Azərbaycan dövləti və dövlət başçısı bütün situasiyalarda vətəndaşın yanındadır
21 İyul 2020 17:58 SiyasətErmənistanın Azərbaycana qarşı təcavüzü davam edir. 30 ilə yaxındır ki, davam edən bu təcavüz nəticəsində ərazilərimizin 20 faizi işğal olunub, 1 milyona soydaşımız yaxın qaçqın və məcburi köçkünə çevrilib. Zamanında beynəlxalq birliyin, münaqişənin həlli ilə məşğul olan təşkilat və qurumların işğalçını cəzalandırmaması, ondan zəbt etdiyi Azərbaycan ərazilərini tərk etməsini tələb etməməsi təcavüzkar dövlətin əl-qolunu daha da açıb və Ermənistan imkan yarandıqca yenidən Azərbaycan ərazilərini zəbt etmək niyyətinə düşür. Bir neçə gün əvvəl Ermənistanla dövlət sərhədi sayılan Tovuz rayonuna edilən düşmən hücumu bunu bir daha təsdiqləyir. Məlumat üçün qeyd edək ki, iyulun 12-dən başlayan erməni təxribatı nəticəsində təkcə Silahlı Qüvvələrimizin möbqeləri deyil, eləcə də yaşayış məntəqələri də vandalcasına erməni zərbələrinə tuş gəlib. Düzdür, Azərbaycan Silahlı Qüvvələrinin əks zərbələri nəticəsində düşmən ciddi şəkildə itki verərək geri çəkilib. Ancaq qeyd etdiyimiz kimi düşmən vəhşiliyi, onun insanlığa və müharibə qanunlarına zidd hərəkətləri nəticəsində hərbi əməliyyatlar zamanı yaşayış məntəqələri də zərbəyə məruz qalıb, onlarla fərdi ev, tibb məntəqəsi, digər infrastruktur obyektləri zərər görüb.
Əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib. İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib - bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.
Hadisələr baş verən ilk gündən prosesləri nəzarətdə saxlayan Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ənənəsinə sadiq yenə də atmış olduğu addımlar, imzaladığı mühüm sənədlə xalqın, vətəndaşın yanında olduğunu təsdiqlədi. Belə ki, qısamüddətli hərbi əməliyyatlar zamanı zərər görmüş yaşayış məntəqələrinin bərpası məqsədilə dövlət sərhədində nisbi sakitlik yaranan andan mühüm sərəncam imzaladdı. "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" sərəncamda hərbi əməliyyat zamanı erməni vəhşiliyinin qurbanına çevrilmiş yaşayış məntəqələrinin bərpası nəzərdə tutulurdu.
Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Artıq Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar.
Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılır. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq.
Dövlət başçısının məlum sərəncamı öz-özlüyündə bir neçə vacib məqamı əks etdirir. Birincisi, ən vacib məqam odur ki, dövlət başçısı başçısı qeyd edilən sərəncamla bir daha hər bir vətəndaşın yanında olduğunu, onun sosial durumunun yaxşılaşdırılması istiqamətində çalışdığını təsdiqlədi. Bu Azərbaycanda baş verən yeganə hal deyil. Məlumat üçün qeyd edək ki, 2016-cı ilin Aprel döyüşləri zamanı da anoloji hadisələr yaşanmış və erməni vandalları tərəfindən bir çox yaşayış məntəqələrimiz ağır artileriya, raket zərbələrinə məruz qalmışdı. Yüzlərlə yaşayıış məntəqəsi, infranstruktur obyekti erməni vəhşiliyinin qurbanına çevrilmişdi. Həmin ərəfədə də dövlət başçısı dərhal müvafiq sərəncam imzalayaraq hərbi əməliyyatlar zamanı ziyan dəymiş yaşayış məntəqələrinəd bərpa işlərinin aparılmasını müvafiq qurumlara tapşırdı. Bu gün insanlarımızın rahat nəfəs aldığı, heç bir erməni qorxusu olmadan yaşadığı Cocuq Mərcanlı da məhz 2016-cı ilin Aprel zəfərinin bizə verdiyi ərməğandır ki, məhz Cocuq Mərcanlı da dövlət başçısının imzaladığı müvafiq sərəncam əsasında yenidən qurulmuşdu.
Bu sərəncam, həyata keçirilən qurucluq-abadlıq işləri həm də torpaqlarımızın bütövlüyü uiğrunda canlarını fəda edən şəhidlərimizin ruhunun şad olması, eyni zamanda onların əməyinə verilən qiymətdir. Cocuq Mərcanlı və digər düşməndən azad olunan ərazilərimiz məhz həmin igidlərimizin şah əsəridir. Bu mənada dövlət başçısı bu sevinci bizə yaşadan mərd oğullarımızın da əməyini daim yüksək qiymətləndirir. Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Bu baxımdan Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Belə ki, dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib. Bundan başqa Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb.
Dövlət başçısının məlum sərəncamı həm də onu deməyə əsas verir ki, Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. Çünki bu prosesin arxasında güclü Azərbaycan dövləti və onun güclü lideri dayanır.
Nəhayət, Tovuz rayonuna dəymiş ziyanın aradan qaldırılması və bərpa işləri ilə əlaqədar imzalanan məlum sərəıncam həm də Azərbaycan dövlətinin iqtisadi gücü, qüdrətini göstərir. Bütün dünyanı pandemiya bəlası bürüdüyü, ölkələrin iqtisadiyyatı bundan ciddi zərər gördüyü halda, Azərbaycan infrastruktur layihələrinin həyata keçirilməsinə belə imkan tapır, bunu həyata keçirir. Bu amil də öz növbəsində bütün risklərə baxmayaraq Azərbaycan iqtisadiyyatının inkişaf yolu keçdiyini təsdiqləyir. Nəzərə alsaq ki, məlum sərəncamın icrasına milyonlarla manat tələb olunacaq, o zaman indiki halda Azərbaycanın bunu qarşılaya bilməsi, ölkəmizin doörudan da uğurlu inkişaf yolu keçdiyini təsdiləyir.
Məhəmməd