Azərbaycanın haqq işini müdafiə edən beynəlxalq təşkilatların sayı artır

Əksər beynəlxalq təşkilatlar Ermənistandan işğala son qoymağı tələb edir

İşğalçı Ermənistanın öz təcavüzkar siyasətini davam etdirməsi və zaman-zaman istər dövlət sərhədi, istərsə də Qarabağ istiqamətində həyata keçirdiyi təxribatlar hər nə qədər ölkəmiz, onun insanları, xüsusilə torpaqlarımızın keşiyində dayanan Silahlı Qüvvələrimizin əsgər və zabit heyəti üçün çətin anlar yaşatsa, bir sıra hallarda itkilərə səbəb olsa da, lakin ümumilikdə ermənilərin ərköyünlüyünün müəyyən mənada Azərbaycanın xeyrinə olduğunu da söyləyə bilərik. O mənada ki, dünya birliyi, beynəlxalq aləm, nüfuzlu təşkilat və qurumlar bir daha Ermənistanın işğalçılıq və təcavüzkar siyasətinin şahidinə çevrilir, həmin işğalı pisləyən bəyanatlar qəbul edirlər. Bu mənada ermənilərin bir neçə gün əvvəl Tovuzla dövlət sərhədində törətdikləri təxribat da, bir növ Azərbaycanın hərbi ilə yanaşı, diplomatik üstünlüyü ilə də yadda qaldı. Məhz erməni təxribatı və təcavüzünün istər ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən səfirlik və digər diplomatik nümayəndəliklərimiz, eləcə də diaspor təşkilatlarımız vasitəsilə dünyaya çatdırılması, eyni zamanda dövlət başçısının keçirdiyi müxtəlif səviyyəli görüşlərdə işğalçı ölkənin təcavüzkar siyasətinə beynəlxalq səviyyədə qiymət verilməsinə dair dünyaya, beynəlxalq təşkilatlara ünvanladığı çağırışlar qısa zamanda öz müsbət nəticəsini göstərdi. Ötən müddət ərzində İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, həmçinin ayrı-ayrı dövlətlərin ermənilərin Tovuzda həyata keçirdikləri təxribatı kəskin şəkildə pisləməsi, Ermənistanı bir daha işğalçı dövlət kimi tanıması məhz aparılan uğurlu diplomatik fəaliyyətin göstərcisidir.

Ermənilərin Tovuzla dövlət sərhədində həyata keçirdikləri təxribatı pisləyən və Yerevanın işğalı dayandırmasını tələb edən daha bir bəyanat isə bu günlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən gəldi. Belə ki, sözügedən mərkəzin həmsədrləri və İdarə Heyətinin üzvləri "Dağlıq Qarabağa sülh və ədalət" adlı bəyanat yayıblar.

Bəyanatda qeyd edilir ki, Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi tam dəstəklənir. Bəyanatda həmçinin o da qeyd edilir ki, indi bütün mümkün diplomatik kanalları fəallaşdırmağın vaxtıdır. BMT və Avropa İttifaqı dərhal atəşkəsə çağırmalı və beynəlxalq səviyyədə mümkün olan hər bir vasitədən istifadə etməklə növbəti hərbi fəaliyyətin qarşısını almalıdır.

Bir çoxları, xüsusilə ermənilər Nizami Gəncəvi Beynəlxalq Mərkəzini sıradan bir qurum, hətta qeyri-hökumət təşkilatı zənn edə bilər. Ancaq Mərkəzin rəhbərliyində təmsil olunan şəxslərin kimliyinə nəzər yetirdikdə, həmin mülahizələr tamamilə aradan qalxmış olur. Məsələn, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində

Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, Dünya Bankının keçmiş vitse-prezidenti İsmail Serageldin, ICESCO-nun sabiq Baş direktoru Əbdüləziz əl-Tuveycri,  Pakistanın sabiq baş Naziri Şövkət Əziz, Şanxay Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Rəşid Alimov, Albaniya, Ekvador kimi ölkələrin keçmiş preszidentləri və digər dünyaca məşhur siyasi xadimlər tımsil olunur ki, onların hər birinin yaşadıqları ölkələrdə kifayət qədər siyasi nüfuzu, çəkisi, həmin ölkələrin siyasi xəttinə müəyyən mənada təsir imkanları var. Bu mənada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin erməni təxribatlarını pisləyən və BMT başda olmaqla dünyanın nüfuzlu təşkilatlarını Dağlıq Qarabağ probleminə müdaxiləyə çağıran bəyanatını eyni zamanda, həmin sənədı imza atan  siyasi və ictimai xadimlərin təmsil olunduğu ölkələrin mövqeyi kimi də xarakterizə etmək olar. Əslində, elə həmin ölkələrin əksəriyyəti, istər BMT, istər İslam Konfransı Təşkilatı, istərsə də GUAM, yaxud Türkidlli Dövlətlərin Əməkdaşlıq Şurası formatında Azırbaycanın ırazi bütovlüyünü tanıyır, rəsmi Bakıya dəstək ifadə edir və Ermənistandan işğala son qoymağı tələb edirlər. Sadəcə həmin tələbin beynəlxalq səviyyəli bir təşkilat, mərkəz tərəfindən səsləndirilməsi onun əhəmiyyətini, diplomatik gücünü daha da artırır.

Göründüyü kimi, işğalçı Ermıənistan təkcə siyasi və iqtisadi, o cümlədən hərbi müstəvidə deyil, həmçinin diplomatik sahədə də Azərbaycana ciddi şəkildə uduzur. Getdikcə Azərbaycanın haqq işini müdafiə edən dövlətlər və beynəlxalq təşkilatların sayının artması Yerevanı ciddi diplomatik böhranla üzləşdirir.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31