Ermənilər informasiya məkanında da təxribatla məşğuldurlar
20 İyul 2020 15:43 Siyasət"İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya qurğularından istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan və Ermənistan dövlət sərhədinin ordumuzun Tovuz rayonu istiqamətindəki mövqelərini atəşə tutmuşlar. Məlumdur ki,düşmən hücumu zamanı bir neçə şəhid verdik. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə nəticəsində ermənilər geri otuzdurulub, yayılmış videolardan da göründüyü kimi, düşmənin texnikası və çoxlu sayda canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası düşməndən artıqlaması ilə alınıb. Hücumun qarşısını alarkən Azərbaycan Ordusunun gənc hərbi qulluqçuları qəhrəmancasına şəhid olmuşlar. Bu bir daha hər bir Azərbaycan gəncinin vətənin müdafiəsi və tarixi-əzəli torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ən yüksək fədakarlığa hazır olduğunu nümayiş etdirdi. Bütün xalqımız növbəti dəfə Azərbaycan gənci, Azərbaycan əsgəri ilə fəxr etdi, sonsuz dərəcədə qururlanmış oldu". Bunu "Olaylar"a deyən Nəsimi rayonu təhsil işçisi Nihal Hacıyeva bildirilib ki, Ermənistanın bu hücum cəhdi və silahlı təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı: "Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirsə də, digər tərəfdən onun ifadə forması bir sıra narahatlıq doğurdu. İndi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu gün Azərbaycan güclü orduya malikdir və ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir".
Onun sözlərinə görə, bu gün bizi ciddi narahat edən digər bir məsələ Ermənistanın informasiya məkanında törətdiyi təxribatla bağlıdır: "Düşmən tərəfindən azərbaycanlı adı və soyadı ilə yaradılmış yüzlərlə sosial şəbəkə hesablarından dövlətimizə qarşı informasiya müharibəsi aparan, ölkəni xaosa sürükləyən, xalqımızın və ordumuzun döyüşkən ruhuna mənfi təsir etməyə çalışan çağırışların şahidi oluruq. Düşmənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı təşkil olunmuş informasiya müharibəsinə onların daxildəki və xaricdəki uzantıları da fəal dəstək verirlər. Biz bir Azərbaycan vətəndaşı olaraq sosial şəbəkə iştirakçılarını, xaricdə yaşayan soydaşlarımızı, hər bir vətəndaşımızı və bütün ictimai fəalları bu cür təxribatların qarşısını almağa və onları anındaca ifşa etməyə çağırırıq. Biz, düşmənlə müharibə şəraitində olan müdrik xalqımızı, vətəndaşlarımızı təmkinli, səbirli olmağa, təxribatlara uymamağa və belə həssas və ağır zamanda hamını ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırırıq! Əminik ki, tezliklə torpaqlarımız Ali Baş Komandanın əmri, xalqımızın dəstəyi və qəhrəman ordumuzun gücü ilə erməni işğalçılarından azad olunacaqdır! Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!"