"Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq" -Bəhruz Quliyev

"26 ildən çoxdur Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın hərbi və siyasi təxribatları yeni deyil. Dəfələrlə Azərbaycan və dünya ictimaiyyəti şahidi olub ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini, xüsusilə də mülki vətəndaşlarımızı hədəf götürən hücumlar reallaşdırır, təxribatlar törədir. Bunu müxtəlif səbəblərdən həyata keçirən Ermənistan rəhbərliyi istənilən halda təcavüzkarlığını və işğalçı mahiyyətini ortaya qoyur. Ona görə də, Ermənistan regionda hərbi-siyasi eskalasiyaya görə məsuliyyət daşıyır". Bu fikirləri Olaylar.az -a açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Baş redaktor bildirib ki, bu yaxınlarda Tovuzda ermənilərin təxribatı bir daha göstərdi ki, bu gün də ermənilər öz çirkin, mənfur əməllərini davam elətdirirlər: "2016-cı ilin aprel ayında Azərbaycanın zəfər yürüşü oldu. O dövrdə də ermənilər bizim kəndlərimizi, mülki vətəndaşları gülləbaran edirdilər. Bundan sonra Azərbaycan əsgəri dözməyərək hücuma keçdi və işğal altında olan torpaqların bir hissəsini geri aldı. Azərbaycanın milli ordusu bu gün hər şeyə qadirdir. Baş komandan əmr verərsə, əminəm ki, öz torpaqlarımızı bir neçə gün ərzində azad edə bilərik. Lakin biz sülhsevər xalq olduğumuzdan, münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Biz erməni xalqının deyil, erməni hakimiyyətinin, hərbi qüvvələrinin düşmən olduğunu bəyan edirik. Problemimiz həll edildikdən sonra bir milyondan çox qaçqın və məcburi köçkünlərimizi öz yurdlarına yerləşdirək. Ermənistan silahlı qüvvələrinin təxribatına beynəlxalq təşkilatlar siyasi və hüquqi qiymət verməlidirlər. BMT, ATƏT, AŞPA kimi təşkilatlar ikilistandartları kənara qoyub Ermənistanın işğalçı mahiyyətinə uyğun davranmalı və təcavüzkara adı ilə müraciət etməlidir".

Siyasi ekspert bildirib ki, dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalanıb: "Bu Sərəncam bir daha onu sübut edir ki, ölkə başçısı hakimiyətinin bütün dövrlərində daim vətəndaşlarla təmasda olamqla yanaşı, ayrı-ayrılıqda onların problem və qayğılarını dinləyir, yerində qərarlar verir və Xalq-Prezident vəhdətinin, etimad və etibarının reallığını nümayiş etdirir. Prezident İlham Əliyev atdığı bütün addımları ilə hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayır. Dövlətimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31