Ermənistan məqsədli şəkildə təxribata əl atır- MÖVQE
16 İyul 2020 13:53 Siyasət"Ermənistan siyasi rəhbərliyi məqsədli şəkildə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Ermənistanın bu təxribata əl atmasının səbəbi və məqsədləri açıq və aydın görünür."
Bunu Olaylar.az -a açıqlamasında "QHT.az" saytının baş redaktoru, İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə vurğulayır ki, bu regiondakı və Ermənistanın daxilindəki vəziyyət Paşinyanın sonunun çatdığına işarədir:
"Birincisi, regional vəziyyət onu göstərir ki, Azərbaycanın beynəlxalq mövqeləri güclənir. Azərbaycanın rəhbərliyi ilə Beynəlxalq Zirvə toplantıları keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilib. Son illər Azərbaycanın başçılığı ilə beynəlxalq səviyyədə onlarla tədbirlər keçirilib. Prezident İlham Əliyevin fəaliyyəti ölkə hüdudlarını aşır və beynəlxalq miqyası əhatə edir. Bu fəaliyyətlər erməniləri və Azərbaycanı istəməyən xarici qüvvələri çox narahat edir.
İkincisi məqam ondan ibarədir ki, bu gün ErmənistandaPaşinyana qarşı etimadsızlıq yaranmaqda və sürətlə inkişaf etməkdədir. Meydanlarda ermənilərə verdiyi vədləri, baş nazir kimi yerinə yetirmək bacarığında olmayan Paşinyan gündəmi dəyişmək üçün müxtəlif addımlar atmaq məcburiyyətində qalıb.
Ermənistanda hökm sürən sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Ermənistanın hazırkı rəhbərliyini pis vəziyyətə salıb.
Belə şəraitdə özünü bir qədər də ağıllı göstərmək istəyən Paşinyan təxribatı Ermənistan- Azərbaycan sərhədində törətmək yolunu keçdi. Bu təxribatı Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində törətsəydi, Azərbaycan düşmənə layiqli cavab verməklə yanaşı, çox böyük ehtimalla əks hücuma keçərək, bəzi əraziləri düşməndən azad edə bilərdi. Beləcə Aprel döyüşlərinin təkrarlanma şansı var idi.
Bu səbəbdən sərhəd zonası olduğu üçün Azərbaycan əks hücum ilə yenə məntəqələr ələ keçirməyəcəkdi.
Paşinyanın bu təxribatdan əsas gözləntiləri biri də, ilk növbədə daxili auditoriya sakitləşdirmək idi. Ermənistan eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da bu təxribata çəkmək arzusunda idi."
"QHT.az" saytının baş redaktoru qeyd edir ki, Azərbaycan Ordusu sərhəd məqamını nəzərə alaraq, əks hücum taktikası deyil, əks-tədbirlər taktikasını seçdi: "İlk növbədə təxribatın qarşısı alınmaqla, Ermənistanadağıdıcı zərbələr də vurmaq olar. Belə də oldu. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbələrendirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
Beləliklə Azərbaycan təxribata uymamaqla, eyni zamanda düşmənə yerindən dağıdıcı zərbələr endirdi. Eyni zamanda Azərbaycan tərəfi çəkinmədən vəziyyəti araşdırmaq üçün beynəlxalq qurumlara müraciət etdi.
Prezident, Ali Baş Komandanın tapşırığı əsasında Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, attaşelər toplandılarvə onlara da təfərrüatlı məlumat verildi.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da gözləntiləri özünü doğrultmadı. Əksinə Ukrayna Xarici İşlər Nazirliyi vəziyyətin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həllinin tərəfdar çıxdığını bəyan etdi.
Türkiyə tərəfindən Azərbaycana gözlənildiyi kimi böyük siyasi dəstək gəldi.
Çox təəssüf ki, bu döyüşlərdə Azərbaycanın 4 qeyrətli oğlu şəhid oldu və bir neçə hərbi qulluqçumuz yaralanmışdır."
Ölkə vətəndaşlarının da hazırkı şəraitdə dövlətin və ordunun yanında sıx birləşdiyini qeyd edən Cəsarət Hüseynzadə bildirir ki, müxtəlif formada öz köməklərini təklif edirlər: "Lakin hazırda 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə strukturlu hərbi birləşmələrdən ibarədir.
Təəssüf olsun ki, bəzi müxalifət nümayəndələri öz qrup maraqlarında çıxış edərək vəziyyətdən sui istifadə etməyə çalışır və hər hansı qruplara xidmət edən bəzi şəxslər də sosial şəbəkələr üzərindən ölkəmizə qarşı təbliğat aparmağa çalışırlar. Hesab edirəm müvafiq qurumlar bu tip halları ciddi araşdırmalı və müvafiq ölçülər götürməlidir.
Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir."
Ay An
Olaylar.az