Milli Şura suda saman çöpü axtarır
21 İyul 2020 16:34 SiyasətŞura silahı öz silahdaşlarına çevirib
Siyasi proseslərdə sosial bazasını, cəmiyyətdə dəstəyini itirən Milli Şura söyüş silahını öz düşərgəsinə çevirib. İqtidar təmsilçilərini tənqid etməkdən usanan Şura üzvləri artıq ağına-bozuna baxmadan öz məsləkdaşlarını söyüş atəşinə tutmağa başlayıblar. Neçənci dəfədir ki, Şura üzvləri onlar deyəni deməyən müxalifət təmsilçilərini ağ yuyub, qara sərirlər. Mlli Şuranın sonunci videokonfransında da eyni proses müşahidə olunub. Belə ki, Milli Şuranın koordinasiya mərkəzi üzvlərinin videotoplantısında Mehman Əliyev hakimiyyətə işləməkdə günahlandırılıb. Radikal müxalifətçi kimi tanınan Natiq Cəfərli isə küçə söyüşləri ilə təhqir olunub. Sirr deyil ki, belə görüntü sərgiləmək tapşırığı Şura üzvlərinin xarici havadarlarından gəlir. Çox güman ki, Azərbaycanın dinamik inkişafı, dünya siyasətində yerinin möhkəmlənməsi və rolunun artması, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqeyini davam etdirməsi anti-Azərbaycan, ermənipərəst dairələr tərəfindən ciddi narahatlıqla qarşılanır.
Belə olan halda, Azərbaycanın müstəqil siyasətinə təsir etmək, müsbət beynəlxalq imicini zədələmək üçün ölkəmizə qarşı "qara piar" kampaniyası aparılır, ictimai rəyi manipulyasiyaya məruz qoymaq məqsədilə müxtəlif cəhdlər edilir. Bu zaman "beşinci kolon"un, yəni xaricdəki "sapı özümüzdən oan baltalar"ın - antimilli ünsürlərin və ölkəmizdəki radikal, marginal qruplaşmanın xidmətlərindən xüsusi olaraq istifadə olunur. Qərəzli xarici dairələrdən, ermənipərəst mərkəzlərdən daim siyasi direktivlər alan "beşinci kolon" isə virtual müstəvidə "fəallıq" göstərərək sosial şəbəkələr vasitəsilə dövlətin əleyhinə təxribat xarakterli məlumatlar - reallıqları əks etdirməyən informasiyalar yaymağa, qarayaxma kampaniyası aparmağa çalışsalar da, hər dəfə uğursuzluğa düçar olaraq gülünc vəziyyətə düşürlər. Belə hallardan biri də bu günlərdə "Milli Şura" adlandırılan qondarma qurumun koordinasiya mərkəzinin videoiclasında qeydə alındı. Azərbaycan cəmiyyəti radikal düşərgədə cəmləşənlərin hansı mənəvi-əxlaqi və siyasi dünyagörüşünə malik olduqlarına bir daha şahidlik edir. Bəhs olunan videoiclasda səsləndirilən qeyri-etik ifadələr, aparılan müzakirənin forması, irəli sürülən fikirlər bir daha radikal düşərgədə cəmləşənlərin hansı mənəvi-əxlaqi səviyyədə və siyasi dünyagörüşündə olduqlarını cəmiyyətə nümayiş etdirir. Adlarını "siyasətçi" qoyan bu şəxslərin müzakirə etdikləri "taleyüklü məsələlər"in mahiyyəti və əhəmiyyəti növbəti dəfə onların siyasi xislətini, o cümlədən bəzi xarici dairələrin maliyyəsi və sifarişləri əsasında hərəkət etdiklərini göstərir. Yəni görünən budur ki, hakimiyyətə iddialı olan bu marginal qruplar üçün xalqın rəyi və mənafeyi deyil, anti-Azərbaycan dairələrin tələbləri və göstərişləri birinci dərəcəli məsələdir. Baş verənlərin fonunda qondarma "Milli şura"dan müxtəlif şəxslərin istefası da onların hər hansı ciddi müzakirə aparmaq qabiliyyətində olmadıqlarını, daxili ziddiyyətlərin və konfrantasiyaların məngənəsində boğulduqlarını göstərdi. Bunlar, eyni zamanda, radikal ünsürlər üçün Azərbaycan xalqının rəyinin və mənafeyinin əsas olmadığını, ayrı-ayrı qrupların önəmli olduğu bir daha ortaya qoyuldu. Bəllidir ki, neçə illərdir, bu şəxslər ermənilərin maliyyəsi hesabına istər Azərbaycandan kənarda, istərsə də ölkə sərhədləri daxilində antiazərbaycan təbliğatı aparmaqla, saxta miqrant sənədləri satmaqla məşğuldurlar. Amma bir şey nəllidir ki, istər özünü "Milli Şura" adlandıran qurum və ora daxil olan təşkilatlar, istərsə də digər özünü radikal müxalifət adlandıran qüvvələr ictimai dəstəkdən məhrumdurlar. Ümumiyyətlə sözügedən təşkilatların ətrafında ailə üzvlərindən və dostlarından başqa heç kim yoxdur. Bu qurum özü də daxil olmaqla orada təmsil olunan partiyalar artıq iflasa uğrayıb. Bunun günahlar isə partiya rəhbərlərinin özündədir. Belə ki, zamanında təşkilatlarında islahatlar aparmayıb, partiyalarında demokratizmi təmin etmədilər. Onlarda qərarlar yuxarıdan qəbul olunub, aşağılara sığınırdı. Belə olan halda, həmin partiyalar normal partiya quruculuğu apara bilməyib, düzgün fəaliyyət qura bilməməklə yanaşı, cəmiyyətə normal çağırışlar da edə bilmədilər. Artıq neçə illərdir ki, bu partiyalar müxalifətdədirlər və bütün mərhələlərdən olan seçkiləri uduza-uduza gəlirlər. Bu, onların ictimai dəstəklərinin olmadığını bir daha göstərir. Hazırda Milli Şura suda bataN saman çöpündən yapışdığı kimi öz düşərgələrində təmsil olunanların yaxasına qırsaqqız olub yapışıblar. Varlıqlarını, guya siyasi fəaliyyətlə məşğul olduqlarını "dədəm- nənəm kor deyib, hər yetəni vur deyib" prinsipi ilə reallaşdırmağa çalışırlar. Amma bu heç də haqq vermir ki, Şura üzvləri kimi gəldi söysünlər, təhqir etsinlər. Bu, siyasi fəaliyyət yox, anarxiya kimi başa düşülməlidir.
Nurlan
Olaylar.az