Birləşmiş Ərəb Əmirlikləri-İsrail yaxınlaşmasını şərtləndirən amillər

"Birləşmiş Ərəb Əmirlikləri son 10 ildə ərəb və İslam dünyasının inkişaf etmiş ölkələri sırasına daxil ola bilmişdir. Bu gün regional, bəzən də qlobal məsələlərin həllində bu ölkə öz sözünü deyə, regionun həyatını dəyişdirə bilən  qərarların qəbul edilməsinə təsir göstərə bilir". Bu fikirləri deyən politoloq Əlimusa İbrahimov qeyd edib ki,  tez-tez  regionda baş verən  münaqişələrin bir tərəfində Birləşmiş Ərəb Əmirliklərinin dayandığının şahidi oluruq: "2016-cı ildə Türkiyədə baş verən məlum hadisələrin rejissorlarından birinin BƏƏ olduğu artıq sübut olunmuş faktdır. Bu günlərdə də Liviyada qeyri qanuni Haftar qüvvələrinin dəstəkləyən ölkələr içində Birləşmiş Ərəb Əmirlikləri öndə gedir. BMT-nin yeritdiyi siyasətin əksinə olaraq bu əmirlik  Misir ilə birlikdə Liviyada öz maraqlarına cavab verən hökumət qurmaq uğrunda ciddi mübarizə aparır. Təbii ki, qeyd etdiyimiz hadisələr  və Yaxın Şərqdə davam etməkdə olan digər münaqişələrdə BƏƏ-nin rolu haqqında danışmaq ayrıca tədqiqatın mövzusudur. Burada isə  mən BƏƏ-İsrail münasibətlərinə toxunmaq istərdim. Çünki bu münasibətlər bəzən BƏƏ-nin xarici siyasətinin əsas leytmotivini təşkil edir". Onun spözlərinə görə, dərin geostrateji, ticari və təhlükəsizlik əlaqələri ilə yanaşı İsraillə Abu Dabi arasında davamlı ideoloji münasibətlər mövcuddr: "Əmirlik kimi İsrail də  İslam Qardaşlığı təşkilatın ilə uzun müddət mübarizə aparmış və bu islamçı təşkilatı ciddi təhlükəsizlik məsələsi hesab etmişdir. Lakin İslam Qardaşlığı təşkilatı bu iki ölkəni əməkdaşlığa məcbur edən istiqamətlərdən biridir. Bu kimi digər təhlükəsizlik məsələlərinə qarşı birgə mübarizə aparmaq üçün hər iki dövlət uzun müddət vasitəçilərin köməyi ilə danışıqlar aparmışlar. Nəhayət, Birləşmiş Millətlər Təşkilatının 2012-ci ildə keçirilən Baş Assembleyasında Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri Abdullah bin Zayed İsrailin Baş Naziri Benyamin Netanyahu ilə görüşür. Görüş zamanı iki ölkəni narahat edən digər məsələ - İranın regionda getdikcə daha çox nüfuz qazanması idi. Haşiyə çıxaraq qeyd etmək istərdim ki, bu məsələlər təkcə BƏƏ-İsrail deyil, Səudiyyə- İsrail yaxınlaşmasının da mərkəzində duran məsələlərdir. İsrail İranın Ərəb monarxları və Körfəzin neft ölkələri üçün nə qədər təhlükəli olduğunu bilir və bundan da məharətlə istifadə edir. Yəhudi dövləti regionda baş verən və onun istədiyi istiqamətdə getməyən istənilən hadisəni İranla əlaqələndirə və bu hadisəni müvafiq axara yönəltmək üçün ərəb ölkələrini səfərbər etmək bacarığına malikdir. Ərəb dövlətləri də öz növbəsində Amerika Birləşmiş Ştatlarının marağının getdikcə zəifləməsi fonunda İranla təkbaşına bacarmaq iqtidarında olmadıqlarını başa düşür və İsraillə həvəslə əmkdaşlığa gedirlər.Türkiyənin regionda artan rolu və nüfuzundan narahat olan İsrail bu sahədə də Körfəzin pullu ərəblərinin köməyindən yararlanır. Mütəmadi olaraq BƏƏ ilə İsrail rəhbərləri Türkiyənin İraq və Suriyada əməliyyatlarına qarşı bəyanatlar səsləndirirlər. Liviyadakı son hadisələr Türkiyəyə qarşı BƏƏ-İsrail düşmənçiliyinin bariz nümunəsidir. Onlar Türkiyənin fəaliyyətləriniə mane olmaq üçün BMT-nin tanımadığı qiyamçı general Haftarı dəstəkləməkdən belə çəkinmirlər. Onlar Liviya məsələsində Misirin oyuncaq hökumətini də tərəflərinə çəkə biliblər və ondan məharətlə istifadə edirlər. Misirdə qiyam yolu ilə hakimiyyəti ələ keçirən General Sisi də özünə uyğun Haftarı Liviyada hakimiyyət başına gətirmək üçün var qüvvəsini sərf edir". Politoloq əlavə edib ki, bu gün geostrateji tədqiqat materiallarında  beynəlxalq arenaya yeni qüvvələrin çıxa biləcəyi haqqında məlumatlar getdikcə daha çox əksini tapır: "Yaranmaqda olan yeni düzənə daha tez uyğunlaşa bilən ölkələr yaxın gələcəkdə öz sözlərini demək imkanına malik olacaqlar.  Eyni zamanda bu da aydındır ki, yaxın gələcəkdə dünyanı köhnə qaydada -  amerikasayağı və güc metaodları ilə idarə etmək mümkün olmayacaq. İnsan haqlarına hörmət, böyük və kiçikliyindən asılı ölmayara bütün dövlətlərə eyni münasibət təməl prinsiplərə çevrilməkdədir".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31