Kütləvi aksiyalar koronavirusun yayılmasına şərait yaradır
16 İyul 2020 16:17 SiyasətVətəndaşlar məsuliyyətli davranışları ilə virusa qarşı mübarizəyə töhvə vermiş olarlar
İyul ayının 14-dən 15-nə keçən gecə, paytaxtın bəzi sakinləri, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən hərbi əməliyyatlara dəstək və respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini anmaq məqsədilə Şəhidlər Xiyabanı qarşısında toplaşıblar. Sonradan həmin yerə gələn bir qrup şəxs vətəndaşlar arasında çaşqınlıq yaratmağa, ictimai qaydanı pozmağa cəhd edib, asayişi mühafizə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmayıb, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstəriblər. Lakin buna baxmayaraq, gənc vətənpərvər insanların Azərbaycan Ordusuna, Ali Baş Komandana dəstək yürüşü ordu-xalq birliyinin bariz ifadəsi kimi dəyərləndirilir. Birmənalı şəkildə qeyd etmək olar ki, gənclərimizdə müşahidə olunan bu coşqu, bu Vətən sevgisi cəbhə xəttində olan əsgərlərimiz üçün ilham mənbəyi rolunu oynayır. Nəzərə almaq lazımdır ki, koronavirus (COVİD-19) pandemiyasının geniş yayıldığı bir məqamda heç bir xəstəlikdən, ölümdən çəkinməyən gənclərin hətta tibbi maska taxmadan belə küçələrə axışması erməni quldur dəstəsinə Azərbaycanın gücünü və qətiyyətini nümayiş etdirdi.
Bununla belə qeyd edilməlidir ki, COVİD-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda aksiyaların keçirilməsi, minlərlə insnaın bu aksiyalara qoşulması virusun daha geniş yayılması və insnların həyatını təhlükə qarşısına qoyması üçün əlverişli şərait yaradır. İyulun 14-də keçirilən aksiyada distansiyanın gözlənməməsi, maskalardan istifadə olunmaması, insnlar arasında sıx təmaslar adi hal olduğundan yoluxma hallarının artmayacağına heç kim qarantiya verə bilməz. Etiraf edilməlidir ki, vətəndaşların kütləvi şəkildə həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayım sürətini daha da artırır. Mütəxəssislərin qənaətinə görə, bir müddət sonra biz bu kütləviliyin acı nəticələrini görəcəyik və yaşayacağıq. Böyük ehtimal ki, yoluxma dinamikasında artım müşahidə olunacaq. İnsanların kütləvi şəkildə dəfn mərasimlərinsə iştirakı və həmin yerlərdə hərbçilərlə zabitləri ilə sıx təmasları ordu üçün də ciddi təhlükə yaradır. Xatırladaq ki, dünyanı cənginə almış koronavirus pandemiyasının su və hava vasitəsilə insandan insana keçməsi elmi təsdiqini tapıb. Bu virus, insandan insana, nəfəs vasitəsilə bədənə daxil olan virusları ehtiva edən hava damlaları ilə ötürülür. Xəstəliyin heç bir simptom olmadan insandan insana keçə biləcəyi barədə araşdırmalar mövcuddur, məsələn, Almaniyada ilk yoluxma baş verib. Bu kimi simptomlar olmadan ötürülmə hallarının nə qədər epidemiya yayılması bilinmir, əgər oynadığı rol böyük olarsa, epidemiyanı idarə etməyi çətinləşdirir. Odur ki, insanlar gigiyenik qaydalara riayət etməklə yanaşı, sosial izolyasiya qaydalarına əməl etməlidirlər.
