Dövlətə və dövlət başçısına xəyanət- ŞƏRH

XİN rəhbərinin "fəaliyyətinin" bundan başqa adı yoxdur

Görünən odur ki  hələ də ona göstərilən etimadı doğrultmayan, vəzifəsinin öhdəsindən gələ bilməyən və bununla da ümumi işə zərər vuran məmurlarımız var. Baxmayaraq ki, həmin məmurlara yüksək etimad göstərib, onları bu posta, vəzifəyə təyin edən dövlət başçısı dəfələrlə öz çıxışlarında,  keçirdiyi görüşlərdə, müşavirə və toplantılarda məmurlara bu barədə ciddi şəkildə tapşırıq və tövsiyələrini verir, onlara tutulan iradlardan nəticə çıxarıb fəaliyyətlərində dönüş yaratmağı tapşırır, ancaq təəssüflər olsun ki; hələ də bəzi məmurlar ölkənin birinci şəxsinin tapşırıq və tövsiyələrini qulaqardına vurur, ona əməl etmirlər. Məsələnin ən ağrılı tərəfi odur ki, bu kimi məmurlar ölkənin ən ağır günündə belə bu cür neqativ, ümumi maraqlara zidd fəaliyyətlərini davam etdirirlər.  Necə ki, ölkənin mühüm bir sahəsi həvalə edilmiş, tapşırılmış xarici işlər naziri Elmar Məmmədyarov kimi.

Əslində xarici siyasət idarəsi rəhbərinin fəaliyyətsizliyi, ölkənin, dövlətin maraqlarına zidd addımları barədə zaman-zaman mətbuatda; kütləvi informasiya vasitələrində materiallar dərc edilib. Onun xarici siyasət sahəsinə rəhbərlik etdiyi dövrdə üzləşdiyimiz diplomatik uğursuzluqlar sadalanıb,  qeyd edilib. Ancaq hakimiyyət pillələrində təmsil olunan hansısa yüksək çinli məmur XİN rəhbərinə qarşı yönəlik iddiaları, ittihamları zərərsizləşdirə bilib. Lakin son bir neçə ay ərzində dövlət başçısı tərəfindən kadr  siyasəti sahəsində atılan inqilabi addımlar görünür Elmar Məmmədyarovin dayaqlarını sarsıdıb və onun məmur kimi yol verdiyi kobud səhvlər,   hətta milli maraqlara,  dövlətçiliyimizə yönəlik addımları gün işığına çıxıb.

Bir çoxlarımız XİN rəhbərinin yalnız rəhbərlik etdiyi  qurumda açdığı bazardan,  yaxud övladının erməni əsilli qızla ailə həyatı qurması barədə səslənən iddialardan məlumatlı idisə, sən demə xarici siyasət rəhbəri dolayısıyla ermənilərlə də işbirliyinə getmək niyyətində olub. Hər halda Məmmədyarovun işğalçı ölkə ilə koronavirus pandemiyasına qarşı birgə əməkdaşlıq şəklində mübarizə aparmaq niyyəti barədə ortaya çıxan faktlar belə deməyə əsas verir. Məsələ kifayət qədər ciddi xarakter daşıdığından və real faktlara söykəndiyindən artıq dövlət başçısı səviyyəsində də buna kəskin reaksiya bildirilib. Ötən gün Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı Prezident İlham Əliyev bu məsələyə toxunaraq deyib: "Mən demişəm ki, danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz. Sən demə, COVID müzakirə olunur. Yəni, biz COVID-lə bağlı erməni işğalçılara köməklikmi göstərməliyik?!". Dövlət başçısının fikirlərindən aydın olur ki, ölkənin xarici siyasət idarəsinə rəhbərlik edən şəxs dövlət və milli maraqları ayaqlar altına ataraq işğalçılarla əməkdaşlıq etmək niyyətində olub. Elə bu faktın özü də Elmar Məmmədyarovun övladının erməni əsilli qızla ailə həyatı qurması barədə yayılan fikirlər, iddiaların kifayət qədər faktlara əsaslandığı qənaətinə gəlməyə imkan verir.

Xarici siyasət idarəsinin rəhbəri sərgilədiyi bu mövqesizliyi ilə eyni zamanda ölkə prezidentinin Qarabağ problemi ilə bağlı ortaya qoyduğu siyasi iradəyə də qarşı çıxmış olur desək yanılmarıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dövlət başçısı işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi sərsəm fikirlərinə qarşı "Qarabağ Azərbaycandır, nida" deyə cavab verdiyi, beynıəlxalq səviyyədə erməni yalanlarını ifşa edib, bu ölkənin faşizm ideologiyasına xidmət etdiyini sübuta yetirdiyi halda, Xarici İşlər Nazirliyi ölkənin birinci şəxsinin milli və dövlətçilik maraqlarına xidmət edın fikirlərini inkişaf etdirmir, sözün həqiqi mənasında ona dəstək göstərmir. Buna yalnız və yalnız Azərbaycan maraqlarına zidd fəaliyyət, Azərbaycanın uğurları, inkişafını istımıəyən qüvvələrin əlinə oynamaq adı vermək olar. Əgər belə olmasaydı, bütün ölkə əhalisinin bu günlər ayaqda olduğu, hər kəsin təşvişlə Tovuz istiqamətində gedən döyüşləri izlədiyi halda, xarici işlər naziri Elmar Məmmədyarov öz mülkünə çəkilib proseslərı seyrici mövqedən yanaşmazdı. Təsəvvür edin, hətta ölkənin birinci şəxsi bu ağır günlərdə iş başında olub, evə getmıədiyi halda Məmmədyarov günlərlə təmsil etdiyi nazirliyə belə gəlməyib. Məsuliyyətsizlik, bir qədər də kobud səslənsə, qudurğanlıq o həddə olub ki, dəfələrlə hökumət rəhbəri və dövlət rəsmilərinin zənglərinə baxmayaraq XİN rəhbəri nazirliyə gəlməyə lüzum görməyib. Bunu dövlət başçısı Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı açıq şəkildə ifadə edib: ""Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm məsləhətləşirəm, həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edirəm. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Ona görə, bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Ona görə mən bütün bu sualları çılpaqlığı ilə ictimaiyyətə təqdim edirəm. Bu son bir neçə gün ərzində ancaq mənim göstərişlərim əsasında addımlar atılıb. Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de.

Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim".

Bir məmurun, bir nazirin, xüsusilə də ölkənin xarici siyasətinə məsul olan bir şəxsin Azərbaycan üçün ağır günlərdə, hər kəsin ayaqda olduğu ərəfədə sakit həyat tərzinə üstünlük verməsi, prosesləri evindən izləməsinin yalnız və yalnız bir adı ola bilər. Dövlətə və dövlət başçısına xəyanət. Bu xəyanətin bədəlini isə Elmar Məmmədyarov ağır şəkildə ödəməlidir.

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31