“Bu dəfə də dövlətlə, hakimiyyətlə xalq arasında uçurum yarada bilmədilər”
21 İyul 2020 17:07 SiyasətCənab Prezidentin də dediyi kimi, istər daxildə, istərsə də xaricdə anti-Azərbaycan qüvvələr əl-ələ, səs-səsə verərək Azərbaycana qarşı aqressivləşiblər. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçi xüsusilə vurğulayıb ki, hətta əvvəlki illərdən, əvvəlki dövrlərdən fərqli olaraq onlar bütün hədləri aşıblar.
"Özəlliklə, Azərbaycanın içərisində oturub, Azərbaycanın çörəyini yeyən, suyunu içən, havasını udan və faktiki olaraq düşmənə xidmət edənlər bunu açıq şəkildə etməkdən belə çəkinmirlər. Təbiidir ki, Azərbaycan xalqının böyük çoxluğu o adamlara nifrətini bəyan edir, açıq şəkildə ifadə edir, eləcə də dövlətimiz həmin adamların zərərsizləşdirilməsi üçün qanunlar çərçivəsində tədbirlər görür. Bu da əlbəttə ki, işğalçı Ermənistanı və onun havadarlarını daha da əsəbləşdirir. Çünki, onlar öyrəşmişdilər ki, istər Azərbaycanın daxilində, istərsə də xaricində olan anti-milli qüvvələr belə məqamda ölkəmizə qarşı çıxış etsinlər və ermənilər də bundan istifadə etsinlər. Amma bu dəfə elə alınmadı. Minlərlə, on minlərlə vətəndaşımız küçələrə çıxdı, Ali Baş Komandana dəstəyini ifadə etdi, döyüşlərdə dövlətimizin, ordumuzun arxasında olduğunu əməldə göstərdi və təbiidir ki, anti-milli qüvvələrin gücünü beləliklə də zəiflətmiş olduq. Ona görə də Ermənistan Azərbaycanın strateji obyektlərindən olan Mingəçeviri vurmaqla bağlı hədələr səsləndirdi, bununla yanaşı dünyaya da şikayət edir ki, Azərbaycan Metsamoru vuracaq. Təbii ki, Azərbaycan bütün bölgəni fəlakətə qərq edəcək Metsamor faciəsini yaşatmaq istəməz. Çünki, Metsamor sadəcə olaraq Ermənistan deyil. Metsamor həm də Azərbaycan, Türkiyə, İranın bir hissəsidir və bu, bütövlükdə ölkələrimizi əhatə edəcək bir fəlakət ola bilər ki, Azərbaycan belə bir fəlakətə təbii ki, heç vaxt getməz. Lakin Ermənistan buna baxmayaraq beynəlxalq təşkilatlara hay-küy salır ki, guya Azərbaycan oradakı AES-i vurmağa hazırlaşır. Bu da düşmənin gücsüzlüyündən, artıq əlindəki imkanların tükənməsindən xəbər verir.
Həqiqətən də, göründüyü kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısında Paşinyan necə rəzil duruma düşdü. Bunu bütün dünya da seyr etdi. Ümumiyyətlə, üzvü olduğu bir təşkilatdan belə Paşinyan, Ermənistan dəstək ala bilmədi. Niyə? Ona görə ki, Azərbaycanın işi haqq işidir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlər də ədalətli davranmaq məcburiyyətindədirlər. Ona görə də Paşinyan burada heç nə edə bilmir. Eyni zamanda Paşinyanın istər bir tərəfdən Qərbə meyillənməsi, digər tərəfdən Rusiyadan kömək istəməsi, bütün bunlar onun qeyri-müəyyən mövqeyinin olmasını göstəricisidir və təbiidir ki, istər Qərb, istərsə də Rusiya, bütövlükdə Şərq belə qeyri-müəyyən siyasətlə barışmaq fikrində deyil. Azərbaycanın isə mövqeyi, Ermənistandan fərqli olaraq həmişə birmənalı olub. Sadəcə olaraq ölkəmiz, eləcə də ölkə rəhbəri Cənab Prezident İlham Əliyev bütün dünyada etibarlı tərəfdaş, etibarlı lider kimi qəbul olunur. Ona görə də Azərbaycanın indiki mərhələdə heç bir problemi yoxdur. Bu Tovus döyüşləri zamanı beynəlxalq ictimaiyyət, dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini olduğu kimi qəbul etdi. Yəni baxmayaraq ki, ermənilər əllərindən gələni etdilər, öz təsir dairələrində olan mediadan istifadə etdilər, çirkin kampaniyalar apardılar, amma ağlı başında olan beynəlxalq təşkilatlar, dövlətlərarası qurumlar, beynəlxalq ictimai birliklər, eləcə də ümumdünya qlobal mediası Azərbaycanın haqlı mövqeyini işıqlandırmalı oldu. Yəni, bu bir daha onu göstərir ki, istər daxildəki anti-milli qüvvələr, istərsə də Azərbaycanlı olub, xaricdə oturub Azərbaycana qarşı ermənilərlə bir səngərdə mövqe tutanlar bu dəfə də peşimançılıq yaşadılar və əlbəttə ki, dövlətlə, hakimiyyətlə, özəlliklə də Ali Baş Komandan Cənab İlham Əliyevlə Azərbaycan xalqı arasında uçurum yarada bilmədilər", deyə Azər Həsrət bildirib.