Millət vəkili Musa Quliyev qeyd edib ki, ordumuza dəstək nümayişini də xoş niyyətli vətənpərvər aksiya hesab edirəm. Aksiya iştirakçılarının səsləndirdikləri Qarabağla, Milli Ordumuzla bağlı şüarlar, Ali Baş Komandana dəstək çağırışları, əlbəttə, səmimi idi və xoş niyyət daşıyırdı: "Çox təəssüf ki, təxribatsız ötüşmədi, 5- ci kalon yenə də fürsətdən istifadə edə bildi, öz xain və çirkin əməlindən qalmadı. Bir qrup təxribatçı və onlara uyanlar Milli Məclisin binasına basqın etdilər, mühafizəçilərə xəsarət yetirdilər, binanın içərisinə daxil olub dağıntı törətdilər. Bu adamların həmin anda ağılları başlarında idimi, yoxsa onlar nəyinsə və ya kiminsə təsiri altında idilər? Bu sualın cavabını istintaq təbii ki, araşdıracaq və xalqa məlumat verəcək. Amma bu təxribat bir daha göstərdi ki, biz düşmənlə yalnız səngərdə döyüşmürük, düşmən hər yerdədir, sosial şəbəkələrdə xaricdən gələn çağırışlar da düşmən səsidir, xoş niyyətli nümayişi təxribatçı sonluğa yönəldən də, gərəksiz şüarlar qışqırıb milli mübarizəmizə başqa yön vermək istəyənlər də! Müharibə içindəyik, gərək içimizdə düşmən olmasın. Başqa bir vacib nüansı da unutmamalıyıq, koronavirus pandemiyası davam edir, karantin götürülməyib, bu şəraitdə kütləvi şəkildə bir yerə toplaşmağımız əlavə bəlalar gətirə bilər". Onun bildirdiyinə görə, sanksiyalaşdırılmamış heç bir nümayiş, mitinq çağırışı olmamalıdır: " Cəbhə ilə bağlı bütün informasiyalar yalnız rəsmi mənbələrə əsaslanmalıdır. Nə etsək yalnız qanun daxilində olmalıdır, hər davranışımız qanun çərçivəsində olmalıdır. Bir məqsədimiz var: Vətənin bütövlüyünün təmin olunması! Bunun üçün birlik, birlik, yenə də birlik lazımdır. Birlik bizi birləşdirən yeganə dəyər - müstəqil Azərbaycan dövləti naminə və onun ətrafında olmalıdır. Birliyimizin rəmzi və qarantı Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevdir! Hamımız onun ətrafında və onun əmrində olmalıyıq. Birliyimiz müqəddəs Azərbaycan torpağının naminə, uca bayrağımızın kölgəsində olmalıdır. O torpağın ki, şəhidlərimizi əmanət verdik, o bayrağın ki, şəhidlərimizin bizə əmanətidir".
Bir daha xatırladaq ki, yeli və beynəlxalq mütəxəssislər hesab edirlər ki, insanların kütləvi şəkildə toplaşması, kütləvi tədbirlərin keçirilməsi koronavirus pandemiyasının yayılmasının artmasına şərait yaradır. Elə bu səbədən də ölkədə koronavirusa qarşı mübarizə məqsədilə yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərara görə, kütləviliyi ilə müşahidə olunan yas və toy mərasimlərinin keçirilməsi məhdudlaşdırılıb. Paralel olaraq açıq havada idman yarışlarının keçirilməsinə, turist səfərlərinə, hətta vətəndaşların regionlara gedişinə qadağa qoyulub. Nəzərə almaq lazımdır ki, dövlət qurumlarının, müvafiq təşkilatların gördükləri tədbirlərlə yanaşı, insanların özlərinin də koronavirusla mübarizə üçün bir sıra qaydalara riayət etmələri mütləqdir. Bu qaydaların ən vaciblərindən biri məhz insanların sosial məsafəni gözləmələrindən ibarətdir. Ümumilikdə insanlar koronavirusa yoluxmamaq üçün kütləvi aksiyalardan, ziyarətlərdən, dəfn mərasimlərində iştirakdan çəkinməlidir. Vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də milli ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə mühüm töhfələrini vermiş olacaqlar.
Alim
Olaylar.az