Qəlbi qara bir dövlətlə, xəyanətə meyilli bir ölkə ilə yaxınlıq etməyə dəyməz

Mayis Səfərli: "Tovuz hadisələri bizə kimin dost, kimin düşmən, kimin də "ələkçiyə qıl verən" olduğunu göstərdi"

"Heç bir dövlət, xüsusilə də qonşularımız, deyə bilməz ki, Azərbaycan onunla qeyri-səmimi davranır, ikiüzlülük edir. Bizim xarici siyasətimizin təməl prinsipləri digər dövlətlərlə xoş münasibətlər qurmaq, qarşılıqlı əməkdaşlıq etmək, onların daxili işlərinə qarışmamaq, üçüncü ölkələrin məkrli planlarında iştirak etməməkdir". Bunu deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, əslində, özünə hörmət edən,haqq, ədalət, sülh,əmin-amanlıq tərəfdarı olan dövlətin xarici siyasəti belə olmalıdır: "Əfsuslar olsun ki, dövlətimizin sərgilədiyi səmimiyyət, beynəlxalq qanun və normalara söykənən davranışı bəzən qarşılığını almır. Təbii ki, bu ,bizi məyus etməyə bilməz. Dost dediyimiz dövlətlərdən, yaxın qonşulardan dürüst olmayan hərəkətlər, məkr, zərbə gördükdə isə daha çox acıyır. İyulun 12-də düşmən Ermənistanın Tovuzla sərhəddə atəşkəsi pozması, hərbi mövqelərimizi, yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutması, 12 hərbçimizi, 1 dinc sakinimizi qətlə yetirməsi, ölkəmizə qarşı növbəti aqressiydır və beynəlxalq qanunvericiliyə görə hərbi cinayətdir. Doğrudur, Ali Baş Komandan Ilham Əliyevin əmrinə əsasən, Ordumuz erməni birləşmələrinə sarsıdıcı zərbə vurdu, düşmənin çoxlu canlı qüvvəsi, hərbi infrastrukturu, silah -sursatı,texnikası məhv edildi. Düşmən hələ uzun illər bu itkilərdən özünə gələ bilməyəcək. Azərbaycan Əsgəri ayaqdadır. Təkcə ermənilərin yox, ölkəmizə qarşı istənilən düşmən hərəkətlərinin, məkrli planlarının qarşısını almağa qadirdir. Silahlı qüvvələrimiz ərazi bütövlüyümüzü bərpa etməyə tam hazırdır. Hücum an məsələsidir".

