“Təxribatlar cavabsız qalmayacaq, düşmən yerində oturmağa məcbur olacaq”
17 İyul 2020 14:13 Siyasət\ "Vətənimiz Azərbaycanın başına əsrlər boyu bir çox olaylar gəlsə də, bu hadisələrin əksəriyyətindən üzü ağ çıxmağı bacarmışıq. Bütün bu hadisələr zamanı isə özümüzə həm dost, həm də düşmən qazanmışıq. Hal-hazırda da düşmənimiz Ermənistanla tez-tez münaqişələr yaşamağa davam edirik. Bununsa əsas səbəbi mənfur qonşularımızın sülh danışıqlarına razı olmaması və ölkələrin ərazi bütövlüyü qaydalarına hörmət etməyərək Azərbaycanın torpaqlarını öz işğalında saxlaması və mümkün olarsa daha çox torpaq əldə etmə istəyidir". Bunu "Olaylar"a deyən Nəsimi rayon gənci Turan İbrahimlinin sözlərinə görə, atəşkəs bağlandıqdan sonra belə hər gün atəşkəsi pozan düşmənlərə hər dəfə layiqli cavab verilmiş və susdurulmuşlar. Bunun ən böyük nümunələrindən biri də "Aprel" hadisələridir. Bu zaman düşmənə layiqi cavab verilmiş və ordumuzun gücü bir daha sübut olunmuşdur: "Amma görünən odur ki, Ermənistan tərəfi bu məğlubiyyətdən də öz dərsini ala bilməmişdir ki, son günlərdə də Tovuz rayonu istiqamətində atəşkəsi pozur, mövqelərimizi ələ keçirməyə çalışır. Azərbaycan ordusu isə öz növbəsində əks-cavab verib və düşmənin çox sayda texnika və canlı qüvvəsini məhv edərək yerində otuzdurub. Biz bunların hamısı yayılmış videolardan da açıq şəkildə görə bilərik. Azərbaycanın beynəlxalq əlaqələrinin daha da güclənməsi, xarici siyasətdə uğurlar qazanması, Cənab Prezident İlham Əliyevin irəli sürdüyü fikirlərin beynəlxalq arenalarda dəstəklənməsi və s. Azərbaycanı istəməyən qüvvələri narahat edir. Eyni zamanda, Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik sessiyasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın əməllərinin ifşa olunması, Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ mövzusunda ədalətli qərarların verilməsi Ermənistan tərəfini pis vəziyyətdə qoyur. Şübhəsiz ki, Ermənistan tərəfi Azərbaycan ordusunun və Azərbaycanın gücünü, qüdrətini görməyə bilməz. Əgər bunları görə-görə bu tip təxribatlar keçirilirsə deməli ortada başqa nəsə də var. Çox güman ki, təxribatların əsas səbəbi beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındırıb fərqli tərəfə yönəltmək, həmçinin Paşinyanın səriştəsiz siyasətini gündəmdən çıxarmaq və ölkə daxilində gərginliyi azaltmaqdır". Onun sözlərinə görə, hal-hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir: "Ola bilsin ki, Paşinyan Azərbaycana qarşı təxribat keçirərək bunların qarşısını ala biləcəyini, müxalifəti tərki silah edəcəyini və hakimiyyətin qarşısındakı təhlükələri aradan qaldıracağını düşünürdü. Amma bu belə olmadı. Ermənistan hakimiyyətinin növbəti uğursuzluğu və bu uğursuzluğu gizləmə cəhdi - yalan məlumatlar paylaşılması, ölənlər barədə məlumat verilməməsi və nəticədə bütün bunların yavaş-yavaş üzə çıxması ictimaiyyətdə ciddi narazılığa səbəb olub. Ölkədə aksiyalar başlayıb və hakimiyyət sosial şəbəkələr üzərindən ciddi tənqid olunur. Azərbaycanda isə bu təxribat eşidildikdən sonra sosial şəbəkələrdə sıravi vətəndaşların toplanaraq cəbhəyə getməsi, hərbi əməliyyatlara başlamaq, silaha sarılmaq kimi çağırışlar səslənməyə başladı. Əlbəttə, bunların hamısı vətənpərvərlik hissindən irəli gəlsə də, unutmamalı olduğumuz bir məqam da var ki, Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil. O zamanlar, nizami ordu olmadığına görə sıravi vətəndaşlar torpaqları qorumaq üçün silaha sarılmağa məcbur idi. İndi isə vahid və nizami bir ordumuz vardır. Xaotik toplaşmalar və təşəbbüslər isə düşməni sevindirə bilər. Bu gün Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazır və qadir güclü bir ordu vardır. Hər dəfə düşmənə layiqli cavab verildiyi kimi də, bu təxribatlar da cavabsız qalmayacaq və düşmən yerində sakit oturmağa məcbur qalacaq"