövlət sərhədi olması və s. məqamlar düşmənin hiyləgərliyi ilə yanaşı onun nə qədər qorxaq olmasından xəbər verir."

Bu fikirləri Olaylar.az- a açıqlamasında "QHT.az" saytının rəhbəri,  İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri Cəsarət Hüseynzadə bildirib.

İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri bildirir ki, cəbhədə layiqli cavabını alan düşmən bildiyimiz kimi münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərini cəlb etməyə çalışdı: "Bu istəyi də uğursuzluğa düçar olan ermənilər özlərinin tarixən həyata keçirdiyi terror əməllərinə əl atmağa başladılar. Son həftə ərzində ermənilər  Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə qarşı təxribatçı əməllər etməyə başladılar. Xüsusən Brüssel və Los Angelesdə baş verən hadisələr bəlkə də son illər diplomatiya tarixinin ən utan verici hadisəsidir.

Bildiyimiz kimi Brüssel şəhərində Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyimiz eyni residensda  yerləşir. Eyni zamanda diplomatların və əməkdaşların ailələri də bu residensda yaşayır. Yəni bu terrora təkcə diplomatlar deyil, onların ailə üzvləri və orada olan bütün azərbaycanlılar məruz qalıb. Los Angelesdə baş verən hadisələr isə insanlıq adına bir utancdır. Ermənistanın növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər törədildi."

Cəsarət Hüseynzadə qeyd edir ki. törədilən bu hadisələr zamanı Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir və terror əməlləri birbaşa Ermənistan dövlətinin siyasi mətbəxində hazırlanıb:

"Aparılan çəkilişlərdə açıq aydın çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunması, onlara xəsarətlər yetirilməsi, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqların pozulması müşahidə olunmuşdur. Tarixən ermənilərin bu tipli təxribatları, eləcə də terrorçu fəaliyyəti həyata keçirmişlər.

Xatırlasaq, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər, 24 türk diplomatını qətlə yetiriblər.

Ermənistan Respublikası müstəqilliyini bəyan etdikdən sonra isə bu dövlətin əsas siyasəti Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aksiyaları təşkil etmək olub.

Hadisələrin bu həddə çatmasında beynəlxalq təşkilatlar, xüsusən ATƏT-in Minsk Qrupu da məsuliyyət daşıyır. Çünki 30 ilə yaxın bir müddətdə bu qurum işğalçıya qarşı hər hansı təsir və cəza tədbiri həyata keçirməmişdir. Cəzasızlıq isə yeni təxribatlar üçün fürsət yaradır.

Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən bu təxribatların, vandalizm aktlarının qarşısı alınmalıdır. Belə hallar həmin ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir. 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir."

"QHT.az" saytının rəhbəri vurğulayır ki, bu təxribata beynəlxalq təşkilatlar və hadisənin baş verdiyi ölkənin hüquq mühafizə orqanlarının düzgün qiymət verməməsi diplomatiya tarixində yeni mənfi ənənələrin başlanğıcı ola bilər:

"Fikrimcə xaricdə yaşayan soydaşlarımızın yüksək vətənpərvərlik nümayiş etdirməsi alqışa layiqdir. Çünki onlar ilk gündən tam şəkildə səfərbər oldular və Ermənistanın təxribatına qarşı dinc etiraz aksiyaları keçidirlər. Bu aksiyalar ilə yanaşı soydaşlarımız Azərbaycan Ordusuna, Prezident İlham Əliyevə də dəstək aksiyaları keçiriblər.

Ümumilikdə bu günə kimi 25 ölkədə 56 aksiya keçirilib. Bütün aksiyalar keçirilməzdən öncə soydaşlarımız yaşadıqları ölkədə aidiyyəti qurumlardan icazə alıb, zaman və məkan razılaşdırılıb. Bu tədbirlər dinc və sivil formada keçirilir. Sözsüz ki orada müəyyən şüarlar səsləndirilir, mesajlar verilir."

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31