Serbiyanın riyakar və ikibaşlı diplomatik siyasəti
21 İyul 2020 15:23 SiyasətAzərbaycan zaman-zaman ikili standartlar, xristian təssübkeşıliyi səbəbindən dünyanın, Avropanın bəzi ölkələri tərəfindın haqsızlıq, ədalətsizliklə üzləşir. Baxmayaraq, Azərbaycanın dünyanın əksər ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir, lakin bir çox hallarda Azərbaycanın bu mövqeyindən sui-istifadə edilir, hətta ona zərbə belə vurulur. Necə ki, Serbiyanın Gürcüstan üzərindən Ermənistana hərbi silah-sursat göndərməsini buna misal göstərə bilərik. Sözügedən ölkənin bu mövqeyi haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi etirazla qarşılanıb.
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, Serbiya Respublikasının Azərbaycanla yaxın müttəfiqlik münasibətləri fonunda, həm də işğalçı Ermənistanla hərbi-texniki sahədə əməkdaşlıq etməsi həqiqətən də nonsensdir. Onun sözlərinə görə, özünə az-çox hörmət edən heç bir ölkə bu cür riyakar və ikibaşlı diplomatik siyasət yürütməz: "Bəs görəsən, təcavüzkar ölkənin daha da şirnikləndirilməsinə xidmət edən bu cür əməkdaşlığa maraq göstərməklə Serbiya hansı məqsədi güdür?Bu əməkdaşlığın arxasında hansı motivlər dayanır?. İlk növbədə silah satışından əldə edilən gəlir əsas rol oynaya bilər. Yəni ki, hesab etmək olar ki, yəqin ki, Serbiya öz iqtisadi maraqlarına görə belə bir addım atıb. Bu məsələdə rəsmi Belqradın mövqeyinə təsir edən digər bir amil erməni diasporasının oynadığı rol ola bilər. Erməni diasporası Serbiyada kifayət qədər güclü mövqelərə malikdir".
DADP sədri deyib ki, xristian həmrəyliyi və təəssübkeşliyi də həlledici faktorlardan biri sayıla bilər: "Ola bilsin ki, məhz bu səbəbdən Serbiya dövləti işğalçı dövlət olan Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə göz yumur. Lakin bütün hallarda Serbiya bunu etməməliydi. Çünki Azərbaycan bu ölkənin ən kritik məqamlarında Serbiyaya, serb xalqına hər mənada dəstək olub, kömək edib. Ancaq Serbiyanın bu hərəkəti isə Azərbaycan torpaqlarının işğalının daha da uzadılması üçün əlverişli şərait yaradır. Serbiyanın bu addımı heç bir sağlam məntiqə sığmır. Çünki Serbiya özü də separatçılıqdan, bölücülükdən əziyyət çəkən ölkələr sırasındadır. Belə olduğu təqdirdə, bu ölkənin separatçılığı, beynəlxalq terrorizmi dəstəkləyən bir ölkə ilə (Ermənistanla) birgə silah qaçaqmalçılığına təşəbbüs göstərməsi heç cürə anlaşılan deyil. Odur ki, rəsmi Bakının Ermənistana böyük həcmdə silah-sursatın göndərilməsi ilə bağlı Serbiyadan izahat istəməsi tamamilə doğru addımdır. Zənnimcə, Azərbaycanın bu cür prinsipial mövqeyindən sonra rəsmi Belqrad işğalçı Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığın ilk növbədə Serbiyanın özünün gələcək milli maraqlarının əleyhinə olduğunu başa düşəcək. Biz bütün hallarda Serbiyanın bu addımını pisləyir və bu ölkə əməkdaşlığımızın şərtlərini yenidən gözdən keçirilməsini zəruri hesab edirik".
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Ermənistanla informasiya savaşında əsas işi XİN aparmalıdır. Onun sözlərinə görə, xarici ölkələrdə səfirliklər və konsulluqlar mənsub olduğu ölkələrin mətbuatında daima yazılar və məqalələr çap etdirməli, ölkəmiz haqqında ciddi araşdırmalar və tanıtma işləri aparmalıdırlar: "ABŞ başda olmaqla, Avropa ölkələrində və Latın Amerikası, Ərəb ölkələrində bu çox ciddi şəkildə davam etdirilməlidir. Ermənistanın Tovuz istiqamətində hərbi təcavüzündə müsəlman ölkələrinin mətbuatında Ermənistana qarşı informasiya savaşında ciddi iş ortaya qoyulmadı və həmin ölkələrin mövqelərini görmədik. Halbuki müsəlman ölkələrindəki səfirliklərimiz bu istiqamətdə çalışmalı idi. Qeyd edim ki, Serbiyadan Ermənistana silah sursatın daşınmasında, bu ölkədə səfirliyimizin xəbəri olmayıb. Demək, öz işlərini layiqincə yerinə yetirə bilmir". Politoloq qeyd edib ki, XİN-ə yeni təyin olunan nazir informasiya və diplomatik cəbhədə Ermənistan üzərində üstünlüyü təmin etməlidir: "Ərəb ölkələrində səfirliklərimiz ciddi işləməlidir. Ermənistan son illərdə körfəz ərəb ölkələri, İordaniya ilə sıx əməkdaşlıq quraraq ölkəmiz əleyhinə kampaniya aparır. Səfirlik və konsulluqlarımızın müəyyən qədər yenidən qurulmasına ehtiyac var. Yeni Xarici işlər naziri Ceyhun Bayramov xarici ölkələrdə səfirliklərin bu istiqamətdə işləməsini təmin etməlidir. Dövlət başçısı İlham Əliyəv səfirlikləri ciddi tənqid etməsi də təsadüfi deyildi və burada ciddi əsaslar var. Ona görə də diplomatik korpuslar yenilənməlidir. Yeni siyasi çağırışlara diplomatik xidmət korpusları hazır olmalıdır. Bir çox ölkələrdə səfirliklər və konsulluqlar fəaliyyət göstərir".
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Türkiyə ilə birgə kordinasiyalı çalışmaq lazımdır: "Tovuz hadisələri göstərdi ki, məhz xarici siyasətdə və informasiya savaşında nə qədər güclü olmağımız lazımdır. Əvvəlki illərdən fərqli olaraq xaricdə yaşayan azərbaycanlılar bir araya gəlib, dövlətçilik və vətən uğrunda bütövləşə bilir. Səfirliklər xaricdə yaşayan azərbaycanlılarla sıx işləməlidir. İndiyə qədər bu iş aparılmayıb, bəzi səfirliklərdə də çox zəif aparılıb. XİN fəaliyyəti Azərbaycanın milli məsələsidir və daima diqqətimizdə olacaq".
Füzuli
Olaylar.az