Ermənistanı savaş təxribatına getməyə nə vadar elədi? Təhlil

İşğalçı ölkədə əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır

Azərbaycan istər iqtisadi göstəricilərinə görə, istər silahlı qüvvələrinin gücünə görə, istərsə də diplomatik uğurlarına görə Ermənistanı dəfələrlə üstələyir. Belə bir vaxtda Ermənistanın cəbhə xəttində təxribata getməsi maraq doğurur. Rəsmi İrəvan anlayır ki, heç bir halda yeni bir savaş onun maraqlarına cavab verməyəcək. Müharibə başlayarsa, Ermənistanın ağır məğlubiyyətə uğrayacağı bir aksiomadır. Odur ki, indi hər kəsi belə bir sual düşündürür: İrəvanı özünü çox çətin duruma salacaq təxribata getməyə nə vadar etdi?  Nəsimi rayon təhsil işçisi Mehriban İbrahimova qeyd edib ki, aydın məsələdir ki, burada əsas məqsəd Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirmək olub. Lakin Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib: "Onu da qeyd edək ki, Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb. Yəni, Ermənistan təxribata əl atıb və Azərbaycan tərəfi Ermənistanın təxribatlarına qətiyyətli cavab verib. Ermənistanın siyasi rəhbərliyi anlayır ki, yeni müharibəyə tab gətirə bilməz. İrəvanın Bakı qarşısında bütün müstəvilərdə zəifliyi göz önündədir. Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir. Koronavirus pandemiyası dövründə Ermənistanın yeni müharibəyə başlamaq təxribatı əslində bütün dünyadakı nizama mənfi təsir göstərir. Məlumdur ki, koronavirus pandemiyası başlayandan dünyadakı bir çox hərbi münaqişələr dondurulub. Belə bir zamanda Ermənistanın savaş təxribatı olduqca pis nümunə kimi qəbul ediləcək. Pandemiya dövründə müharibə dünyanı koronavirusa təslim etmək cəhdi kimi də dəyərləndirilə bilər. Bu vəziyyətdə beynəlxalq ictimaiyyət Ermənistana qarşı kəskin qınaq mövqeyi tutmalıdır. Çünki Ermənistan bütün humanizm prinsiplərini tapdalayaraq, ağır pandemiya dövründə belə təcavüzkar niyyətindən əl çəkmir". Onun sözlərinə görə,  Ermənistan onsuz da iqtisadi və siyasi baxımdan ağır vəziyyətdə idi, pandemiya dövründə müharibəyə başlayacağını nümayiş etdirməklə isə diplomatik durumunu daha da ağırlaşdırmış oldu. Bütün bunları öncədən proqnozlaşdırmaq mümkün idi: "Belə olan təqdirdə Ermənistanı savaş təxribatına getməyə nə vadar elədi?  Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyi az ehtimal olunur. Paşinyan ölkə daxilində müxalifətin təzyiqləri ilə üzləşib. Paşinyan hakimiyyətə gələn ərəfədə vəd etdiyi hər hansı islahatı və ya işi məntiqi sonluğa çatdıra bilmir. Bu, onun bacarıqsızlığından, qeyri-peşəkarlığından xəbər verir. Paşinyan heç bir sahədə dərin islahatlar apara, heç bir sahəni normal idarə edə bilmir. Yerli və xarici analitiklər iddia edirlər ki, bu gün bütün dövlət idarəetmə sistemi xaosa sürüklənir. N. Paşinyanın atdığı addımların hansısa keyfiyyət dəyişikliyinə gətirib çıxaracağı inandırıcı deyil. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Lakin Ermənistanda mövcud iqtidardan narazılıq o həddə çatıb ki, erməni cəmiyyətini birləşdirmək imkansız görünür. Baş Nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür. Bir sözlə, Paşinyanın və onun komandasının uğursuzluğu hər gün artır. Paşinyan bütün problemləri koronavirusla əlaqələndirməyə çalışır, lakin müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini önə çıxarır. Bu səbəbdən də Paşinyan "yeni savaş təxribatı"na əl atır. Lakin Azərbaycan Ordusunun verdiyi sərt və adekvat cavab onun durumunu daha da ağırlaşdırır".

Nəsimi rayon təhsil işçisi Valeh Qasımov qeyd edib ki, bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ermənistanın təcrübəsiz populist baş naziri Nikol Paşinyan faktiki ölkədə diktatura qurmuşdur: "Koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması Paşinyan hakimiyyətini mürəkkəb duruma salıb. Paşinyan hakimiyyəti itirməkdən qorxur, yeganə məqsədi hansı vasitə ilə olur-olsun hakimiyyətini qorumaqdadır. Azərbaycanın dünyada nüfuzunun günü-gündən daha da artması, beynəlxalq mövqelərin güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada  əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasını xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı, xarici ermənipərəs dairələri ciddi narahat edir. Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi İrəvan  üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Ermənistan-Azərbaycan münaqişəsinə  cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal təcavüzünün məsuliyyətindən boyun qaçırmağa çalışır. Növbəti dəfə uğursuqluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi, Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər. Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatına sərt formada cavab verilir və veriləcəkdir. Azərbaycan bu gün güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır.Ermənilərin təxribatına cavab olaraq, şəhidlərimizin qanı yerdə qalmasın deyə, Azərbaycan ordusu qisas əməliyyatı keçirdi. Ermənistan ordusunun dayaq nöqtələri darmadağın edildi".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31