Beynəlxalq Miqrasiya Təşkilatı gənclərə sertifikatlar təqdim etdi
21 İyul 2020 16:31 SiyasətBMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi "Dayanıqlılıq naminə ictimai fəaliyyət" layihəsi çərçivəsində 17 iyun - 15 iyul 2020-ci il tarixlərində gənclər sahəsində çalışanlar üçün intensiv biznes və maliyyə savadlılığı üzrə təlim təşkil edib. "OLAYLAR"-a təşkilatın Bakı ofisindən bildirilib ki, təlimin əsas məqsədi COVID-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan karantin şəraitində onlayn faəliyyətlər vasitəsilə gənclərin şəxsi və peşəkar ikişaflarına töhfə verməkdən ibarət olub.
Dörd həftəlik onlayn təlimlərdə Balakən, Şirvan, Ağdaş, Gəncə, Lənkəran, Saatlı, Şəmkir, Siyəzən, Astara və Samuxdan 9-u xanım iştirakçı olmaqla ümumilikdə 21 gənc iştirak edib. Azərbaycan Risk Peşəkarları Assosasiyası (ARPA) ilə yaxın əməkdaşlıq şəraitində təşkil edilmiş təlimdə gənclər iqtisadiyyat, maliyyə və idarəetmə uçotu, o cümlədən biznesin idarə edilməsi əsasları üzrə əsas nəzəri və təcrübi biliklərə, eləcə də biznes dili və ümumi olaraq maliyyə hesabatlarını anlama səriştəsinə yiyələniblər. Təlim iştirakçıları əsasən regionlarda gənclərlə işi həyata keçirən Gənclər Evləri, Gənclər Mərkəzi və Karyera İnkişaf Mərkəzlərində fəaliyyət göstərən gənclər olmuşdur. Təlimin sonunda təlimi başa vurmuş 16 gənc sertifikatlara layiq görülüb.