Dinc azərbaycanlılara qarşı erməni terrorunun qarşısı alınmalıdır
24 İyul 2020 12:50 SiyasətErməni hərbi birləşmələri tərəfindən Azərbaycanın Tovuz rayonu ərazisində başlanan təxribat dünyaya sirayət edib. Döyüş meydanında layiqli cavab alan ermənilər Avropa ölkələrində dinc aksiya keçirən azərbaycanlılara qarşı hücuma keçiblər. Son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal ermənilər tərəfinən təxribatlar törədilir. Təkcə bu fakt deməyə əsas verir ki, terror, təxribat Ermənistanın əzəli dövlət siyasəti olub və dara düşdükləri halda bu silahı işə salıblar. Xatırladaq ki, ermənilərin bu tipli təxribatları, eləcə də terrorçu fəaliyyəti yeni deyil. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər, 24 türk diplomatını qətlə yetiriblər. 1991-ci ildə Ermənistan respublikası müstəqilliyini bəyan etdikdən sonra terroru dövlət siyasəti vasitəsinə çevirmiş bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aksiyaları təşkil ediblər.
Məlumat üçün qeyd edək ki, son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər törədilib. Hüquqşünas Alim Hüseynli qeyd edib ki, Ermənistan həmişə ənənəvi təxribat ssenarisinə sadiq qalıb: "Belə ki, Ermənistan daim ölkəmizə qarşı təxribat hərəkətlərinə yol verib və ideoloji təbliğat maşını vasitəsilə baş verən hadisənin səbəbini, eləcə də onun yaradacağı məsuliyyəti Azərbaycanın boynuna atmağa çalışıb. Elə bu səbədən də Ermənistan rəhbərliyinin cəbhədə gərginliyi qızışdırmaq cəhdləri demək olar ki, eyni formada olur. Əvvəlcə Azərbaycan ərazisində dinc əhali atəşə tutulur, onların əmlaklarına, təsərrüfatlarına ciddi ziyan vurulur, layiqincə cavab aldıqda isə dərhal "Azərbaycan atəşkəsi pozur" deyə dünyaya car çəkilir. İyulin 12-də Tovuz rayonu ərazisində də ermənilər tərəfindən eyni ssenari həyata keçirildı. Bu dəfə döyüş meydanında məğlubiyyətə uğramış Ermənistanın baş naziri Nikol Paşinyanın dadına erməni doasporu çatdı. Təxribatı Ermənistan-Azərbaycan sərhədindən Avropaya daşıyan erməni diasporu əslində ölkəsinin "Tovuz təxribatını" unutdurmaq niyyəti güdür. Məlum olduğu kimi dünya dövlətləri və beynəlxalq təşkilatlar Tovuz rayonunun Dağlıq Qarabağa heç bir aidiyyatı olmadığını əsas gətirərək bu məsələdə Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər. Nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yayımlanan bəyənatlarda Ermənistanın bu addımı qətiyyətlə pislənildi, dərhal atışmanın dayandırılması tələb edildi. Məhz hərbi və diplomatik sahədə uduzduqlarını görən ermənilər Avropada təxribat törətməklə özlərinə haqq qazandırmağa çalışırlar. Lakin bütün cəhdlərə baxmayaraq Tovuz hadisələri Azərbaycanın hərbi əməliyyatları birtərəfli qaydada dayandırması ilə bağlı qərarına baxmayaraq, ermənilərin atəşkəsi pozmağa davam etməsi, işğalçı ölkənin ənənəvi təxribatçı siyasətini bir daya ortaya qoymuş oldu".
Hüquqşünas qeyd edib ki, ermənilər tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir. Birmənalı şəkildə qeyd etmək olar ki, ermənilərin bu hərəkətləri cinayət məsuliyyəti doğuran əməllərdir: "Əksər Avropa ölkələrində baş verən təxribat zamanı çoxsaylı dinc aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunub, onlara xəsarətlər yetirilib, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozulub. Odur ki, Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən bu təxribatların, vandalizm aktlarının qarşısı alınmalı, belə hallar həmin ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir. Qeyd etmək yerinə düşər ki, 61-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir. Adətən belə vandalizm, insan hüquq və azadlıqlarına qəsd kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirən beynəlxalq qurumların, beynəlxalq hüquq-müdafiə təşkilatlarının susqunluğu anlaşılan deyil. Bu, həmin təşkilatlarda ikili standartların və selektiv yanaşmanın hökm sürdüyünü aydın göstərir".
Zəka
Olaylar.az