Ölkədə xaos yaratmaq cəhdi milli birliyə xələl gətirmək niyyəti güdür

İlham Əliyev: "Biz "Beşinci kolon"la bu işi bitirməliyik, belə davam edə bilməz"

Bu gün Azərbaycan Ordusu mətanətlə, vüqarla Ermənistanın başlatdığı hərbi təxribatlara amansızcasına cavab verir, əsgərindən tutmuş generalına qədər hər kəs ön cəbhədədir. Döyüş zamanı müdafiənin ön xəttində olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun qəhrəmancasına şəhid olması generallarla əsgərlərin bir çərgədə, ön sırada düşmənə qarşı vuruşduğunu bir daha təsdiq edir. Lakin belə bir anda ölkə ictimaiyyətinin rüh yüksəkliyindən sui-istifadə edərək təxribat törədənlərə vətən xainindən başqa ad vermək qeyri-mümkündür. İnsanların, xüsusən gənclərin vətənpərvərlik hissindən coşan emosiyalarından öz məkirli niyyətləri üçün yararlanmağa çalışanlara bundan artıq qiymət vermək sadəlövlük olardı. Artıq xarici havadarlarının diqtəsilə fəaliyyət göstərən daxili düşmələrdən yaxa qurtarmaq zamanı yetişib. Elə Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, "Biz "Beşinci kolon"la bu işi bitirməliyik, belə davam edə bilməz".  Dövlət başçısı həmçinin qeyd edib ki, dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır: "Yadınıza salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı, öz hiddətini ifadə edirdi. Ancaq nəticə etibarilə nə oldu? Torpaqlar əldən getdi. İndi mitinq vaxtıdırmı? Biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır. Mən demişəm, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər. Əgər orada cinayət tərkibi varsa, onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Döyüşlər getdiyi vaxtda onlar ordumuza şər atırlar, yalanlar uydururlar. Deyirlər ki, biz o yeri vermişik, biz oraya getməməliydik, biz buraya getməməliydik. Sən kimsən? Sən bizim ordumuza göstəriş, məsləhət verirsən. Ay başı boş, ay satqın. Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz "Beşinci kolon"la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər".

YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, Azərbaycan  generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir, döyüş tapşırığını yerinə yetirmək üçün əsgərlərlə çiyin-çiyinə vuruşur, öz canını fəda edir. Ermənistan ordusunun generalları isə sıravi əsgərlərin arxasında gizlənərək öz canlarını qorumaqla məşğuldurlar, onların zabitləri döyüş meydanından qaçırlar: "Ermənistan öz təxribatlarının sərt qarşılığını alandan sonra ənənəvi xislətini göstərir, xarici havadarlarından kömək diləyir, Azərbaycanın hərbi həmlələrini dayandırması üçün göz yaşları tökür. Ermənistanın Rusiyadakı səfirinin Lavrova, Zaxarovaya yalvarışları işğalçı ölkənin qorxaq və çirkin simasını göstərir. Eyni zamanda, Ermənistanın güvəndiyi təşkilatın- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təcili iclasının keçirilməsi üçün hay-həşirləri də boşa çıxır, müttəfiqləri də onu dəstəkləmir. Ermənistan beynəlxalq birliyə, xarici dövlətlərə yalvarır ki, Azərbaycanı dayandırsınlar. Ancaq anlamır ki, Azərbaycanın torpaqlarını işğalda saxlayır və illərdir ki, xəbərdarlıqlara məhəl qoymur. Azərbaycam heç vaxt ərazisinin 20 faizinin itirilməsi ilə barışmayacaq. 10 milyonluq Azərbaycan xalqı 2,5 milyonluq Ermənistandan hər bir sahədə qat-qat güclüdür, milli vətənpərvərlik və döyüşkənlik əzmi müqayisəolunmaz dərəcədə yüksəkdir. Azərbaycan illərdir ki, beynəlxalq təşkilatlardan münaqişənin sülh yolu ilə həllini tələb edir, süni danışıqların nəticə vermədiyini anladır və artıq xaqlın və dövlərin səbrinin tükəndiyini, öz ərazilərini işğaldan azad etmək məcburiyyətində qaldığını bəyan edir. Bunu bütün dünya dövlətləri birdəfəlik anlamalıdır. Ali Baş Komandan İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bunu çox açıq və konkret şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, beynəlxalq təşkilatları, ATƏT-in Minsk qrupunu, erməni terrorizminin arxasında dayanan güclərə xəbərdarlıq etdi, bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin daşıdığını anlatdı. Ermənilərin hiyləgərliklə və xəbisliklə hərbi təxribatlar törətməsinin yaxşı nəticələnməyəcəyini bəyan etdi: "Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir".

