Vaşinqtonda Azərbaycana dəstək aksiyası - FOTOLAR - VİDEO
17 İyul 2020 11:06 SiyasətDünən ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerli vaxtla saat 02.00-da Tovuzda baş vermiş erməni təxribatına qarşı etiraz aksiyası keçirilib. Vaşinqton Azərbaycan icmasının təşkilatçılığı ilə Ermənistanın ABŞ-dakı səfirliyinin önündə baş tutan aksiyada Vaşinqton ətrafında yaşayan güneyli və quzeyli soydaşlarımız, həmçinin Türkiyə türkləri iştirak edib.
ABŞ-da yaşayan soydaşımız Zaur Bayramlının verdiyi məlumata görə, təxminən 150 nəfərin iştirakı ilə keçirilən aksiyada Ermənistanın Azərbaycana təcazüvünə etiraz edilib. Aksiyada döyüşlərdə şəhid olmuş hərbçilərimiz hörmətlə yad edilib. Nümayişdə Ermənistanın təcavüzkar siyasəti pislənilib, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması haqqında çıxarılmış qətnamələri xatırladılıb.
Aksiyadan sonra soydaşlarımız Azərbaycan bayraqları ilə bəzədilmiş avtomobil karvanları ilə və piyada Vaşintoqn küçələrində yürüş keçiriblər. Azərbaycan səfirliyinə qədər yürüş edən soydaşlarımızı polis maşınları müşayiət edib. Aksiyaçıları Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qarşılayıb. Soydaşlarımız səfirliyə dəvət olunub. Səfir çay süfrəsi arxasında soydaşlarımıza son durumla bağlı məlumat verib.
Məlumata görə, Vaşinqtonda yaşayan ermənilər aksiyadan təşvişə düşüb. Onlar bu bazar Azərbaycan səfirliyinin qarşısına aksiya keçirəcəklərini bildiriblər. Z.Bayramlı deyib ki, soydaşlarımız həmin gün Azərbaycan səfirliyinin qarşısına toplaşacaq.