Onun sözlərinə görə, Tovuz hadisələri bizə kimin dost, kimin düşmən, kimin də "ələkçiyə qıl verən" olduğunu yaxşı göstərdi: "Mətbuatda sensasiyalı məsələlər ortaya çıxdı. Bəlli oldu ki, işğalçı Ermənistan Tovuzdakı qanlı cinayətlərinə əvvəlcədən hazırlaşırmış. Aqressiyadan bir neçə gün əvvəl Serbiyadan Gürcüstan vasitəsilə Ermənistana olduqca böyük miqdarda minaatanlar üçün mərmilər, mühimatlat gətirilmişdir. Məlum olur ki,şiddətli göyüşlərin getdiyi günlərdə də həmin istiqamət üzrə düşmən ölkəyə silah daşınması davam edirmiş. Eyni vaxtda Gürcüstan ərazisi ilə Rusiyadan ermənilərə QRAD qurğusu üçün başlıqlar aparan çoxlu sayda KAMAZ maşınlarının hərəkət etdiyi də bildirilir. Rusiya ilə hər şey aydındır. Qarabağ konfliktinin Kremlin planladığını, həllinə də mane olduğunu hər kəs yaxşı başa düşür. Moskva bu münaqişə vasitəsilə iki Qafqaz dövlətini və bütövlükdə regionu nəzarətdə saxlamaq istəyir. Buna bir şey əlavə etmək istəyirəm. Mən o qənaətdəyəm ki, Qarabağ münaqişəsi Rusiyanın özünü bir imperiya kimi çökdürəcək. Hər şey ona doğru gedir. Azərbaycanla dostluq, tərəfdaşlıq edən Serbiyadan, əslində, belə bir xəyanət gözləmək mümkün idi. Slavyan toplumundan ibarət bu ölkə hazırkı vəziyyətinə görə Moskvaya borcludur. Belə ki, onu nə öz coğrafiyasında - Balkanlarda, nə də Avropada qonşularına olan aqressiv münasibətlərinə görə sevmirlər. Rəsmi Bakı isə həmişə Belqrada dəstək vermişdir. Hətta Kosovo məsələsində onun yanında yer almışdır. Təxminən ay yarım bundan əvvəl koronavirusla əlbəyaxada acınacaqlı vəziyyətə düşən Serbiyaya Bakıdan böyük bir yük təyyarəsi ilə humanitar yardım aparılmışdır. Deməli, qəlbi qara bir dövlətlə, xəyanətə meyilli bir ölkə ilə yaxınlıq etməyə dəyməz. Yeri gəlmişkən,bu əməkdaşlıqdan daha çox Serbiya qazanırdı. Belə yerdə deyirlər : Fürsətləri dəyərləndirməyənlərə heç Tanrı da kömək olmaz. Bir gün gələr Serbiyaya da bizə etdiyinin bədəlini ödətdirərik. Bu ölkənin müvəqqəti işlər vəkilinin Azərbaycan XİN-ə çağrıldığı barədə mətbuatda məlumat da getdi. İnanıram ki,bağlı qapılar arasında Serbiya rəsmisi ilə sərt söhbətlər olub. Gürcüstanın bu işdə yer almasına,sözün düzü, heç bir ad vermək olmur. Sanki bu hərəkətləri ilə qonşumuz intihara cəhd edir. Mən keşmişə baş vurub, babalarımızın gürcülərin tarixdə qala bilmələrindəki rolundan uzun-uzadı danışmaq istəmirəm. Bunu özləri bizdən yaxşı bilirlər. Çağdaş tariximizdən biri-iki faktla kifayətlənmək istəyirəm. Keçən əsrin 90-cı illərinin ortalarında Azərbaycan nefti və qazının Avropa bazarlarına çıxarmaq üçün yollar seçilərkən mərhum Prezident Heydər Əliyev Gürcüstan marşrutunu birmənalı şəkildə dəstəklədi. Səbəb aclıq və səfalətin hökm sürdüyü qonşu ölkəyə stabil qazanc mənbəyi bəxş etmək,sərfəli qiymətlərlə neft məhsulları və qazla təminatda Rusiyanın asılılığından xilas etmək idi. Çünki Gürcüstanda öz tarixi torpaqlarımız olan Borçalıda 500 min soydaşımız yaşayır. Bizdə olan ürəyə baxın,hətta qonşu ölkədəki bütün kilsə və ibadətgahlara,o cümlədən erməni məbədlərinə,SOCAR pulsuz qaz verir. Dövlətimizin sahiblik etdiyi bir çox nəhəng nəqliyyat, kommunikasiya, infrastruktur layihələrində də gürcülərə yer ayırmışıq. 2008-ci ildə Rusiya - Gürcüstan müharibəsində Tiflisə etdiyimiz yaxşılıqlar və dəstək necə unudula bilər? Belə kiçikqəlblilik, dönüklük onları haraya qədər apara bilər? Baxmayaraq ki, Gürcüstanda yaşayan həmvətənlərimizin çoxlu sayda milli-mədəni,sosial -iqtisadi problemləri başlarından aşır,milli ayrı seçkiliyə məruz qalirlar, amma heç vaxt Tiflisə problemlər yaratmağı ağıllarından belə keçirməyiblər. Gürcüstan -Rusiya müharibəsi zamanı qonşu ölkədəki mətbuatda məlumatlar gedirdi ki, Moskvanın xüsusi emissarları əllərində pul dolu çuvallar Borçalını kənd -kənd dolaşıb, Gürcüstandan muxtariyyət tələbləri ilə azəbaycanlıları aksiyalara səsləyirdilər. Fəqət borçalılar əsl kişilik nümayiş etdirdilər,bir nəfər kimi gürcü xalqının yanında durdular,coxlu azərbaycanlı gənc könüllü olaraq ruslarla vuruşmaq üçün orduya yollanırdılar. Gürcüstan erməniləri isə əks tərəfdən yer alaraq, gürcü əsgərlərini qətlə yetirirdilər. "Böyük Ermənistan"xülyasında olan düşmənlərimizin Gürcüstana da ərazi iddiasında bulunduğu bu ölkədə hamıya bəllidir. Bir sözlə,Gürcüstanı yönəldənlər, onun siyasətini müəyyənləşdirənlər deyəsən, ölkələrinin sabahına biganədirlər. Gələcəyini düşünməyən dövlət hər cür kədərlərə qarsılaşmağa hazır olmalıdır. Heç şübhə olmasın ki, bizə qarşı etdikləri bir gün öz başlarına gələ bilər".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31