Yüksək döyüş əzmi ilə seçilən Azərbaycan gəncliyi
21 İyul 2020 11:48 SiyasətVətənin dar günündə də ön sıralarda yer aldı
Azərbaycanın dövlətçilik tarixində səfərbərlik ənənəsinin xüsusi yeri var. Tarixi mənbələrə əsasən Şimali Azərbaycan tarixində səfərbərlik ilk dəfə Cümhuriyyət dövründə olub. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Tiflisdə elan olunub və daha sonra Gəncəyə köçürülüb. 1918-ci ildə Azərbaycanın İstiqlal Bəyannaməsinin qəbul olunması ilə milli dövlət quruculuğu prosesi geniş vüsət alıb. Həmin dövrdə Şərqdə ilk parlamentin yaradılması, hökumətin formalaşdırılması, dövlət aparatının təşkil edilməsi, ölkənin sərhədlərinin müəyyənləşdirilməsi, milli himnimizin, gerbimizin, bayrağımızın yaradılması, ana dilimizin tətbiq edilməsi, ordu quruculuğu və təhlükəsizliyin müəyyən olunması sahəsində mühüm tədbirlər həyata keçirilib. Cümhuriyyət dövründə milli ordu quruculuğu prosesi geniş vüsət alıb. Ordu quruculuğu və səfərbərlik istiqamətində addımlar atılıb. Bütün sahələrdə olduğu kimi artıq hərbi çağırış və səfərbərliyin də əsası həmin dövrdə qoyulub. Fətəli Xan Xoyskinin əmri ilə bu sahə ilə bağlı qurum yaradılıb. O dövrdə sərhədlərimizin müəyyənləşməsi, dilimizin, bayrağımızın elan olunması, ordu quruculuğu, hərbi xidmət və səfərbərlik sahəsində atılan mühüm addımlar ölkəmizin sonrakı inkişafında böyük rola malik olub. Əsası məhz Xalq Cümhuriyyəti dövründə qoyulan hərbi çağırış və səfərbərlik sistemi də ötən 100 ildə şərəfli yol keçərək bu günümüzə gəlib çatıb. Xalq Cümhuriyyəti dövründə qısa müddətdə vətəndaşların orduya çağırışı, vətənin müdafiəsinə səfərbər olunması istiqamətində müvafiq addımlar atılıb, öz dövrünə görə yüksək döyüş qabiliyyətli nizami hərbi hissələr yaradılıb. Azərbaycan Hökumətinin 1918-ci il 3 iyul tarixli qərarı ilə 19 yaşı tamam olmuş vətəndaşlar hərbi mükəlləfiyyətin yerinə yetirilməsinə cəlb olunmağa başlanıb. Daha sonra 1894-95 illərdə doğulmuş və islam dininə mənsub gənclərin xidmətə çağırılması barədə qərar qəbul edilib. Hökumətin 55 saylı qərarı ilə Yelizavetpol əxzi-əsgər (hərbi çağırış) idarəsi Azərbaycan Əxzi-əsgər idarəsi adlandırılmış və bütün ölkə üzrə çağırış işinin təşkili bu idarədə cəmləşdirilib. Ordu quruculuğu bu gün də uğurla davam etdirilir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, Azərbaycanda milli ordu quruculuğu sahəsində də mühüm proseslər baş verib. 1994-cü ildə atəşkəsin elan olunması ordu quruculuğu ilə bağlı geniş tədbirlərin həyata keçirilməsi üçün vaxt qazandırdı. Azərbaycan mühüm beynəlxalq tərəfdaşlıq platformalarına inteqrasiya etdi. Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü iqtisadiyyata, sürətli inkişafa qadir ölkəmizdə müasir və qüdrətli milli ordu formalaşır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatlar, aparılan ordu quruculuğu ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir. Ermənistan silahlı qüvvələrinin Tovuz istiqaməıtində törətdiyi təxribat səfərbəlik məsələsini yenidən gündəmə gətirib. Belə ki, dövlət başçısının çağırışına cavab olaraq çoxsaylı Azərbaycan gənci erməni quldurlarına qarşı vuruşmaq üçün orduya yazılması davam etməkdədir. Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri davam edir. Qurumdan verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına səs verən 46 mindən çox vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar. Millət vəkili Naqif Həmzəyev qeyd edib ki, Azərbaycan Ordusu işğalçı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribatının qarşısını qətiyyətlə aldı, Ordumuzun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Son 5-6 gündə Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində baş verən hadisələr Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun nələrə qadir olduğunun nümayişi ilə yanaşı milli birliyin, həmrəyliyin, eyni zamanda tarixin bütün dönəmlərində Vətəninə, el-obasına sədaətlə bağlı olan Azərbaycan gənclərinin mübarizliyinin,vətənpərvərliyinin daha bir nümunəsi oldu: "Biz bu günlərdə gəncimizin işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ordumuza dəstək məqsədilə çoxminli yürüşünün, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə hər an silaha sarılmağa hazır olduqlarının şahidi olduq. Gənclərimizin iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlər başçısının çıxışından sonra düşmənə qarşı döyüşlərə qatılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayon bölmələrinə müraciət etmələri də onların haqq-ədalət naminə döyüş əzminin bariz ifadəsi oldu. Ölkənin ictimai həyatın bütün sferalarında fəaliyyəti, yüksək döyüş əzmi ilə seçilən Azərbaycan gəncliyi Vətənin dar günündə də ön sıralarda yer aldı. Qürurverici haldır ki, Azərbaycanın düşmənin məkrli niyyətinə qarşı zəfər yürüşündə gənclərimiz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olduqlarını bir daha nümayiş etdirdilər. Belə ki, milli Ordumuz Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı birləşmələrinin təcavüzkar hücumuna qarşı rəşadətlə döyüşərkən. gənclərimiz sosial şəbəkələrdə dövlətimizə, ordumuza və xalqımıza qarşı çirkin hücuma keçən erməni təbliğat maşınına qarşı mübarizə apardı, Azərbaycan həqiqətlərini geniş beynəlxalq ictimaiyyətə çatdırdılar. Azərbaycan cəmiyyətində hökm sürən vətənpərvərlik ruhunu sarsıtmaq, beynəlxalq ictimaiyyətin rəyini Ermənistanın təcavüzkar mahiyyətindən yayındırmaq məqsədi ilə sosial şəbəkələrdə yalan, məlumatlara, saxta xəbərlərə gənclərimiz tərəfindən sərt mövqe nümayiş etdirildi. Ermənilərin uydurma məlumatlarını dəqiq faktlarla ifşa edən gənclərimizin səyləri nəticəsində bir çox saxta məlumat və çağırışlar internet məkanından çıxarıldı. Gənclərimizin nümunəvi davranışları işğalçı və təcavüzkar Ermənistan hökumətinə, sapı özümüzdən olan "balta"lara - Milli Məclisin binasında vandallıq törədənlərə, asayiş keşikçilərinə qarşı zor tətbiq edənlərə, gənclərin vətənpərvərlik hissləri ilə oyunbazlıq edənlərə tərs sillə oldu. Ölkəmizin gəncləri ilə yanaşı YAP Gəncə şəhər təşkilatının gəncləri də daim Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında istənilən erməni təxribatının anındaca qarşısını alan Ordumuzla bir olduqlarını, torpaqlarımızın hər qarışını qorumağa hazır olduqlarını nümayiş etdirdilər. Gənc YAP fəalları sosial şəbəkələrdə, xüsusilə "Facebook" və "Twitter"də həştəqlərindən istifadə etməklə ölkəmizin dövlət sərhədində Ermənistan tərəfindən törədilmiş təxribatla bağlı həqiqəti əks etdirən informasiyaları dünya ictimiyyətinə çatdırdılar. Gəncə gəncləri də Azərbaycanın minlərlə vətənpərvər övladaları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları kimi həmrəylik nümayiş etdirib, Ali Baş Komandana müraciət ünvanlayaraq Ordumuza dəstək məqsədilə döyüşlərə qatılmalarını xahiş ediblər. Qürurverici haldır ki, dövlət, xalq qarşısında vəzifə və məsuliyyətini yaxşı dərk edən gənclərimiz Ali Baş Komandanın əmri ilə döyüşə getməyə, torpaqlarımızı erməni işğalçılarından azad etməyə onlara əmanət olan torpaqlara göz dikənlərə qarşı mübarizə aparmağa bir nəfər kimi hazırdırlar.
Alim
Olaylar.az