Azərbaycan vətəndaşlarının və mülki obyektlərin hədəfə alınması qətiyyətlə pislənir
23 İyul 2020 12:16 SiyasətNizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırılmanın dayandırılmasını tələb edir
Azərbaycanın xarici siyasətində xüsusi əhəmiyyət kəsb edən "hücum diplomatiyası" səmərəli nəticəsini verməkdədir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət nəticəsində artıq dünyanın nüfuz sahibi olan dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanın haqq səsinə müsbət reaksiya verməkdədir. Məlumat üçün qeyd edək ki, son vaxtlar bir sıra dövlətlər və beynəlxalq təşkilatlar verdikləri bəyənatlarla Azərbaycanın ərazü bütövlüyünə dəstəklərini ifadə edirlər. Xüsusən, Ermənistan hərbi qüvvələrinin Tovuz rayonunda törətdiyi təxribatdan sonra beynəlxalq ictimai-siyasi, mədəni-humanitar birliklər işğalçı ölkənin təxribatçı əməllərini pisləyən mövqe sərgiləyiblər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri "Dağlıq Qarabağa sülh və ədalət" adlı bəyanatı da bunun bariz nümunəsidir.
Dünyanın ən nüfuzli dövlət, ictimai-siyasi xadimlərinin təmsil olunduqları Mərkəzin yaydığı bəyənatda qeyd edilib ki, qururmda yer alan şəxslər Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir: "Azərbaycan güclü beynəlxalq qanuni dəstək alıb: BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Beynəlxalq ictimaiyyət ərazinin müharibə yolu ilə ələ keçirilməsini tanımadığını bir daha təsdiqləyib. Qanunsuz yolla gücün tətbiqi heç bir şəkildə əsaslandırıla bilməz. Biz Ermənistan və Azərbaycan sərhədi boyunca Azərbaycan vətəndaşlarının və mülki obyektlərinin hədəfə alınmasını qətiyyətlə pisləyirik. Qanunsuz fəaliyyətlər, eləcə də Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırılma dayandırılmalıdır. Bu gün təxribatlara, atəşkəs sazişinin pozulmasına baxmayaraq, Azərbaycan yenə də təmkin göstərərək, müvafiq qanuni kanallar vasitəsilə vəziyyəti düzəltməyə çalışır. Münaqişə qan tökülməsi və resurs itkisi bahasına başa gəlir".
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həmçinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin dayandırılmasını tələb edib: "İndi bütün mümkün diplomatik kanalları fəallaşdırmağın vaxtıdır. BMT və Avropa İttifaqı dərhal atəşkəsə çağırmalı və beynəlxalq səviyyədə mümkün olan hər bir vasitədən istifadə etməklə növbəti hərbi fəaliyyətin qarşısını almalıdır. Lakin uzunmüddətli münaqişənin nəhayət həlli üçün axtarış istiqamətində irəliləyiş zəruridir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas prinsiplərindən biri sülhməramlı yollarla sülh üçün çalışmaqdır. Beləliklə, biz beynəlxalq ictimaiyyəti əvvəlki qətnamələrin, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasını, tələb olunduğu kimi, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılmasını təmin etməyə və Ermənistan-Azərbaycan münaqişəsinin davamlı həllinə nail olmağa çağırırıq".
Məlumat üçün qeyd edək ki, analoji bəyənatlar digər beynəlxalq təşkilatlar tərəfindən də səsləndirilib. Belə ki, bu vaxta qədər Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, TÜRK PA, GUAM kimi beynəlxalq təşkilatlar tərəfindən Ermənistan hərbi təxribatını qətiyyətlə qınayan bəyanatlar verilib. Türk Şurasının Baş katibi Ermənistanın artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mülki əhalisinin sıx yaşadığı ərazilərini atəşə tutmasını qətiyyətlə pislədi və Ermənistanın bu təxribatı nəticəsində dünyasını dəyişən şəhidlərin ailələrinə başsağlığı bildirdi. Baş katib Türk Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həlli ilə bağlı mövqeyini bir daha təsdiq edib. İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi də bəyanatla çıxış edərək Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonunda hücum cəhdini qətiyyətlə pisləyib. Bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində tam və qeyd-şərtsiz çıxmasını tələb edən İƏT-in məlum qərar və qətnamələrinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edilərək, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin dəstəkləndiyi vurğulanıb. Eyni zamanda, Qoşulmama Hərəkatının iyulun 18-də kommunike sənədi isə Ermənistanın iki dövlətin beynəlxalq sərhədində son hərbi təxribatı ilə bağlı 120 üzv dövlətin mövqeyini ifadə edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumu qətiyyətlə pislənib. Bu tipli mövqelər Türkdilli Ölkələrin Parlament Assambleyasının və GUAM təşkilatının mövqeyində də əksini tapıb. Etiraf edilməlidir ki, butun sadalananlar Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən şaxələndirilmiş xarici siyasətin nəticəsidir. Xarisi diplomatoya sahəsindəki uğurlar heç şünhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və işğal altında olan torpaqların geri qaytarılmasına öz töhvəsini verəcək. İndi isə növbə ATƏT-in Minsk qrupuna çatıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini ortaya qoysun. Nəzərə almaq lazımdır ki, bu vaxta qədər ATƏT-in Minsk qrupunun həmsədrlərinin - Rusiya, Fransa və ABŞ-ın vasitəçilik etdikləri danışıqlar prosesi münaqişənin həll olunması üçün heç bir real nəticə verməyib. Heç olmasa bundan sonra Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələrək mandat əldə edən həmsədrlər davamlı sülhə nail olmaq istiqamətində məqsədyönlü danışıqlar aparılmasını təmin etmək üçün öz səylərini ikiqat artırmalıdırlar.
Alim
Olaylar.az