Azərbaycan 90-cı illərin əvvəlindəki ölkə deyil

Sahib Alıyev: "İndi güclü dövlətimiz, bizdən də qat-qat böyük ölkələrin rəhbərlərini gölgədə qoyan dövlət başçımız var"

"On minlərlə soydaşımızın şəhidlərimizə sayğı, ordumuza dəstək, milli birlik aksiyasını bir dəstə təxribatçının "Allahu-Əkbər" sədaları altında dövlətə qarşı yönəltmək cəhdləri, jurnalistlərə basqıları, polis maşınını çevirmələri, parlamentin binasına soxularaq orada etdikləri vəhşiliklər cəzasız qalmamalıdır və qalmayacaq". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, bu gün ordumuz cəbhədə düşmənlərlə, düşmənlə yox, məhz düşmənlərlə ölüm-dirim savaşı apardığı, başlarına od yağdırdığı, hayların tək ön xətdə deyil, hətta strateji dərinlikdəki hərbi obyektlərini belə nöqtə zərbələriylə çox peşəkarlıqla sıradan çıxardığı bir vaxtda, bütün bunları təşkil edən dövlətimizi iflic vəziyyətə salmaq cəhdinin adı nə ola bilər: "Açıq-aydın görünür ki, bu unsürlərdən faydalanmaqla yenidən, məhz mərkəzdə, paytaxtda dövlətimizə, ölkəmizə, xalqımıza qarşı ikinci cəbhə açmaq istəyənlər var. Biz cəmiyyət olaraq anlamalıyıq ki, bunun qarşısını almağın ən təsirli yolu ictimai qınaqdır. Ona görə də dünənki təxribatçılara, onları buna həvəsləndirənlərə və dəstəkçilərinə qarşı açıq mövqe ortaya qoymaqdan çəkinməməliyik. Fərqində olanlar, ötən əsrin 90-cı illərində baş verən rüsvayçılıqları, rayonlarımızın bir-bir düşmənə necə təslim edildiyini öz gözləriylə görənlər bilirlər ki, bu gün dövlətimizə qarşı təxribat törətməyə qalxanlar əslində düşməndən daha böyük nifrətə haqq edirlər. Şeytana qarşı ən təsirli vasitə onu tanıdığını bildirib lənətləmək olduğu kimi, belələrinə də eyni yanaşma keçərlidir. Onları tandığımızı bildirməli, kimliklərini göstərməli və nifrətimizi dilə gətirməliyik! Bu gün cəhbədə savaşan oğullarımızın yanında olduğumuzu göstərmənin və düşmən üzərində elliklə qələbənin ən effektli yolu məhz budur".

Deputat qeyd edib ki, aksiya kortəbii olsa da, karantin reyimi pozularaq keçirilsə də və yoluxmaların sayının artmasına aparıb çıxarsa da, haylar da, havadarları da, dünya da Azərbaycan xalqının bir daha qələbə əzmini gördü və gördü ki, kimsə bu xalqa torpaqlarının işğal altında qalmasını həzm etdirə bilməyəcək: "O ki qaldı təxribatçılara, onlar özləri anlamasa da, arxalarında duranlar gözəl bilirlər ki, bu ölkə 90-cı illərin əvvəlindəki Azərbaycan deyil. İndi güclü dövlətimiz, təcrübə, intellekt, qətiyyət, cəsarət, liderlik keyfiyyəti baxımından bizdən də qat-qat böyük ölkələrin rəhbərlərini gölgədə qoyan dövlət başçımız var! Ona görə də eyni ünsürlərdən faydalanmaq və eyni hərəkətləri təkrarlamaqla ötən əsrin sonlarındakı nəticəni əldə edəcəklərinə özləri də əmin deyil. Sadəcə, bu yolla müəyyən yoxlamalar aparırdılar və xalqın dövlətlə birlik, qəlbə əzmi sərgilənən aksiyasını təxribatçı ünsürlərin yardımıyla yanılış bir şəkildə göstərməyə çalışdılar. Medialarını, aramızda onlara işləyənlərin sosial şəbəkədəki paylaşmalarını izlədikdə də bunu görməmək mümükün deyil. Ona görə də bir daha vurğulayıram, bu gün hər birimiz cəbhədə savaşan hərçiçilərimiz kimi qətiyyətli, prinsipial, ayıq, düşmənlərə və onların əlaltılarına qarşı barışmaz olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31