Onun sözlərinə görə, bu gün BMT öz qəbul etdiyi qətnamələrə əməl olunmadığını görür, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, digər beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlığı ilə bağlı qəbul etdikləri sənədlərə məhəl qoyulmadığının şahididirlər, ATƏT-in Minsk qrupu sülh danışıqlarının heç bir nəticə vermədiyini çox yaxşı anlayır. Belə bir vəziyyətdə Azərbaycanın öz torpaqlarını azad etməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlamasını da artıq yaxşı dərk etməlidirlər: "Dünya dövlətləri ədalətin kimin tərəfində olmasını da yaxşı görür. Bir çox ölkələr Azərbaycanın haqq səsinə səs verir, Ermənistanı qınayırlar. Azərbaycana qardaşlıq borcunu əsirgəməyən Türkiyənin isə bu dar günlərdə bizimlə birgə olması hər birimizi qürurlandırdı, düşmənin canına vəlvələ saldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın əndazəni aşan hərəkətini qəti şəkildə pisləyərək məqsədli bir təxribatın yeni bir münaqişə mənbəyi yaratmaq niyyəti güddüyünü və Ermənistanın bu addımı ilə peşman olacağını xəbərdar etməsi Türk birliyinin gücünü dünyaya nümayiş etdirir. Qardaş ölkənin xarici işlər naziri Mövlud Cavuşoğlu və və müdafiə naziri Hulisi Akar da bütün imkanları ilə Azərbaycanın yanındayıq olmaqda davam edəcəyini bildirməsi qardaşlığın möhtəşəmliyini daha da möhkəmləndirir".

V.Abdullayev bildirib ki, Ermənistan artıq çıxılmaz vəziyyətdədir, bütün cəhdləri iflasa uğrayır. Prezident, Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında bəyan etdiyi kimi Ermənistanın hər dəfə təxribatlarının qarşısı qətiyyətlə alınır və erməni terrorçularına daha ağır adekvat cavab veriləcək. "Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik": "Ali Baş Komandanın bu qətiyyəti və Onun sarsılmaz iradəsi Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunu artırır, düşmənə qarşı mübarizlik rəşadətini gücləndirir, bu şərəfli mübarizədə Prezidentin ətrafında sıx birləməyə səfərbər edir. Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeveanın sosial mediada çıxışı da xalqımızın milli-hərbi mübarizlik gücünə güc qatır. Mehriban xanımın "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik" fikri milli birliyin möhtəşəmliyini möhkəmləndirir. Onun şəhid analarına və atalarına dərin kədər və hörmətini ifadə etməsi Bir Ananın qəlbinin sızıntısıdır, igid və cəsur Azərbaycan oğullarına dərin məhəbbətin ifadəsidir. Mehriban xanım Əliyeva xalqımızın bu çətin gün günlərdə daha sıx birləşməsindən qürur duyaraq Qarabağa gedən zəfər yolunun bizim haqq işimiz olduğunu bildirir: "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir!" Bu gün hamı doğma Vətən Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etməyə çalışır. Təəssüf ki, bəzi insanlar vətənpərvərlik aksiyası adı altında milli birliyə daha da zərər vururlar.  Gecə saatlarına bir qrup gəncin dağınıq və xaotik yürüşü, Milli Məclisin qarşısındakı çıxışları, polis maşınını çevirmələri vahid ideya ətrafında birləşməyə deyil, əksinə milli parçalanmaya və "5-ci kolon"un xaos yaratmaq maraqlarına xidmət edir. Belə küşə yürüşləri daha zərərlidir, Vətənin müdafiəsinə qalxan minlərlə əsil vətənpərvərin mübarizlik ruhuna xələl gətirir, müxtəlif təxribatçı qüvvələrin əlinə fürsət verir. Azərbaycan xalqının bu gün yumruq kimi birləşərək Mübariz ruhda qətiyyətlə düşmənə qarşı daha amansız olduğu və Vətən, Dövlət üçün hər kəs canını fəda etməyə hazır olduğu vaxtlarda belə yaramaz hərəkətlər yolverilməz və bağışlanmazdır. Bu gün hamı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib, Onun əmrini gözləyir. Hər kəs bu gün daha məsuliyyətlə, diqqətlə və mətanətlə, səbrlə dövlətin qərarlarına əməl etməli, ağıl və məntiqlə milli birlik nümayiş etdirməlidir. Əmin olmaq lazımdır ki, Qarabaq ermənilərdən tezliklə azad olunacaq. Zəfər yürüşünə az qalıb".

Alim  

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31