Əsgəri, generalı şəhid olmağı gözə alan bir ordu bir gün mütləq qalib olacaq
21 İyul 2020 12:43 SiyasətGündüz İsmayılov: "Mənim Qarabağ savaşında ən böyük ümidim və ən böyük güvənim budur"
Bu gün Azərbaycan Silahlı Qüvvələri, Ordusu elə bir güclü vəziyyətdə, qüdrətli durumdadır ki, indi qarşısına qoyduğu bütün hədəflərə, məqsədlərə nail olmaq əzmindədir. Ötən bir neçə illər ərzində erməni təcavüzkarları ilə baş verən qarşıdurma, Qarabağ cəbhəsində gedən şiddətli döyüşlər və nəticədə işğalçı ölkə ordusuna Silahlı Qüvvələrimiz tərəfindən vurulan ağır zərbələr bunu təsdiq etdi. İstər 2016-cı ilin Aprel döyüşləri, istər Güngüt zəfəri bunların əyani sübutudur. Ancaq etiraf etmək lazımdır ki, adlarını qeyd etdiyimiz, xüsusilə Aprel zəfərinə qədər Azərbaycan Silahlı Qüvvələrində, eləcə də Azərbaycan cəmiyyətində bir qorxu sindromu, məğlubiyyət acısı var idi və bu psixoloji sarsıntını aradan qaldırmaq mümkün deyildi. Lakin 2016-cı ilin Aprel ayında baş verən dördgünlük müharibə bütün psixoloji sarsıntıları, məğlubiyyət, qorxu xofunu aradan qaldırdı. Beləliklə, həm Azərbaycan Ordusu, həm də cəmiyyətində vətənpərvərlik hissləri, qələbə inamı artdı, bütün psixoloji sarsıntılar aradan qalxdı. Və nəhayət, Azərbaycan Ordusu və cəmiyyəti bir neçə gün əvvəl Ermənistanla dövlət sərhədində yaranan təxribat cəhdinin əzmlə və düşmənə ciddi zərbə vurmaqla bir daha bunu sübuta yetirdi. Və regionun ən güclü ordusu olduğunu təsdiqlədi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyir ki, birinci Qarabağ savaşındakı məğlubiyyətimiz psixologiyamizda çox dərin yaralar açdı. Komitə rəsmisinin sözlərinə görə, millət və dövlət olaraq, özümüzə, ordumuza, əsgərimizə, zabitimizə və generalımıza olan inamımız çox sarsıldı. Hətta bəzən belə fikir yaranırdı ki, əsgər və zabitlər arasında bir inamsızlıq, mənəvi uçurum var, generallarımız isə kabinetdə oturub özlərinə günağlamaqla məşğuldurlar: "Biz son on ildə sanki psixologiyamızadakı, düşüncəmizdəki bu yaraları mərhələ-mərhələ sağaldırıq. Məncə, bunun başlanğıcı Mübariz İbrahimov oldu. O, cəsarəti, qəhrəmanlığı və şəhidlik eşqi ilə düşüncəmizdəki "aciz, cılız əsgər" obrazını "qamətli, cəsur və şəhidliyə susamış əsgər"lə əvəzlədi. Aprel döyüşləri əsgərimizə, zabitimizə olan inamı bir az da gücləndirdi, hətta bizi düşüncəmizdə yeni-yeni cücərən qələbə ruhuna köklədi. Amma düşüncəmizdəki generalımızın obrazı çox da dəyişmdi. Generalımıza əsgərimiz kimi inanmırdıq, əsgərimiz qədər sevmirdik. Ta ki, Tovuz döyüşlərinə qədər. General Polad Həşimov öz şəhidliyi ilə düşüncəmizdəki "kabinet generalı"nı "qorxmaz, mərd, əsgərini sevən, xeyirxah və şəhidliyi şərəf bilən general" obrazı ilə əvəzlədi. Biz artıq generalımıza əsgərimiz kimi inanmağa, əsgərimiz qədər sevməyə başlamışıq". Gündüz İsmayılov qeyd edib ki, Mübariz İbrahimov Azərbaycan əsgərinin simasına çevrildiyi kimi, Polad Həşimov da artıq Azərbaycan generalının simasına çevrilir: "Xalqın generallarına münasibətində dönüş yaranacaq qədər böyük bir hadisəyə şahid olduq. Bizim Tovuz döyüşlərində ən böyük uğurumuz bax budur! Düşmən özü də bilmədən bizim ruhumuzda, psixologiyamızda böyük bir dəyişikliyə təkan vermiş oldu. Əmin olun, Mübarizin nümunəsi cəhbədə, döyüşlərdə necə təkrarlandısa, orduda, cəmiyyətdə necə əks səda doğurdusa, general Polad Həşimov nümunəsi də gələcəkdə cəhbədə, döyüşlərdə o qədər əks-səda doğuracaq. Bəlkə də, qəribə səslənəcək, amma yenə də deyim, general Polad Həşimovun xalq və ordu qarşısında ən böyük xidməti onun şəhidliyidir. Bu elə bir xidmətdir ki, biz onun nəticələrini hələ sonra, neçə illər keçəndən sonra görəcəyik. Mən son 10 ildə işimlə bağlı mütəmadi hərbi hissələrə getmişəm, zabitlərimiz, generallarımızla ünsiyyətim olub. Tam səmimiyyətim və ciddiliyimlə deyirəm, Polad Həşimov kimi ürəyində şəhid olmaq arzusu gəzdirən nə qədər gənc zabit, general görmüşəm. Buna görə, sevinmişəm, qürurlanmışam, amma nə gizlədim həm də yaxşı mənada təəcüblənmişəm ki, bunlar nə zaman yetişdi?! Ona görə də, inanın və əmin olun, bizim Polad kimi generallarımız yenə də var və olacaq da. Biz onları hər dəfə döyüşlərdə tanıyacağıq: ya qəhrəman ya da qəhrəman şəhid kimi. Əsgəri də, generalı da şəhid olmağı gözə alan bir ordu bir gün mütləq qalib olacaq! Şəxsən mənim Qarabağ savaşında ən böyük ümidim və ən böyük güvənim bax budur".
Süleyman
Olaylar.az