Ermənistanda demokratik prinsiplər tamamilə pozulub
21 İyul 2020 12:24 SiyasətÖlkədə siyasi opponentlər təqib olunur, diktatura hökm sürür
İyulun 12-14-də Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Tovuzla sərhəddə təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alan Ordumuz düşmənə öz layiqli yerini göstərdi. İşğalçı Ermənistanın rəhbəriyi hər zaman olduğu kimi qorxaqcasına törətdiyi növbəti cinayətin məsuliyyətini Azərbaycanın üzərinə atmağa çalışsa da beynəlxalq təşkilatlar, dünya ölkələri onların saxtakarlığının, yalançılığının şahidi oldu. Yap Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin beynəlxalq təşkilatların və ölkələrin Azərbaycandakı nümayəndələrini, səfirlərini və hərbi atteşələrini cəbhədəki əsil vəziyyəti yerində görmək tələbindən sonra Ermənistan vahiməyə düşərək yalvarmağa, slüh çağırışlarına başladı: "Çünki təxribatı Ermənistanın törətməsinə dair təkzibolunmaz əsaslı faktlar, videogörüntülər var. Eyni zamanda erməni ordusunda başlayan fərarilik, əmrə tabe olmamaq və ordunun Paşinyanın çirkin siyasi oyunlarının vasitəçisinə çevrildiyi bütün dünyaya məlum olmaqdadır. Hamı gördü ki, Tovuz döyüşlərində erməni zabitləri səngəri qoyub qaçırdılar, digər döyüş nöqtələrindəki ermənilər də vahimə içərisində idilər, Azərbaycan ordusunun öldürücü zərbələrindən onlar da qorxuya düşərək hər an döyüş meydanını qaçmağa hazır idilər. Bu mənzərə Ermənistanın rəhbərliyinin acınacaqlı vəziyyətini aydın şəkildə nümayiş etdirir. Ona görə də Paşinyan və həyat yoldaşı A.Akopyan dərin narahatlıq keçirərək sülh çağırışları üçün əl-ayağa düşüblər. Bunlar, Paşinyanın və A.Akopyanın növbəti hiyləgərliyi, ikiüzlülüyü və erməni xislətinin ifadəsidir. Regionda əmin-amanlıq, erməni əsgərlərinin ölümünü istəmirlərsə Akopyan öz terrorçu və sarsaq ərinə səslənməlidir". Onun sözlərinə görə, artıq Ermənistan cəmiyyəti də hər şeyi olduğu kimi qiymətləndirməyə, Paşinyanın yarıtmaz siyasətinin erməni xalqını məhvə apardığını etiraf etməyə başlayıbdır: "Azərbaycanda Ordumuza izdihamlı hərbi dəstək yürüşlərinin genişlənməsindən təşvişə düşən Ermənistan sakinləri Paşinyana qarşı küçə yürüşləri keçirərək müharibə istəmədiklərini üsyankarlıqla bildirdilər. Erməni anaları öz övladlarını günahsız yerə ölümə göndərmək istəmiklərini, başqa bir dövlətin torpağı uğrunda ölməyə razı olmadıqlarını Paşinyandan tələb edirlər. Bu, ermənilərin həm qorxaqlığını, həm də işğal etdikləri başqa dövlətin torpağı uğrunda ölmək istəmiklərini təsdiqləyən acı həqiqətdir. Azərbaycanın gec-tez bu ərazilərə sahib olacağını etiraf etmələrinin fiziki obrazıdır. Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə Ermənistana xoşluqla işğal olunmuş torpaqlardan çəkilməsini xəbərdar edib. Bəyan edib ki, əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından! Bütün dünya bilir ki, işğalçı kimdir, işğala məruz qalan kim. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir müraciəti bu mövzuda əsil yerinə düşür. "Biz istəyirik ki, torpaqlarımız azad edilsin. Biz istəyirik ki, insanlarımız öz doğma yurdlarına qayıtsın. Biz işğalçı deyilik. Biz işğalçı ilə mübarizə aparan millətik. Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz yoxdur. Biz, sadəcə, öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bu həqiqəti bütün dünya bilir və artıq qəbul etməlidir. Ədalətsiz, işğalçı siyasətin qarşısını almaq üçün bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq". Mehriban xanım bildirir ki, bizim işimiz haqq işidir və Allah bizimlədir! "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik!"
Millət vəkili Rauf Əliyev qeyd edib ki, işğalçı Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatın əsas səbəbi Ermənistanda mövcud olan siyasi və iqtisadi böhrandır. R.Əliyev bildirib ki, xaricdən maliyyələşən, müxtəlif xarici fondlardan əmək haqqı və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən Ermənistanın indiki baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi dəstə iki il bundan əvvəl hakimiyyəti ələ keçirəndən əvvəl də və sonra da Ermənistan cəmiyyətinə çoxlu vədlər vermişdi. Vədlər bütün sahələri əhatə edirdi. Sosial-iqtsadi yüksəlişdən tutmuş demokratik prinsiplərin bərqərar olmasına qədər: "Ancaq bu qüvvələr hakimiyyətə gələndən sonra əksinə, ölkədə sosial-iqtisadi vəziyyət daha da pisləşdi. COVID-19 pandemiyasının təsiri altında sosial-iqtisadi, maliyyə və siyasi böhran daha da dərinləşib. Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın və bu məqsədə çatmaq üçün şüurlu şəkildə bu təxribata əl atıldı. Əldə olunan məlumatlara görə, Ermənistanın sərhəd boyu ərazilərində yaşayan əhali panikaya düşüb, bəzi kəndlər və şəhərlər boşalır. Azərbaycan tərəfində isə tam əksinə, öz qəhrəman ordusuna güvənən vətəndaşlarımız öz torpaqlarında həyat və fəaliyyətlərini əminliklə davam etdirirlər. Bilirlər ki, Azərbaycan dövləti və Azərbaycan Ordusu onları qoruyur və qoruyacaqdır".
Alim
Olaylar.az