Ermənistanın terrorçu siyasəti yeni müstəvidə
23 İyul 2020 18:31 SiyasətTovuz rayonu istiqamətində həyata keçirdiyi təxribat nəticəsində üzləşdiyi hərbi məğlubiyyətin ardınca, diplomatik sahədə də uğursuzluqla qarşılaşan işğalçı Ermənistan indi də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara qarşı çirkin kampaniyaya, fəaliyyətlərə start veriblər. Artıq Birləşmiş Ştatlardan tutmuş, dünyanın dörd bir yanına qədər hər yerdə, Avropa məkanında azərbaycanlılara qarşı erməni hücumları, erməni təxribatlarına rast gəlirik. Vəziyyət elə bir hədd alıb ki, artıq rəsmi Bakı erməni hücumları, təxribatına qarşı xaricdə də ciddi şəkildə fəaliyyət göstərmək məcburiyyətində qalıb. Hər halda Azərbaycan Xarici İşlər Nazirliyinin son günlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza qarşı artan basqılar fonunda aldığı bəzi qərarlar belə deməyə əsas verir. Bu sırada ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfirlikləri və digər diplomatik korpuslara gözlənilən erməni təhlükəsi, diplomatlarımızın həyatının qorunması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Əslində istər xaricidə yaşayan azərbaycanlılar, istər uğurla fəaliyyət göstərən diaspor təşkilatları, istərsə də səfirlik və digər diplomatik nümayəndəliklərimizə gözlınilən təhlükə onu deməyə əsas verir ki, Ermənistan bütün parametrlər üzrə məğlub duruma düşdüyünün fərqindədir. Bu səbəbdən də güc, şiddət amilindən istifadə edir. Ən son Birləşmiş Ştatlar Konqresində Azərbaycanın xeyrinə qəbukl edilən qərardan sonra müşahidə edilən erməni vəhşiliyi də bunun əyani sübutudur.
Heç kimə sirr deyil ki, xaricdəki erməni diasporu və lobbisinin bu vəhşiliyi, qeyri-insani davranışları birbaşa Ermənistan dövlətinin rəhbərliyi tərəfindən koordinasiya edilir. Necə ki, XX əsrin müxtəlif illərində başda ASALA olmaqla erməni terror təşkilatlarına qarşı dünyanın müxtəlif ölkələrində silsilə terror aksiyaları həyata keçirirdi. Bir sözlə, ermənilərin bu tipli təxribatları, eləcə də terrorçu fəaliyyəti yeni deyil. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər, 24 türk diplomatını qətlə yetiriblər.
İndi də eyni proses işğalçı Ermənistan dövlətinin rəhbərliyinin xeyir-duası ilə xaricdəki azərbaycanlı diplomatlara, diaspor təşkilatlarına qarşı reallaşdırılır. Bu da öz-özlüyündə Ermənistanın terrorçu bir ölkə olduğunu təsdiqləyir.
Ümumiyyətlə, 1991-ci ildə Ermənistan respublikası müstəqilliyini bəyan etdikdən sonra terroru dövlət siyasəti vasitəsinə çevirmiş bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aksiyaları təşkil ediblər. Ermənistanın müasir dövrümüzdə terrorizm və vandalizm siyasətinin ən bariz nümunəsi Bakı metrosunda törədilən terror aksiyası, eləcə də Xocalıda həyata keçirilən soyqırımdır. Təəssüflər olsun ki, hələ də sivil dünyada bu cür vəhşilik, vandallıq hökm sürdüyü halda, beynəlxalq aləm, dünya birliyi Ermənistana terror siyasətinə son qoymaq barədə ciddi təpki göstərmir. Halbuki Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən bu təxribatların, vandalizm aktlarının qarşısı təkcə Azərbaycan deyil, eləcə də dünya birliyi tərəfindən dərhal alınmalı, belə hallar həmin ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir. Çünki erməni vandallarının bu günlərdə Yerevanın xeyir-duası ilə yol verdikləri vəhşilik 61-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına ziddir. Eyni zamanda həmin Konvensiyaya əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir.
Füzuli
Olaylar.az